İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmizdə narkomaniya bəlası - rəsmi statistikadan kənarda qalan acı gerçək

1076 10.12.2021 08:00 Ölkə A A

Azərbaycanda narkomaniyadan müalicə çoxlu pul tələb edir, üstəlik, həmin adamların əvvəlki həyatlarına qayıdacaqlarına təminat verilmir

Respublika Narkoloji Mərkəzində qeydə alınmış 33 788 nəfər narkotik istifadəçisi var. Bunu Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov İnstagram sosial şəbəkəsində onlayn çıxışı zamanı bildirib. Narkotikadan istifadə üzrə yaş qruplarına gəlincə, 25-29 yaşlı istifadəçilərin sayı 5403 nəfər, 18-24 yaşlı istifadəçilərin sayı 2242 nəfər təşkil edir. 65 yaşdan yuxarı olan narkotik istifadəçilərinin sayı isə 207 nəfərdir.15-17 yaş arası isə 9 nəfər qeydə alınıb. Baş direktorun sözlərinə görə, qeydiyyatda olanlardan 619-u qadındır.

O.Cəfərov əlavə edib ki, son zamanlar narkotik istifadəçilərinin sayında artım var.

Məlum məsələdir ki, Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi hesabat yalnız narkomaniya adlanan bəlanın rəsmi rəqəmlərlə görünən hissəsidir. Heç kimə sirr deyil ki, əslində bu rəqəm dəfələrlə çoxdur. Narkoloji müalicəyə üz tutanlardan başqa, illərlə bu bəladan əziyyət çəkən minlərlə ailə var. Bir çox hallarda onlar müalicədən kənarda qalırlar. Aydındır ki, səbəb təkcə müalicə olunmaqdan utanmaqla məhdudlaşmır. Azərbaycanda narkomaniyadan müalicə çoxlu pul tələb edir, üstəlik həmin adamların əvvəlki həyatlarına qayıdacaqlarına təminat verilmir. Azərbaycanda xarici ölkələrdən fərqli olaraq yüksək keyfiyyətli müalicə müəssisələri yoxdur. Bu səbəbdən narkomaniya bəlasına düçar olanların real statistikasını aparmaq mümkün olmur.

İkinci bir tərəfdən, narkomaniya cəmiyyətin problemindən daha çox, ayrı-ayrı adamların “pozğunluğu” kimi qəbul edilir. Bu bəlaya düçar olanlar özlərini cəmiyyətdən kənarlaşdırılmış adamlar kimi görürlər, çünki hamı onlardan qaçır. Bu kimi səbəblərdən də narkomaniyanın qarşısını almaq da çətinləşir. Yalnız hər gün yayılan polis statistikası narkomaniyanın ölkədə necə sürətlə yayıldığını  sübutudur. Nə etməli?

ramin.JPG (43 KB)

Ramin Allahverdiyev

Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev qeyd etdi ki, ilk öncə asılılığın mahiyyəti düzgün qəbul edilməlidir: “Yəni asılılıq nədir, niyə yaranır, hansı proseslə irəliləyir, aradan qaldırılmasının effektiv yolları hansılardır? Cəmiyyətimizdə bununla bağlı ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır. Çox təəssüf ki, yanlış atılan addımlar və yaxud maddə istifadəçisinin gec bir zamanda aşkar olunması bu işi ləngidir və çətinləşdirir.  Qeyd edim ki, maddə asılılığı cəmiyyətimizdə bəzən gücsüzlük, iradəsizlik, hətta bəzən cinayət kimi dəyərləndirilir. Amma son tədqiqatlar onu göstərir ki, maddə asılılığı xroniki bir beyin xəstəliyidir. Bunu xroniki beyin xəstəliyi kimi qəbul etdiyimiz təqdirdə prosedura fərqli prizmadan yanaşırıq.  Yəni burada ”xroniki" sözü varsa, sağalma prosedurunu həyata keçirmək, saxlamaq müddətini təyin edirik. Bu zaman şəxsin müalicəsi daha fərqli şəkildə irəliləyir. Elm adamlarının əksəriyyəti maddə asılılığının səbəblərini əsasən genetik, sonradan qazanma, yəni sosial, bioloji, psixoloji, fizioloji faktorlarla əlaqələndirirlər. Amma şəxsən mənim özümün gəldiyim nəticə budur ki, maddə asılılığına səbəb fərdin uşaq vaxtı gördüyü fizioloji və psixoloji travmalardır. Bu travmalar imkan vermir ki, insanın beynindəki xoş əkslər inkişaf etsin. Özünütəsdiq, özünü qiymətləndirmənin aşağı olması, həmçinin yeniyetməlik yaşında  beynimizin məntiqi baxımından tam formalaşmadığı, verdiyimiz qərarın məntiqi olmadığı təqdirdə maddə asılılığının toruna düşürük. Bu prosedur daha da şiddətlənərək, ciddi şəxsiyyət pozuntularına və psixoloji problemlərə gətirib çıxarır. O ki qaldı  bu bəlanın aradan qaldırılması məsələsinə, hüquq-mühafizə orqanları çox ağır bir prosesi aparır, bacardıqlarını edirlər, Səhiyyə Nazirliyi də bu işin tibbi tərəfini həll edir. Əlbəttə ki, iki istiqamətdə atılan addım çox təqdirəlayiqdir. Lakin qarşımızdakı məqsəd əslində bu olmalıdır: necə edək ki, maddədən asılı şəxslər az olsun, cəmiyyətimizdə bu asılılığa meyllilik azalsın? Bunun üçün ilk növbədə ailələrin maariflənməsindən başlamalıyıq.  Övladlarını cəzalandırma və mükafatlandırma sistemini insani keyfiyyətlərə uyğun olaraq aparılmalıdır. Uşaqlıqda travmaların şiddəti gələcəkdə mütləq onu ya asılılığa, ya da başqa neqativ davranışlara aparıb çıxara bilər.

Həmçinin orta məktəblərdə maarifləndirmənin düzgün şəkildə, əsl mütəxəssislər tərəfindən aparılması çox vacibdir. Çox təəssüf ki, tez-tez rastlaşırıq ki, ya məktəb psixoloqu, ya başqa müəllimlər şagirdlərə slaydlar göstərirlər, həmin slaydlarda şpris şəkilləri, maddələrin adları, həmçinin küçə adları olur ki, bu da əslində şagirdlərə maarifləndirmə mesajı vermir, əksinə, onları maddəyə meylləndirir. Ona görə də protokola uyğun şəkildə məsələyə həssas yanaşmalıyıq".

Ramin Allahverdiyev qeyd edib ki, şəxsin müalicəyə yönləndirilməsi demək olar ki, işin əsas hissəsini təşkil edir: “Yəni şəxsin müalicəyə günahlandırılaraq, mühakimə edilərək, müqayisə olunaraq, cəzalandırılaraq və yaxud mükafatlandırılaraq, tutaq ki, ”get müalicə al, sənə maşın alacam, pul verəcəm" və sairə deyərək şərt qoyulub yönləndirilməsi çox zaman effekt vermir.  Bu da ondan qaynaqlanır ki, valideynlərin bu mövzu ilə bağlı aqressiyası var, onlar maarifləndirilməlidir. Övladımızın maddə istifadəçisi olduğunu biləndə elə davranış sərgiləməli, elə bir düşüncə, cümlələrdən istifadə etməliyik ki, şəxs komfort zonasından uzaqlaşıb, bizimlə razılaşsın".

Ramin Allahverdiyev son zamanlar ailələrin və şəxslərin narkomaniyaya qarşı müalicəyə münasibətinin yaxşı mənada dəyişdiyini də diqqətə çatdırıb: “5-10 il əvvəllə müqayisədə biz görürük ki, artıq valideyn övladının maddə  asılılığını hiss etdikdə daha obyektiv, daha soyuqqanlı yanaşır, mütəxəssisə müraciət edir və bu prosedura yaxından izləyir. Onun tərəfdarıyam ki, maddə asılılığı tək şəxsin deyil, həm də ailənin asılılığıdır və ailə də bir terapiyadan, müalicədən keçməlidir. Beləliklə, keçmişlə müqayisədə indi gözlə görünəcək dərəcədə ailələr maddə asılılığı olan övladlarının müalicə almasına daha maraqlıdırlar və onlara açıq şəkildə dəstək olurlar”.

Yeni narkotik vasitələr insanı dəli edir"

Emil Maqalov

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov da narkomaniyanın sürətlə inkişaf etməsindən danışıb: “Ümumiyyətlə, insanlar niyə buna qoşulur? İlk qurşanan adamların sosial-mədəni statusu necə olub? Hansı şəraitdə ilk dəfə istifadə edib? Çox təəssüf ki, bu suallarla bağlı bir sosioloji tədqiqat yoxdur. Ən mifoloji fikir də odur ki, insanlar idmanla məşğul olanda narkomaniya riski azalır. Bəli, idmanı haradasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Məsələn, sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni əsas risk qrupları sosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, narkotik istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb, təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır. Narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə, gördüyümüz kimi, müsbət nəticə, effekt yoxdur, hətta əksidir. Yəni bu cür tədbirlərə risk qrupunda olan insanlar dəvət olunmur. Bizə lazımdır ki, dediklərimizi ”tində duranlar", risk qrupunda olanlar eşitsin. Lakin biz həmişə tədbirlərə öndər gəncləri dəvət edirik, hansı ki, bəlkə 500 dəfə bu haqda eşidiblər. Onlara artıq bu maraqlı deyil və məsələni bəlkə bizdən də yaxşı bilirlər. Hesab edirəm ki, dövlət təhlükə səngiyənədək qrantlar ayırıb bu sahəni işləmiş QHT-lərə həvalə etsin. Daha bir məsələ, düşünürəm ki, narkomaniya ilə əlaqədar bütün aidiyyəti qurumlara daha ciddi nəzarət edilməli və narkomanlarla yox, məhz narkotacirlərlə əlaqəli bütün cəzalar daha da artırılmalıdır. 

“Azərbaycanda yetərincə yüksək keyfiyyətli müalicə müəssisələri varmı?” sualınıza gəldikdə isə deyə bilərik ki, bütün dispanserlər, mərkəzlər hamısı Bakıda cəmlənib, regionlarda demək olar ki, belə mərkəzlər yoxdur. Burada çox böyük zəncirvari subyektiv və obyektiv problemlər var. Faktiki olaraq stasionar yerlər, dərman çatışmazlığı mövcuddur, lazım olan bəzi dərmanlar əlçatan deyil. Bu da mütləq şəkildə müalicəyə mane olur. Beləliklə, qeyd etdiyim kimi, bütün stasionar yerlər Bakıda cəmləşdiyi üçün regionlarda olan narkotik istifadəçiləri paytaxta müalicəyə gələ bilmir. Təklif edirəm ki, bu bəlanın qarşısını almaq üçün ilk növbədə düzgün, lazımi antitəbliğat işləri aparılsın və bu haqda mütləq şəkildə rayonlarda narkodispanserlər yenidən tikilsin. Yəni bunun yolu budur".

Emil Maqalov vurğulayıb ki, indi də cəmiyyət narkotik istifadəçisi müalicə olunub, normal həyata qayıtmaq istəyəndə onu qəbul etmək istəmir: “Niyə etmir, bu da aydındır. Əgər şəxs narkotik istifadəçisidirsə, deməli, ”cinayətkardır", deməli problemlidir, lazımsız bir insandır.

Əlbəttə ki, narkomaniyadan müalicə alanların demək olar ki, 50 faizi yenidən narkotikə qurşanır. Buna görə də cəmiyyət onlara etibar etmək istəmir. Bu zaman da onlar yenidən öz “kruquna” qoşulur, cəmiyyətdən özünü təcrid edir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR