İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabitliyə ən böyük təhdid - manat, yoxsa erkən seçkilər?

1753 15.02.2016 08:15 Ölkə A A
Çoxları hesab edir ki, parlament buraxılarsa, qanunverici orqana yeni seçkilər keçirilərsə, bu, ölkədə iqtisadi böhranla yanaşı, siyasi böhranın baş verməsi ilə nəticələnər. Eyni zamanda, manat ətrafında iki aya yaxındır davam edən təhlükənin sabitliyi hər an poza biləcəyi ehtimal olunur.

Hakimiyyət müxalifəti yaranmış vəziyyətdən istifadə etməkdə suçlayır. Onlar hesab edirlər ki, böhran şəraitində yeni seçkilərin keçirilməsi mümkün deyil. Müxalifətin isə hakimiyyət qarşısındakı arqumenti budur: “Demokratik seçkilər keçirilərsə, siyasi böhran mümkün deyil”.

Siyasi ekspert Hikmət Hacızadə manatın sabitliyə ən böyük təhlükə olduğunu bildirdi: “Bu təhlükələrin meydana çıxması bərbad idarəçiliyin nəticəsidir. Sabitliyin pozulacağı ehtimalları rüşvətxorluq, korrupsiya ilə ölkənin idarə edilməsindən qaynaqlanır. Əgər parlament buraxılarsa, demokratik seçkilər keçirilərsə, heç bir siyasi böhrandan söhbət gedə bilməz”.


Politoloq Natiq Miri hər iki amilin bir-birini təkzib etmədiyini söylədi: “Bu gün manatın təhlükəsizliyini təmin etməklə bağlı, eləcə də digər siyasi yöndə aparılan islahatlar bir-birini şərtləndirən amillərdir. Ona görə də bunları fərqləndirmək doğru deyil. Sadəcə olaraq, ardıcıl islahatlar aparmaq məcburiyyəti yaranıb. Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi həyati məsələ deyil. Çünki indiki şəraitdə iqtisadi böhrandan çıxış yolları axtarılmalı, bu istiqamətdə ciddi işlər görülməlidir. İqtisadi islahatlarla yanaşı, siyasi islahatlara da böyük ehtiyac var. Çünki siyasi islahatlar aparılmadan, iqtisadi böhranla bağlı görülən işlər müsbət sonluqla nəticələnə bilməz”.

Politoloq parlamentin buraxılmasının nə zaman mümkün olacağına da toxundu: “Ölkədə sabitlik yaranandan sonra bu tələbləri səsləndirmək olar. Çünki sabitlik olmadan yeni seçkilər keçirilə bilməz. Sabitlik olarsa, demokratik seçkilər keçirilərsə, cəmiyyətdə qüvvələr nisbətinin dəyişməsi ilə nəticələnə bilər. Qanunverici orqanda cəmiyyətin əksər siyasi qüvvələrindən ibarət şəxslər təmsil olunmalıdır. Belə olan təqdirdə yuxarıların iradəsi həyata keçməyəcək. Siyasi yöndə müstəqil qərarlar qəbul ediləcək. O zaman etirazlar küçələrdən parlamentdə daşınacaq. Bu da siyasi anlamda Azərbaycanı gücləndirən amildir. Parlamentin buraxılmasını və manat təhlükəsini bir-birindən ayırmaq düzgün deyil. Bütün sahələr üzrə islahatlara ehtiyac var. İqtisadi və siyasi istiqamətdən asılı olmayaraq”.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR