İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkənin siyasi mühitini bunlar gözləyir - VACİB YENİLİK

2482 31.07.2023 10:12 Siyasət A A


Heç şübhəsiz ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun qüvvəyə mindiyi gün ölkənin siyasi partiyalar tarixinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsinə keçidi başladı. Qanun siyasi münasibətlərin keyfiyyətinin artmasına xidmət edən müasir siyasi fəaliyyətin qayda və meyarlarını müəyyən edir. 

Ehtimal etmək olar ki, bəzi partiyaları daha çox narahat edən məsələ də elə məhz təkmilləşməni tələb edən fəaliyyət meyarlarının müəyyən olunmasıdır. Təsadüfi deyil ki, müasir siyasi münasibətlərin tələblərinə cavab verməyən “siyasi köşklər” yeni keyfiyyət meyarlarını “məhdudedici” amil kimi dəyərləndirirlər.

Mövcud vəziyyət müəyyən mənada zəif abituriyentlərin keçid ballarının aşağı salınması tələbinə bənzəyir. Razılaşın ki, əsassız, absurd və qeyri-rasional narazılıqdır.

serencam.jpg (50 KB)

Tərəddüd etmədən deyə bilərik ki, Prezident İlham Əliyevin yeni Qanunla bağlı olan təşəbbüsü sayəsində illər sonra ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar dövlətin və cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayan siyasi təsisata çevriləcək. Məhz peşəkar və müvafiq potensiala malik olan partiyalar ölkəmizin maraqlarını və artan beynəlxalq nüfuzunu aidiyyəti qlobal təşkilatlar müstəvisində müdafiə edə biləcək. Təkamül yolu ilə reallaşan Prezident İlham Əliyevin mövcud istiqamətdəki siyasətinin strateji hədəfi ölkəmizdə gələcəkdə fəaliyyət göstərəcək siyasi partiyaları vətəndaşların fərdi inkişaf və özünütəsdiq, habelə yeni ideya və ictimai konsensus mənbəyinə çevirməkdən ibarətdir. İctimai konsensusun təzahürü olan partiyalar “siyasi köşk” imici ilə vidalaşmalıdırlar.

Təəssüf hissi ilə qeyd etməliyik ki, siyasi münasibətlərin sağlamlaşdırılmasını istəməyən bəzi “siyasətciklər” qanunun mahiyyətini bilərəkdən təhrif edir və müxtəlif təxribatlara əl atırlar. Bu cür insanlar üçün siyasi partiya sadəcə “siyasi alverin” rəsmiləşdirilməsi alətidir. Əminliklə deyə bilərik ki, əhali arasında: “müxalifətin ötən illər ərzindəki hansı qanun təşəbbüsünü və ya sosial yönümlü layihəsini tanıyırsınız?” - adlı sorğu keçirilsə cavab sıfır (0) olacaqdır. Bu cür nəticənin səbəbi əsla əhalinin siyasətlə maraqlanmaması deyil. Əksinə, sosial şəbəkələrin əlçatanlığı səbəbindən bu gün hər kəs özünü siyasi ekspert kimi təsəvvür edir. Sıfırın əsl səbəbi odur ki, bu cür təşəbbüslər olmayıb. Mövcud təşəbbüslər isə yalnız Qərbin təhrikedici, təxribat xarakterli və pozucu qrantlarının icrası ilə məhdudlaşıb. Qeyd olunan təsbit obyektiv həqiqətdir. Əlbəttə ki, bu cür müxalifət sosial etibarını itirəcəkdir. Konstruktivliyi və rasionallığı itirmiş müxalifət isə cəmiyyət üçün heç bir fayda verə bilməz. Bu səbəbdən də “siyasətciklər” öz xəstə ambisiyalarını ödəmək üçün xarici qüvvələrin əlində oyuncaq olmaq yolunu seçirlər.

10050000-0aff-0242-ca59-08da54728c91_w1200_r1.jpeg (203 KB)

Mövcud kontekstdə maraqlı və əlamətdar bir məsələyə diqqət yetirin. Məhz yeni Qanun qüvvəyə minəndən sonra siyasi partiyalar müstəvisində institusional təkmilləşmə prosesi müşahidə olunmağa başlandı. Müəyyən potensiala malik olan partiyalar fəallaşıb və yeni Qanuna əsasən minimum hesab olunan tələblərə cavab vermək üçün hərəkətə keçiblər. Deməli, Qanun artıq öz pozitiv təsirini göstərir. Bu fakt özü-özlüyündə inkişafın təzahürüdür. Təkamüllü inkişaf məhz bu cür islahatlar vasitəsilə baş verir. Təəccüblü deyil ki, uzun illər ərzində hətta rəsmi saytı olmayan və yalnız təxribatçı fəaliyyəti ilə yadda qalmış partiyalar yeni peşəkarlıq meyarlarına cavab vermədiyi üçün Qanuna qarşı çıxış edirlər. Bu hal yalnız qərəzli mövqeyin təzahürüdür. Odur ki, yeni Qanun öz məzmunu ilə eyni zamanda ölkəmizdə müxalifətçilik institutunun təkmilləşməsinə xidmət edir.

Bəli, islahatlar dövrü hər bir dövlət üçün olduqca mürəkkəb və ağrılı, habelə müxtəlif risklərlə müşahidə olunan mərhələdir. Hətta siyasi ədəbiyyatda bununla bağlı Çin qarğışı (deyimi) mövcuddur: “Görüm səni keçid (dəyişikliklər) dövründə yaşayasan”.
Buna baxmayaraq, islahatlar davamlı inkişafı təmin edir və ictimai münasibətlərin bütün sahələrinin modernləşdirilməsini həyata keçirir. Prinsipial olaraq qeyd etməliyik ki, Prezident İlham Əliyevin dövlət siyasətini səciyyələndirən başlıca xüsusiyyətlərdən biri məhz davamlı islahatlardır. Sözügedən fakt isə bilavasitə siyasi iradənin və peşəkarlığın göstəricisidir.

Əlbəttə ki, siyasi partiyaların yeni tələblərə uyğunlaşması prosesi müəyyən çətinliklərlə müşahidə olunacaqdır, bu, təbii və qaçılmazdır. Xəstə dişin müalicəsi belə mütləq olaraq kiçik olsa da ağrılarla müşahidə olunur. Ancaq şahidi olduğumuz siyasi islahatlar siyasi partiyaları ölkəmizin siyasi sisteminin faydalı və effektiv təsisatına mütləq olaraq çevirəcəkdir. Dəyişikliklər üçün özündə güc tapan siyasi partiyalar cəmiyyətin intellektual ehtiyatı və dövlətin dayağı olacaqlar.  

 

Siyasi elmlər üzrə Fəlsəfə doktoru A.Adil

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR