İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlayn sifariş edilən məhsul yararsız gələrsə... –Günahkar kimdir?

587 11.10.2022 17:14 Gündəm A A

Hər ötən gün onlayn alış-veriş cərəyanına qoşulan və bəzi problemlərlə qarşılaşan vətəndaşların sayı artmaqdadır. Onların bir çoxu bu problemlərlə qarşılaşdıqları zaman hansı addımları atacaqlarını bilmirlər.

Məsələ ilə bağlı "Norma" hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Babayev Lent.az-a danışdı.

Şamil Babayev xaricdən sifariş edilən məhsullarla bağlı yaşanan problemlərdə vətəndaşların onlayn mağaza sahibləri ilə əlaqə saxlamalı olduqlarını deyir:

"Vətəndaşların onlayn alış-veriş zamanı qarşılaşdıqları problemlər ciddidir. Hazırda biz onlayn alış-verişin qaydalarını müzakirə etməliyik. Vətəndaşların Türkiyədən və digər xarici ölkələrdən etdikləri sifarişlərdə hər hansısa problemlərin olması, məhsulun sınmış və ya əzilmiş vəziyyətdə gətirilməsi zamanı məsuliyyəti satıcı daşıyır. Bu halda məhsul geri qaytarıla bilər."

Hüquqşünas qeyd edib ki, məhsul və məhsulun istehsalı ilə bağlı hansısa problemlər ortaya çıxıbsa, burada məsuliyyət satışı həyata keçirən mağaza sahiblərinin üzərindədir.

"Məhsul hansısa daşınma şirkəti vasitəsilə gətirilərsə, məhsuldakı hər hansısa problemlə bağlı məsuliyyət həmin şirkətə aid deyil. Çünki, daşımanı həyata keçirən şirkət məhsul istehsal etmir, o, sadəcə daşıma işini həyata keçirir. Burada əsas məsuliyyət məhsulun istehsalı və satışı ilə məşğul olan şirkət və ya şəxslərdədir." - deyə o, əlavə edib.

Hüquqşünas Şamil Babayevin sözlərinə görə, daşıma şirkəti məhsulla bağlı o zaman məsuliyyət daşıyır ki, həmin məhsulla bağlı yaranmış problem daşıma prosesi zamanı ortaya çıxsın:

"Eyni zamanda daşıma prosesi zamanı hər hansısa problem yaşanarsa, bu zaman məsuliyyət daşıma şirkətinin üzərində olur. Əgər vətəndaşların xaricdən sifariş etdikləri hər hansısa məhsulla bağlı problemləri olarsa, bu zaman onlar xaricdəki dükan sahibləri ilə, satış işini həyata keçirən şəxslərlə əlaqə saxlayıb, problemin aradan qaldırılmasına çalışmalıdırlar. Problem həll olunmasa, vətəndaşlar həmin şirkət və ya şəxsləri məhkəməyə verə bilər."

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR