İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə alimentlə bağlı MARAQLI statistika - 2400-dən çox qadın...

620 20.07.2026 13:56 Sosial A A

Azərbaycanda aliment öhdəliyini yerinə yetirməyənlərin yalnız kişilər olduğu barədə formalaşmış təsəvvür rəsmi statistika ilə təkzib olunur. İlk dəfə açıqlanan rəqəmlər göstərir ki, ölkədə minlərlə qadın da məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti ödəmir. Ədliyyə Nazirliyinin Modern.az-ın sorğusuna cavab olaraq təqdim etdiyi məlumata əsasən, 2026-cı ilin ilk altı ayı ərzində nazirliyin icraatında 131 mindən çox aliment işi olub. Həmin işlərin 126 minə yaxını üzrə aliment ödənişlərinin tam və ya müəyyən gecikmələrlə həyata keçirilməsi təmin edilib.

Aliment ödəməyən valideyn nədən məhrum ola bilər?

Statistikanın ən diqqətçəkən məqamlarından biri isə aliment borcu olan qadınlarla bağlıdır. Belə ki, hazırda icraatda olan aliment işlərindən təxminən 2400-ü üzrə borclu tərəf qadındır. Bu vəziyyət, əsasən, boşanmadan sonra uşağın atanın himayəsində qalması ilə əlaqədardır. Belə hallarda məhkəmə uşağın saxlanılması üçün aliment öhdəliyini ana üzərinə qoyur. Bununla yanaşı, qadınların əksər hallarda kişilərlə müqayisədə daha aşağı gəlirə malik olması aliment ödənişləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bəs qadın kişidən daha az gəlirli tərəf olduğu üçün bu məsələdə hər hansı güzəşt ola bilərmi?

Hüquqşünas Əkrəm Həsənov Musavat.com-a qeyd edib ki, Azərbaycanda aliment məsələsi ilə bağlı mövcud yanaşma, əslində, SSRİ dövründən qalan hüquqi təcrübənin davamıdır:

“Məsələn, Avropanın bir çox ölkəsində boşanmadan sonra uşaq yalnız bir valideynin himayəsinə verilmir. Valideynlərin hər ikisi uşağın tərbiyəsində və qayğısında bərabər iştirak edir, yəni ortaq qəyyumluq modeli tətbiq olunur. Bu səbəbdən də əksər Avropa ölkələrində valideynlərdən birinin digərinə aliment ödəməsi geniş yayılmış praktika deyil. Azərbaycanda isə vəziyyət fərqlidir. Boşanmadan sonra uşaq ya ananın, ya da atanın yanında qalır. Əksər hallarda uşaq ananın himayəsinə verildiyi üçün aliment ödəyən tərəf ata olur. Bəzi hallarda isə uşaq atanın yanında qalır və bu zaman aliment ödəmək öhdəliyi ananın üzərinə düşür. Bu məsələdə qanunvericilik baxımından heç bir ayrı-seçkilik yoxdur. Kimdən asılı olmayaraq, uşağın yanında yaşamayan valideyn aliment ödəməyə borcludur. Alimentin məbləği də qanunla müəyyən edilir. Adətən, bir uşaq üçün aliment valideynin rəsmi gəlirinin və ya əməkhaqqının müəyyən hissəsi əsasında hesablanır. Əgər şəxsin daimi iş yeri və ya rəsmi gəliri yoxdursa, bu halda aliment yaşayış minimumuna uyğun sabit məbləğ şəklində müəyyən edilir”.

Əkrəm Həsənov: "Əgər xalqın maraqları əsasdırsa, qanun layihələri açıq  olmalıdır"

Əkrəm Həsənov hesab etmir ki, qadınların gəlirlərinin kişilərlə müqayisədə daha aşağı olması aliment öhdəliyi ilə bağlı onlara xüsusi güzəşt edilməsinə əsas yaradır:

“Çünki eyni arqument kişilərə də aiddir. Aliment ödəməyən kişilərin böyük hissəsi də bunu qəsdən deyil, məhz işsiz olduqları, sabit gəlir əldə etmədikləri və ya maddi imkanlarının məhdud olması səbəbindən edə bilmirlər. Ona görə də yalnız qadınlara güzəşt tətbiq olunması hüquqi baxımdan düzgün yanaşma hesab oluna bilməz. Burada əsas məsələ valideynlərin deyil, uşağın maraqlarının qorunmasıdır. Aliment valideyn üçün deyil, uşağın saxlanılması, qidalanması, təhsili, sağlamlığı və digər zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulur. Əgər hər hansı valideynə güzəşt tətbiq edilərsə və aliment ödənilməzsə, nəticədə zərər çəkən məhz uşaq olur. Bu isə uşağın hüquqlarının pozulması deməkdir”.

Hüquqşünasın fikrincə, dövlət bu problemi fərqli mexanizmlərlə həll etməlidir:

“Vaxtilə Ombudsman tərəfindən aliment fondunun yaradılması təklifi irəli sürülmüşdü və bu, kifayət qədər səmərəli yanaşmadır. Belə bir fond fəaliyyət göstərərsə, aliment ödənişləri ilk növbədə həmin fond tərəfindən uşağa təqdim edilər, daha sonra isə dövlət borclu valideyndən həmin vəsaiti qanunvericiliyə uyğun şəkildə geri alardı. Bu model həm uşağın hüquqlarının vaxtında təmin edilməsinə, həm də uzun sürən məhkəmə və icra proseslərinin mənfi təsirlərinin aradan qaldırılmasına xidmət edərdi. Çünki alimentlə bağlı məhkəmə çəkişmələri və icra prosedurları bəzən illərlə davam edir. Halbuki uşaq həmin vəsaitə gələcəkdə deyil, elə bu gün ehtiyac duyur. O, qidalanmalı, geyinməli, təhsil almalı, müalicə olunmalı və normal həyat şəraitində böyüməlidir. Uşağın məhkəmələrin və ya icra orqanlarının işini başa çatdırmasını illərlə gözləməsi mümkün deyil. Məhz buna görə də aliment məsələsində prioritet valideynlərin deyil, uşağın maraqları olmalıdır”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR