İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərli girovlarımız niyə qaytarılmır?

Erməni işğalı altında olan torpaqlarımıza gedən azərbaycanlıların girovluğundan iki ilə yaxın vaxt keçir. Bu müddət ərzində girovların qaytarılması üçün danışıqlar, təkliflər olsa da, onlar hələ də girovluqdan azad edilməyiblər. Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı olan Şahbaz Quliyevin Kəlbəcərdə girov götürülməsi beynəlxalq hüquqa zidd olsa da, beynəlxalq təşkilatların bu istiqamətdə ciddi səy göstərmədiyi də ortaya çıxdı. 

Dilqəm Əsgərovun qardaşı Sahib Musayev musavat.com-a bildirib ki, məsələ ilə bağlı heç bir yenilik yoxdur. Yalnız 3-4 gün əvvəl ondan növbəti məktub gəlib: “Məktubu Qırmızı Xaç Komitəsi gətirib. Dilqəm səhhətində problem olduğunu yazıb, başqa heç nə”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, girovlarımızın iki il ərzində qaytarılmaması Azərbaycan diplomatiyasının uğursuzluğudur: “Bu, Azərbaycan hakimiyyətinin uğrusuzluğudur. Onları geri qaytarmaqla bağlı müxtəlif fikirlər oldu, heç biri reallaşdırılmadı. Onları başqa əsirlərlə dəyişdirmək təklif edildi. Amma bu, birbaşa hökumətin işidir, hökumət bu işlə məşğul olmalı idi. Hakimiyyət beynəlxalq təşkilatların qarşısında məsələni kifayət qədər ciddi şəkildə qoya bilmədi. Məsələn, Rusiya ilə Ukraynanın arasında təyyarəçi qadın Şavçenko ilə bağlı nə qədər problem, qarşıdurma, söhbətlər, danışıqlar oldu. Amma birbaşa beynəlxalq təşkilatların təzyiqi altında Rusiya bu güzəştə getdi və bir neçə gün əvvəl pilot azadlığa buraxıldı. Yəni Rusiya öz mövqeyində iddialı idi, amma sonda güzəştə getdi. Deməli, Azərbaycan öz mövqeyini bu şəkildə beynəlxalq təşkilatlar qarşısında qoya bilmədi. Mən hesab edirəm ki, bu, ciddi məsələdir. Kimsə fikirləşə bilər ki, iki nəfər əsirlikdə adamımız var, onlar qaytarıla da bilər, qaytarılmaya da bilər. Azərbaycanın öz mövqeyini qəbul etdirməyi bacarmaq məsələsidir. Azərbaycan danışıqlardan imtina etməli idi. Ermənistan onun tələblərinə, təkliflərinə məhəl qoymurdu, Azərbaycan isə gedib birbaşa rəhbərlərlə görüşür, danışıqları davam etdirir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu danışıqlara getmək üçün Rusiyanın da, beynəlxalq təşkilatların da qarşısında məsələ qaldırıb, danışıqları davam etdirmədiyini vurğulamalı idi. Ermənistanın bu hərəkətlərinə görə Azərbaycan danışıqlardan imtina etməli idi. Ona görə kifayət qədər qətiyyətli mövqe qoymadığına görə bu gün bizim girovlarımız erməni əsarətindədir”. 

A.Nağı həmçinin deyib ki, onlar dəfələrlə bu olayla bağlı aksiyalar keçirsələr də, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prosesin qarşısıını alıb: “Bu hadisədə onun da məsuliyyəti böyükdür. Biz dəfələrlə aksiyalar keçirdik, Əli Həsənov dedi ki, biz bu işlə məşğuluq, səs-küy salmayın. Sonra da girovların qohumlarını bizə qarşı qaldırdılar. O dövrdə davamlı aksiyalar olsa, problemin həlli ola bilərdi”.

Ekspert Natiq Miri isə qeyd edib ki, girovlarımızın azad edilməməsi ilk növbədə beynəlxalq hüququn acizliyidir: “Azərbaycan vətəndaşı öz ərazisində erməni işğalçıları tərəfindən girov götürülür və məhkəmə vasitəsi ilə məhkum edilir. Bütün dünya, beynəxlaq hüquq buna göz yumur. Cırtdan Ermənistan qarşısında öz acizliyini göstərir. Həmçinin Azərbaycan hakimiyyətinin, dövlətinin bu prosesin qarşısında acizliyini göstərir. Çünki əgər Azərbaycan hakimiyyəti görürsə ki, beynəlxalq hüquq və dünya dövlətləri bu prosesin qarşısında acizdirlər, yaxud bu prosesi görməzdən gəlirlər, beynəlxalq hüququ çeynəyəcək bu prosesi görmək istəmirlər, buna adekvat və qeyri-ənənəvi addımlarla cavab verməlidir. Bunun üçün Azərbaycanın bütün imkanları var. Azərbaycanın o oğulları var ki, Ermənistandan və Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdan hətta vəzifəli şəxsləri girov gətirərək bizim girovlarla dəyişə bilər. Nədənsə bu, nümayiş etdirilmir. Halbuki buna bizim imkanlarımız var. Son aprel döyüşlərində də biz bunu açıqca ortaya qoya bildik. Buna görə də Azərbaycan vətəndaşlarının bu səviyyədə, alçaldıcı səviyyədə girovluqda qalmağına razı olmalı deyil. Ancaq bugünkü mövcud olan vəziyyət onu göstərir ki, Azərbaycan bu məcburi vəziyyətlə razılaşmış durumdadır. Bunu da qətiyyən qəbul etmək olmaz. Azərbaycan heç bir vəchlə bununla razılaşmamalıdır. Əgər hüquq, xüsusilə də beynəlxalq hüquq bu proses qarşısında acizdirsə, Azərbaycan qeyri-ənənəvi, qeyri-populyar üsullarla bunun qarşısını almalıdır. Bunun üçün Azərbaycan dövlətinin hər cür imkanları var”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyununda işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Onlar və daha bir nəfər - Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün getmişdilər. Həsən Həsənovun qətlə yetirildiyi bildirilir. 2014-cü ilin dekabrında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. 

Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar. Girovlarla bağlı bir çox beynəlxalq quruma müraciətlər edilib, Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə göndərilib. Lakin hələlik bu ərizəyə heç bir cavab gəlməyib. 

Röya RƏFİYEVA,
Musavat.com
Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR