İnsanlara hürriyət, millətlərə istiqlal!

“26-lar”ın CƏSƏDİ ARTIQ DÖRDÜNCÜ DƏFƏDİR KÖÇÜRÜLÜR

1831 29.01.2009 01:35 Ölkə A A
Ümumiyyətlə, ərazidə dəfn edilənlərin “26-lar” olması şübhəlidir. 1918-ci ildə Türk İslam Ordusunun Bakını erməni-rus birləşmələrindən azad etməsi ərəfəsində Bakı Soveti süqut edib. 26 Bakı komissarı hakimiyyəti könüllü olaraq “Sentrokaspi” diktaturasına təhvil verib. Komissarlar bir aylıq həbsxana həyatından sonra azad edilib. Türk-Azərbaycan ordusu Bakını azad etməzdən əvvəl onlar gəmi ilə Rusiyaya üz tutub. Lakin komissarları aparan gəmi Krasnovodsk limanına yan alıb. Bu dəfə “26-lar” Xəzəryanı hökumət tərəfindən həbs edilib. Onlar 1918-ci il sentyabrın 20-də Türkmənistanda, Ağcaqum çölündə Xəzəryanı hökumətin qərarı ilə güllələnib.
Maraqlıdır ki, 26 nəfərdən 23-nün güllələndiyi bildirilir. Güllələnənlər arasında Şaumyanın olmadığı deyilir. Bununla bağlı yayılan məlumatlara görə, ingilislərlə işbirliyində olan daşnak elə onların yardımı ilə Hindistana gedib və uzun illər orada yaşayıb. “26-lar”ın cəsədi Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra - 1920-ci ildə Bakıya gətirilib və indiki “Sahil” bağında dəfn edilib.
İndi onların cəsədi Hövsan qəbiristanlığına köçürülərkən cəsədlərin üzərində yarlıkların olduğu müəyyən edilib. Lakin onların arasında Şaumyana aid yarlık aşkarlanmayıb. Şaumyanın hazırda Rusiyada yaşayan nəvəsi Tatyana Şaumyan isə babasının Bakıda dəfn olunduğunu və nənəsinin də bu mərasimə qatıldığını iddia edir. Ermənistan kommunistləri isə “26-lar”ın cəsədinin köçürülməsini sərt tənqid edərək onun qalıqlarının Ermənistana verilməsi tələbini irəli sürüb.
Azərbaycan Mütərəqqi Sosialist Partiyasının sədri Rüstəm Şahsuvarlı bizimlə söhbətində tarixi abidələrin sökülməsinin əleyhinə olduğunu söylədi: “Bizim partiya sol ideyaların daşıyıcısıdır. Tarixi abidələrin sökülməsinin qəti əleyhinəyik. Abidələrin sağ və sol təmayüllü insanlara aid olmasına baxmayaraq onların sökülməsi yolverilməzdir”.
R.Şahsuvarlı Ermənistan kommunistlərinin iddialarına da münasibət bildirdi: “Biz sol təmayüllü partiya olsaq da kommunist deyilik. Bu baxımdan Azərbaycan kommunistlərinin mövqeyindən xəbərsizəm. O ki qaldı erməni kommunistlərinin erməni əsilli komissarların cəsədinin Ermənistana verilməsi tələbinə, onlar bu məsələdə haqlıdır. Lakin Azərbaycan hökuməti bu tələbi yerinə yetirməməlidir. Çünki keçən əsrin əvvəllərində sol ideyalar mütərəqqi ideya hesab olunurdu. 26 Bakı komissarı milli mənsubiyyətə görə yox, daşıyıcısı olduqları ideyalara görə bir yerdə idi. İndi onları milli mənsubiyyətlərinə görə bir-birindən ayırmaq düzgün deyil. Digər tərəfdən, həmin şəxslər Azərbaycan dövlətçiliyinin tarixinin bir hisəsidir”.
R.Şahsuvarlının sözlərinə görə, “26-lar” 1918-ci il sentyabrın 20-də Xəzəryanı hökumətin eser rəhbərləri tərəfindən güllələnib: “Eserlər onların üzərinə qum yığıb və güman edib ki, cəsədləri vəhşi heyvanlar yeyəcək. “26-lar”ın cəsədi 1919-cu ilin martında güllələndikləri yerdən götürülüb və Aşqabadda dəfn edilib. Onların cəsədi çıxarılarkən məlum olub ki, komissarlar tikə-tikə doğranıb və cəsədlər tanınmaz hala düşüb. 1920-ci ildə isə komissarların cəsədləri Bakıya gətirilib. Onların cəsədi artıq dördüncü dəfədir köçürülür".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR