İnsanlara hürriyət, millətlərə istiqlal!

ÖLKƏDƏ İSLAMÇILARIN YENİ HƏBS DALĞASI BAŞLADI

4291 13.08.2011 09:50 Siyasət A A
Belə ki, avqustun 11-i saat 15:30 radələrində islamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov mülkü geyimli şəxslər tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə aparılıb. Bu barədə “Yeni Müsavat”a Ramin Bayramovun vəkili Elçin Namazov məlumat verib. Onun sözlərinə görə, R.Bayramovu günorta saatlarında MTN-nin 2-ci bölməsinin əməkdaşları “oğurlayaraq” MTN-nin binasına aparıblar: “Orada onun cibinə narkotik qoyulub. Oruc olan Hacı Ramin narkotiki cibindən çıxarıb atmağa müvəffəq olub. Ancaq təkrar olaraq həmin narkotiki cibinə zorla qoyaraq, sənədləşdiriblər. Daha sonra onun Xırdalandakı mənzilinə baxış keçirilib. Mən baxışın sonuna çatdım. Raminin evinə bir ədəd tapança, 2 ədəd f-1 qumbara qoyub sonra çıxardıblar. Protokol saxtalaşdırıldı. Bizim etirazlarımız qeyd olunmadı”.
E.Namazov deyir ki, onu Vəkillər Kollegiyasından çıxarmaqla hədələyiblər: “MTN-də Ramin Bayramovun evinin açarlarını alıb özlərində ”saxlayıblar". 4 saat sonra evindən silah sursat çıxarıblar. Bununla və cibinə narkotik qoyulması ilə bağlı aramızda yaranan münaqişə səbəbindən MTN-nin müstəntiqi bu gün (dünən -red.) saat 12-dək məni Vəkillər Kollegiyasından çıxartdıracağını dedi. Axtarışla bağlı bütün qanunsuzluqları adını MTN əməkdaşı qoyan uşaqların xəbəri olmadan telefon vasitəsilə yazmışıq".
Eyni gündə Azərbaycan İslam Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Arif Qəniyev oğlu ilə birgə mülki geyimli şəxslər tərəfindən döyülərək, naməlum istiqamətdə aparılıb. Sonradan Arif Qəniyevin Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt bölməsinə aparıldığı məlum olub. MTN və Prokurorluq işçiləri Arif Qəniyevin evində axtarış aparıb. Onun oğlu Yaşar Qəniyev sərbəst buraxılıb. Dövlət tərəfindən təyin olunmuş vəkil İlyasova Gülarənin həbs olunan şəxsin ailəsinə verdiyi məlumata görə, Arif Qəniyev silah və narkotik saxlamaqda ittiham olunur. Vəkilin dediklərinə görə, Arif Qəniyevin maşınından silah və müəyyən miqdarda narkotik tapılıb. Vəkil həmçinin bildirib ki, Arif Qəniyev ona qarşı atılan ittihamları rədd edib.
Dünən isə tanınmış dindar Hacı Abgül Süleymanov güc strukturları tərəfindən saxlanılıb. Bu barədə islamazeri.az saytına onun yaxınları xəbər veriblər. Xəbərdə bildirilir ki, o İsmayıllı rayonunun Lahıc kəndində qayınatasının evində olarkən həbs edilib. Bəzi saytların yaydıqları məlumatda isə bildirilir ki, polislər Abgül Süleymanovun olduğu evə basqın edərək onu zorakılıqla polis avtomobilinə mindiriblər. Polis evdə vəhşilik törədib; ev əşyaları sındıraraq yararsız hala salınıb. Dünən habelə AİP Sumqayıt komitəsinin sədri Kərbəlayi Arif güc strukturları tərəfindən saxlanılıb. Lakin hadisə ilə əlaqəli ətraflı məlumat verilməyib.
Arif Qəniyevin və Hacı Abgül Süleymanovun vəkili Anar Qasımov “Yeni Müsavat”a bildirib ki, həbs edilən İslamçılar MTN-də saxlanılır: “Hacı Abgül Süleymanov cinayət məcəlləsinə əsasən 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlanılıb”.
AİP mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli bildirib ki, bu hadisəni AİP-ə növbəti təzyiq kimi qiymətləndirirlər.
Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsi, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi, Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi də inancı şəxslərin həbsini pisləyən bəyanatlar yayıblar. DEVAMM-ın bəyanatında bildirilir: “İslamazeri.az internet-qəzetinin baş redaktoru Hacı Ramin Bayramov, ilahiyyatçı Hacı Abgül Süleymanov, AİP funksioneri Kərbəlayi Arif Qəniyev müxtəlif anlaşılmaz ittihamlarla həbs ediliblər. Müqəddəs Ramazan ayında edilən bu həbslər inanclı insanları xüsusilə sarsıdır. Digər tərəfdən, dini mühitdə oruc tutan, namaz qılan kimi, ibadət əhli kimi tanınan insanların narkotik saxlama və qəbul etmə, silah-sursat tədarük etmə kimi mümkünsüz ittihamlarla həbs edilməsi insan haqlarının pozulması halı olmaqla bərabər, mənəvi dəyərlərə qarşı sayğısızlıq kimi də qiymətləndirilir”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, həbslə bağlı onlarda heç bir məlumat yoxdur. MTN-dən isə bildiriblər ki, hazırda islamçılar orada saxlanılır.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq sözügedən həbslərlə bağlı birgə məlumat yayıb. APA-nın yaydığı xəbərə görə, məlumatda bildirilir ki, bu iki qurum tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinən Azərbaycan vətəndaşları - Süleymanov Abgül Nemət oğlu, Bayramov Ramin Cahangir oğlu və Qəniyev Arif Gülsuvar oğlu saxlanılıblar.
Məlumatda onların üzərindən və qarajlarından silah, eləcə də narkotik götürüldüyü bildirilir. Həbs edilənlərin Bakıdakı İran Mədəniyyət Mərkəzindən maliyyələşdirildikləri qeyd olunur. Bu həbslərin iranlı generalın bəyanatına cavab olduğu aşıq-aşkar hiss edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR