İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏHMƏD HÜSEYNOV EV DUSTAĞI EDİLİB

3258 08.07.2009 08:14 Ölkə A A
Məsələ ondadır ki, bir qayda olaraq bələdiyyə sədrləri icra başçıları ilə əlbir işləyirlər. Hələ bir neçə il öncə məlumatlar var idi ki, Səbayel rayonunun icra başçısı ilə bələdiyyə sədri rayon ərazisində qanunsuz torpaq satışı ilə məşğul olurlar. Amma onlar arxalı şəxslər olduğundan bu yazılanlar və deyilənlərə, rəsmi şikayətlərə məhəl qoyulmurdu. Lakin hər şeyin sonu olduğu kimi, Sahib Ələkbərovla Əhməd Hüseynova da «dur» deyildi. Öncə S.Ələkbərovu icra başçısı vəzifəsindən azad edib Dövlət Statistika Komitəsi sədrinin üçüncü mavini vəzifəsinə göndərdilər. Bu təyinat əslində o demək idi ki, hörmətli Sahib Ələkbərov məhz maliyyə fırıldaqlarına yol verdiyinə, pul məsələlərində qeyri-dəqiqlik edib «ümumi kotyol»dan vəsait yayındırdığı üçün icra başçısı vəzifəsi ilə müqayisədə heç bir gəliri olmayan posta cəza metodu kimi göndərilib. Yəni bununla ona «çox yemisən, indi get, xərclə» mesajını veriblər. Hansı ki, bir müddət əvvələ qədər heç kimin ağlına gəlməzdi ki, hakimiyyətə yaxınlığı ilə seçilən Ələkbərovu bu şəkildə vura bilərlər. O, arxalı, dişli məmurlardan hesab olunurdu.
Yeri gəlmişkən, Səbayel rayon bələdiyyəsinin sədri E.Hüseynov da arxalı adam olub. O, əslən naxçıvanlıdır, əvvəllər polis sistemində işləyib, istefada olan polis polkovnik-leytenantıdır. Bəzi məlumatlara görə, onun hakimiyyətdəki «Şərur qruplaşması» ilə də yaxın münasibətləri olub. Buna baxmayaraq, onun barəsində cinayət işi açılıbsa, deməli, tapşırıq lap yuxarılardan gəlib. Görünür, son vaxtlar bələdiyyələrdə aparılan yoxlamalar nəticəsində onların milyonlarla manat yeyintilərə yol vermələri faktı üzə çıxdıqdan sonra «şişən» bələdiyyə sədrlərinin barəsində ciddi ölçü götürülməsi tapşırığı verilib.
Ə.Hüseynova bağlı dolaşan xəbərlərdən biri də budur ki, bələdiyyə sədri ortalıqda görünmür, «gözəgörünməz» qüvvələr onu istintaqdan yayındırmağa çalışırlar. Lakin dünən bu istiqamətdə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Ə.Hüseynovu artıq istintaqçılar dindiriblər, ondan şahid qismində ifadə aldıqdan sonra məsuliyyətə cəlb ediblər. Bu barədə bizi bilgiləndirən mənbə qeyd etdi ki, Ə.Hüseynovun səhhətində doğrudan da ciddi problemlər var. Belə ki, o, şəkər xəstəliyindən əziyyət çəkir, bu səbəbdən də barəsində həbs-qətimkan tədbiri seçilməyib. Amma onu tam sərbəst də buraxmayıblar. Onu ev dustağı etmək istəyiblər, Ə.Hüseynov müəyyən yollarla bundan da yayına bilib. Belə ki, ona bir nəfər zamin duraraq evdən heç yerə getməyəcəyinə dair söz verib. Bundan sonra Ə.Hüseynovdan, sadəcə, başqa yerə getməmək barədə iltizam alıblar. Amma faktiki olaraq, o, ev dustağıdır, heç yerə getməmək barədə qeyri-rəsmi öhdəlik götürüb.
Mənbə onu da bildirdi ki, hazırda istintaq orqanı ötən illər ərzində Ə.Hüseynovdan şikayətlər etmiş şəxsləri tapıb onlardan ifadələr almaqla, yəni bələdiyyə sədrinə qarşı ifadələr toplamaqla məşğuldur. Bundan başqa, istintaqçılar qanunsuz satılan torpaq sahələri ilə bağlı da araşdırmalar aparırlar. Həmçinin bələdiyyə sədri ilə icra başçısının şərikli biznesləri ilə bağlı da məlumatlar yığırlar, faktlar əldə etməyə çalışırlar. Mənbə onu da vurğuladı ki, S.Ələkbərov da bələdiyyə sədrinin cinayət məsuliyyətinə cəlb edilməsindən narahatdır. Çünki Səbayeldəki bütün qanunsuzluqlar icra başçısının xeyir-duası ilə həyata keçirilib. Hakimiyyət orqanları bunu bildikləri üçün də istintaqa təsir edə bilməməsi üçün birinci S.Ələkbərovu işdən çıxarıblar. İndi icra başçısının da ciddi narahatlığı var. Çünki bələdiyyə sədrinin həbsi reallaşanda, o, törətdikləri əməllədə icra başçısının payının nə qədər olduğunu heç şübhəsiz ki, tam təfsilatı ilə açıqlayacaq...
Sonda onu da nəzərə çatdıraq ki, hazırda Nəsimi rayon bələdiyyəsinin sədri, «91-lər»dən olan Əziz Axundovun və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Elman Salmanovun da qanunsuz fəaliyyətinə dair faktlar toplanılması kampaniyası davam edir. Bu şəxslərin də barəsində cinayət işi başlayacağı qaçılmazdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR