Azərbaycanda bələdiyyələr yerli özünüidarəetmə orqanları kimi fəaliyyət göstərir. Lakin ictimai rəydə onların real səlahiyyət və təsir imkanlarının zəif olduğu bildirilir. Bir zamanlar torpaq satışı ilə gündəmə gələn bəzi bələdiyyələr bu gün daha çox vergi və icarə ödənişlərinin toplanması ilə məşğuldur.
Bu pullar hara gedir? Səlahiyyətləri nədir? Niyə bu institut var və hələ də özünə sədr seçir? Bələdiyyələrlə bağlı qanunvericilikdə ciddi dəyişikliklərə ehtiyac varmı?
Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir və hüquqi baxımdan yerli özünüidarəetmə orqanı kimi tanınır.
Konstitusiyada təsbit olunan bu institut 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv olması və Avropa Yerli Özünüidarə Xartiyasını ratifikasiya etməsi ilə beynəlxalq öhdəlik çərçivəsinə də daxil edilib. Bələdiyyələrin hüquqi statusu və faktiki vəziyyətinə gəlincə, qanunvericiliyə əsasən, indiyə qədər bələdiyyələr yerli torpaq və əmlakı idarə edib, fiziki şəxslərdən torpaq və əmlak vergisi toplayıb, bələdiyyə torpaqlarını icarəyə verib, yerli proqram və sosial layihələr həyata keçirib. Ancaq qanunda onların polis, təhsil, səhiyyə, iri infrastruktur, kommunal sistemlər üzərində səlahiyyəti yoxdur, rayon icra hakimiyyətləri ilə müqayisədə inzibati təsir imkanları zəifdir, maliyyə bazası məhduddur. Nəticədə hüquqi olaraq mövcud olan səlahiyyətlər praktikada geniş idarəetmə gücünə çevrilmir.
Bələdiyyələrin gəlir mənbələri əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi, torpaq icarəsi və cüzi dövlət dotasiyalarından ibarətdir. Bu səbəbdən büdcənin böyük hissəsi aparatın saxlanmasına gedir, infrastruktur və sosial layihələr üçün resurs çatışmır, yerli təşəbbüs imkanları məhdudlaşır. Real maliyyə müstəqilliyi olmadan yerli özünüidarə mexanizmi formal xarakter daşıyır.
Müxtəlif dövrlərdə bəzi bələdiyyələrin torpaq satışı ilə bağlı qalmaqalları bu institutun ictimai imicinə ciddi zərbə vurdu. Sonrakı illərdə torpaq münasibətlərinə nəzarət sərtləşdirildi və bələdiyyələrin bu sahədə manevr imkanları məhdudlaşdırıldı. Nəticədə həm risk azaldı, həm də gəlir mənbələri daraldı. Azərbaycanın yerli idarəetmə sistemi iki paralel model üzərində qurulub - Mərkəzi hakimiyyətin təyin etdiyi icra strukturları, seçki ilə formalaşan bələdiyyələr. Praktikada əsas səlahiyyət və resurslar birinci modeldə cəmlənib. Bu isə bələdiyyələrin ikinci dərəcəli struktur kimi qəbul edilməsinə səbəb olur.
Niyə hələ də sədr seçilməsinə gəlincə, bələdiyyə üzvləri seçki ilə formalaşır və öz aralarından sədr seçirlər? Lakin real təsir imkanları məhdud olduğu üçün sədr vəzifəsi çox vaxt inzibati-koordinasiya funksiyası ilə məhdudlaşır.

İqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a bildirib ki, bələdiyyə institutunun səlahiyyəti və məsuliyyəti artırılmadıqca bələdiyyələrin ciddi və səmərəli fəaliyyət göstərəcəyini gözləmək yersizdir:
“Nə qədər ki, bələdiyyələrin səlahiyyəti və məsuliyyəti artırılmayıb onlar indiyə qədər olduğu kimi yerlərdəki icra hakimiyyətinin bir filialı kimi göstərməkdən qurtulmayacaq. Yerli icra hakimiyyətləri hazırda bələdiyyələrdən daha böyük səlahiyyətlərə və böyük büdcəyə malikdirlər. Bələdiyyələrin vergi və icarələrdən topladığı vəsait əslində o qədər çox deyil. Ən azından rəsmi açıqlanan rəqəmlər bunu deyir. Azərbaycandakı bütün bələdiyyələrin hamısının birlikdə büdcəsi 2025-ci ildə 51 milyon manat olub. Onun da böyük hissəsi dövlət büdcəsindən ayrılan dotasiyadır. Amma məsələn, təkcə Türkiyədə kiçik Rize şəhər bələdiyyəsinin illik büdcəsi təqribən 80 milyon dollara yaxın təşkil edib. Ona görə də ölkəmizdə bələdiyyələrlə bağlı qanunvericilikdə ciddi dəyişikliklərə ehtiyac var”.
Ekspert hesab edir ki, icra hakimiyyətləri ləğv edilmədən bələdiyyələrin səlahiyyətinin artırılması mümkün olmayacaq:
“İndiki vəziyyətdə bələdiyyələr ciddi səlahiyyət və məsuliyyət sahibi olmadıqları üçün onlardan böyük işlər də tələb etmək mümknü olmur və onlar arxayınlaşırlar, daha da tənbəlləşirlər, onsuz da az olan büdcənin xərclənməsində də neqativ hərəkətlərə yol verirlər. Bu gün Azərbaycanda bələdiyyələr formal institut şəklindədirlər, sanki arabanın 5-ci təkəri vəziyyətinə düşüblər”.
Etibar Seyidağa,
Musavat.com






