İnsanlara hürriyət, millətlərə istiqlal!

MİLLİ KİTAB MÜKAFATININ MÜSABİQƏSİNDƏ QALMAQAL

2479 05.06.2011 09:20 Ölkə A A
Lakin Azərbaycan Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev və Rəşad Məcid müsabiqədə sanballı əsərlərin kənarda qaldığını, qiymətləndirmənin düzgün aparılmadığını bəyan edərək münsif heyəti üzvlüyündən imtina ediblər. R.Məcid lent.az-a bildirib ki, başqa münsif üzvləri, o cümlədən deputat Rəbiyyət Aslanovanın da bu addımı atacağı gözləniləndir. R.Məcidin sözlərinə görə, dünən proseslərlə tanış olarkən məlum olub ki, bir neçə münsif və təşkilatçı əvvəlcədən məqsəd güdərək hansısa əsəri birinci etmək naminə qruplaşıblar. Münsiflər heyətinin bir neçə üzvü hansısa bir əsərə yüksək bal verərək ön sıraya çıxarıb: “Pərvizin qalib elan olunan ”Yad dildə" əsəri nə bədii cəhətdən, nə də digər keyfiyyətlərinə görə nəinki birinci olmağa, heç onluğa düşməyə layiq deyildi. Belə bir əsərin birinci yeri tutmasına etirazımızı bildirdik və Çingiz Abdullayevlə birgə münsiflər heyətini tərk etdik".
“Azadlıq” radiosu isə bildirib ki, R.Aslanova da artıq bu addımı atıb. R.Məcid müsabiqənin bu cür nəticələnməsindən təəssüfləndiyini bildirir: “Milli Kitab Mükafatı ilə bağlı proses başlayanda çox ürəklə bu işə qoşuldum. Rayonlarda aparılan təbliğatda da iştirak edirdim. Güman edirdim ki, Milli Kitab Mükafatı həqiqətən bizim kitabın təbliğinə xidmət edəcək. Amma təəssüf edirəm ki, bu müsabiqə bir il sonra bəzi siyasət adamlarının, müxalifətə yaxın dairələrin əlində bir oyuncağa çevrildi və siyasi məqsədlər naminə burada qruplaşaraq hansısa əsəri birinci etdilər. Çəkdiyim əziyyətlərə heyfim gəlir ki, gələcəyini uğurlu gördüyüm Milli Kitab Mükafatı yarı yolda büdrədi. Hesab edirəm ki, bundan sonra Milli Kitab Mükafatının verilməsini davam etdirmək çətin olacaq”.
Müsabiqənin təşkilatçısı Nigar Köçərli isə azadlıq.org saytına deyib ki, münsiflərin belə bir addım atması haqda hələ məlumatı yoxdur və onların bunu etməsinə inanmır. N.Köçərlinin fikrincə, belə bəyanatlar emosional reaksiya ola bilər və qaliblərlə bağlı nəticə onun üçün gözlənilməz deyil: “Mən o əsərə inanırdım, ən azı ilk üçlükdə olacağına inanırdım”.
Münsiflər heyətinin digər üzvü, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı isə qəzetimizə bildirdi ki, müsabiqənin obyektiv olduğunu müəyyənləşdirmək üçün jürinin hər müsabiqə iştirakçısına verdiyi bal ictimaiyyətə açıqlanmalı idi: “Bütün əsərləri diqqətlə oxuyub onlar haqda bir yazı da hazırlamışam. Nəticədə qiymətləndirdiyim əsərlər də olub, gözləmədiyim də olub. Mənim qiymətləndirməmdə konkret olaraq qalib ilk üçlüyə düşməyib. Bilirdim ki, ötən il qruplaşma olub, amma bu ilkindən xəbərim yoxdur. Yaxşı olardı ki, münsiflərin səsverməsi ”Eurovision"da olduğu kimi sonradan açıqlanaydı".
Qeyd edək ki, ümumilikdə 112 əsər təqdim olunan müsabiqədə ilk onluğa aşağıdakı əsərlər daxil edilib və qalib əsər bu onluqdan seçilib:
Aslan Quliyev, “Sonuncu” (roman), Azər Abdulla, “Sarı tağ” (roman), Etimad Başkeçid, “Kenterberri” silsiləsi (hekayələr), Məqsəd Nur, “Şəhər meri” (roman), Mirmehdi Ağaoğlu, “Küləyi dişləyən” (hekayə), Nəriman Əbdülrəhmanlı, “Yolsuz” (roman), Natella Osmanlı, “Mən axmağam”, Natiq Rəsulzadə, “Xunxarlar” (roman (rus dilində)), Pərviz, “Yad dildə” (roman), Paşa Qəlbinur “Qara su” (roman).
Münsiflər heyətinin üzvləri isə yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, xalq şairi Vaqif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, professor Cəmil Həsənli, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi, “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev, rejissor Mehriban Ələkbərzadədir. MKM-in sponsorları - “Bakcell” şirkəti və “UNİbank”dır. Mükafatın təsisçisi “Əli və Nino” nəşriyyat evidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR