İnsanlara hürriyət, millətlərə istiqlal!

ÖMƏR MUXTARIN VƏTƏNİ

6391 08.03.2011 09:09 Yazarlar A A

Çox az adam tapılar ki, baş rolunu (Ömər Muxtar obrazını) məşhur Hollivud ulduzu Entoni Kuinin oynadığı Ömər Muxtar filminə baxmasın. Yeri gəlmişkən, bu filmin sponsoru indi öz xalqının qanını tökən Qəzzafi olub. Filmdə “Səhra aslanı” Ömər Muxtarın İtaliya ordusuna qarşı qəhrəmancasına savaşı və əsir düşdükdən sonra edam olunana qədər əqidəli bir müsəlman kimi özünü aparması, ölümün gözünə düz baxması anları qabarıq şəkildə təqdim olunur.

Ancaq Ömər Muxtar sadəcə bir film obrazı, rejissorun qəhrəman tapıntısı deyil, olduğu qədərindən az təqdim olunmuş həqiqi bir xalq qəhrəmanıdır. 2011-ci ildə əllərində qumbaratanlar,  Kalaşnikov avtomatları Qəzzafi əsgərləri ilə döyüşən liviyalılar italyanlarla savaşan Ömər Muxtar döyüşçülərinin nəvələridir. Dünya çox da dəyişməyib. Və bir də nədənsə Ömər Muxtarı xatırlayanda Qəzzafinin tezliklə məğlub olacağına, bu savaşın xalqın qələbəsi ilə yekunlaşacağına inam artır.

Ömər Muxtar 1862-ci ildə, Liviyanın Dəfnə bölgəsində, Bətnan qəsəbəsində dünyaya gəlib. Munafiyə qəbiləsindən olan atasının adı Muxtar, anasının adı Aişə olub. Ömərin ilk müəllimi də elə öz atası olub. Ancaq daha sonra Cağdub İslam elm mərkəzinə gedərək qardaşı ilə birlikdə 8 ilə yaxın müddətdə yüksək İslam təhsili alıb. Bundan sonra bir müddət bölgələrdə ruhani rəhbər – Şeyx vəzifəsində çalışıb, Kasur bölgəsinin imamı seçilib. Eyni zamanda o vaxtlar Şimali Afrikada geniş yayılmış, müstəmləkə işğalına qarşı İslami müqaviməti təbliğ edən Sənusi təriqətinə üzv olub. 
****
Osmanlı dövlətinin zəifləməsini fürsət bilən İtaliya 1911-ci il oktyabrın 27-də Liviyaya qoşun çıxardı. 1923-cü ildə bu dəfə faşist Mussolinin rəhbərlik etdiyi İtaliya ordusu növbəti ikinci hücum dalğasını başlatdı. Buna qədər işğala qarşı müqavimət hərəkatında olan Muxtar İdris Sənusinin Misirə qaçmasından sonra İtaliya işğalına qarşı müqavimətin lideri oldu. 1923-cü ildən 1932-ci ilə qədər Liviyada İtaliya işğalına qarşı Ömər Muxtar liderliyində aparılan müqavimət savaşında hər il orta hesabla 50 döyüş əməliyyatı həyata keçirildi. Sürtli səhra atlıları İtaliya ordusuna əsl faciələr yaşadırdılar. 1928-ci ilin 8 noyabrında Ömər Muxtar döyüşçüləri Benqazidə yerləşən İtaliya ordu qərargahına hücum edərək onu dağıtdılar.

11 sentyabr 1931-ci ildə (bu da tarixin qəribə zarafatıdır) Ömər Muxtar və yaxın tərəfdarları Silanta vadisində italyanların mühasirəsinə düşür, tərəfdarları öldürülür, ağır yaralı Muxtar isə əsir götürülür. Bundan sonra olanlar qeyd olunan filmdə ətraflı təsvir edilib. Yalnız onu əlavə edək ki, İtaliya hökumətinin tərəfdarlarına silahı yerə qoyması müraciəti etmək təklifini rədd edən Ömər Muxtara 15 sentyabrdA işğal ordu məhkəməsi ölüm hökmü kəsir. Ömər Muxtar bu hökmə qarşı “İnna lillahi və innə iləyhi raciun (Hamımız Allahdanıq (Onun yaratdıqlarıyıq) və ona dönəcəyik”. Edam anında italyanlara dediyi sözləri isə unutmaq mümkün deyil.
“Biz heç zaman təslim olmarıq. Ya qələbə çalarıq, ya da ölərik. Siz isə bizdən sonrakı nəsillərlə də savaşmalı olacaqsınız. Mən isə cəlladlarımdan daha çox yaşayacağam”.

Ömər Muxtar haqlı çıxdı. İtalyanlar Liviyada uzun illər qala bilmədilər. Lakin nə yazıq ki, polkovnik Müəmmar Qəzzafi hakimiyyəti bu gün İtaliya işğal rejimindən fərqli deyil. Elə bu səbəbdən də bu gün liviyalılar yenidən ayaqlanıblar. Bu dəfə kənardan bir işğalçı olmasa da, Qəzzafi hakimiyyəti də milli hakimiyyət deyil. Qəzzafi özü  ərəb, liviyalı olsa da, indi onun Qrazianidən (Mussolininin işğal qüvvələrinin komandanı,Ömər Muxtara ölüm hökmünü kəsən) çox da fərqi yoxdur.

Qraziani də getdi, Qəzzafi də gedəcək. Amma Liviya xalqı, Ömər Muxtar qalacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR