İnsanlara hürriyət, millətlərə istiqlal!

Okeanın o tərəfindən faiz qərarı gözləntisi - Bakıya nə təsiri olacaq?

1106 14.12.2022 08:45 İqtisadiyyat A A

FED-in bu qərarı bazarları silkələyəcək

Dünya bazarlarının diqqəti ABŞ Federal Ehtiyatlar Sisteminə (FED) yönəlib. Dekabrın 14-də FED-in iclası keçiriləcək və orada uçot dərəcəsi ilə bağlı qərar qəbul olunacaq. Beynəlxalq analitik mərkəzlər tənzimləyicinin uçot dərəcəsini 0,50 faiz bəndi artıracağını proqnozlaşdırırlar. CME Group-un məlumatına görə, ekspertlərin 74 faizdən çoxu FED-in uçot dərəcəsini 50 baza bəndi artıracağını ehtimal edirlər. Halbuki noyabrda bu rəydə olanlar 80 faiz təşkil edirdi.

2022-ci il ərzində FED ABŞ-da artan inflyasiyanı cilovlamaq üçün faiz dərəcəsini hər dəfə 0,75 baza bəndi artırıb. 2022-ci ildəki son iclasda FED-in faiz artırmaq tempini yavaşladacağı gözlənilir. Həmçinin çərşənbə günü, dekabrın 14-də Avropa Mərkəzi Bankı (AMB) və İngiltərə Bankının iclasları keçiriləcək. Ekspertlər hesab edirlər ki, hər iki tənzimləyici uçot dərəcəsini 50 baza bəndi artıraraq müvafiq olaraq 3,5 faiz və 2,5 faizə çatdıracaq. Bundan əvvəl onlar dərəcələri 75 baza bəndi qaldırmışdılar.

Qlobal fond bazarları FED qərarını həyəcanla gözləməkdədir. Hesab olunur ki, uçot dərəcəsinin 0,25 faiz bəndi artırılması bazarlar üçün müsbət siqnal olmaqla artımlara gətirib çıxara bilər. 0,50 faiz bəndi artım olarsa, bu, bazarlarda mövcud vəziyyətin sabitləşməsinə gətirib çıxarar. FED uçot dərəcəsini 0,75 faiz artırarsa, bu, bazarlar üçün mənfi siqnal olmaqla indekslərin, əmtəə bazarlarında isə qiymətlərin düşməsini şərtləndirəcək.

FED iclası öncəsi bazar ertəsi və çərşənbə axşamı dolların qiyməti avro və yen qarşısında müxtəlif istiqamətlərdə dəyişib. Avro/dollar məzənnəsi fərqli dəyişikliklər nümayiş etdirib. "Associated Press"in sitat gətirdiyi Mizuho Bankın analitikləri hesab edirlər ki, əsas mərkəzi bankların, o cümlədən FED-in iclasları, “xüsusilə də faizlərin artırılmasının səbəb olduğu inflyasiya riskləri və tənəzzül qorxuları arasında qəbul edilən gərginliyi nəzərə alsaq, potensial olaraq bazarlarda böyük volatilliyə səbəb ola bilər”.

FED-in uçot dərəcəsi ilə bağlı qərarına təsir edən başlıca amil ABŞ-da inflyasiya göstəricisidir. Oktyabrda bu göstəricinin azalması qeydə alınıb. Noyabrda tendensiyanın daha da artacağı gözlənilir.  Belə ki, ABŞ əhalisinin inflyasiya gözləntilərində də kəskin azalma qeydə alınıb. Nyu-York Federal Ehtiyat Bankının apardığı sorğunun nəticələrinə əsasən əhali noyabrda inflyasiyanın 5,2 faiz olduğu qənaətindədir. Oktyabrda ABŞ vətəndaşları qiymətlərin 5,9 faiz bahalaşdığını bildirmişdilər. Noyabrdakı gözləntilər 2021-ci ilin avqustundan bəri ən aşağı göstəricidir. Analitiklər əhali qiymətləndirməsində inflyasiyanın 5,8 faiz azalmasının qeydə alınacağını proqnozlaşdırmışdılar.

Fed piyasalara büyük bir sürpriz yapabilir haberi - BorsaGündem.com

ABŞ vətəndaşlarının fikrincə, 3 ildən sonra inflyasiya 3 faizə, 5 ildən sonra isə 2,3 faizə qədər zəifləyəcək.

"JPMorgan Chase & Co." analitiklərinin fikrincə, ABŞ-da inflyasiyanın sürətlə aşağı düşməsi Standard & Poor’s 500 indeksinin kəskin artımına gətirib çıxara bilər. Oktyabrda ABŞ-da illik inflyasiya 7,7 faiz təşkil edib. Noyabrın yekununda bu göstəricinin 6,9 faizə qədər zəifləməsi baş vermiş olarsa, onda S&P 500 indeksi 8-10 faiz yüksələ bilər: “Məsələ burasındadır ki, inflyasiya çox sürətlə azalır. Belə halda bazar 2023-cü ildə inflyasiyanın təxminən 3 faizə qədər azalacağına daha möhkəm inanır. Belədə isə Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini 5 faiz həddində saxlaması çətin ki, mümkün olsun”.

Lakin bank analitiklərinin bu proqnozunun özünü doğrultması ehtimalı elə də yüksək qiymətləndirilmir. “Trading Economics”in rəyini aldığı analitiklərin proqnozuna görə, noyabrda ABŞ-da inflyasiya 7,3 faizə qədər azalıb.

"JPMorgan" analitikləri isə inflyasiyanın noyabrda 7,2-7,4 faizədək zəifləməsini gözləyirlər. Bu halda S&P 500 indeksinin 2-3 faiz artması realdır. Lakin əks nəticə olarsa - inflyasiya artarsa, onda bu, indeksin 4,5-6 faiz düşməsinə gətirib çıxara bilər. 

Qeyd edək ki, inflyasiya yalnız ABŞ-da deyil, dünyanın ikinci böyük iqtisadi mərkəzi olan Avropa Birliyində də zəifləməyə başlayıb. Birliyin aparıcı iqtisadiyyatına malik Almaniyada noyabrda illik inflyasiya 10 faizə düşüb. Almaniya Federal Statistika qurumunun yekun məlumatına əsasən, oktyabrla müqayisədə ölkədə inflyasiya 0,5 faiz azalıb. Qurum bəyan edib ki, Almaniyada inflyasiyanı tətikləyən əsas amil Ukraynada müharibə başlayandan sonra enerjidaşıyıcıları bazarında müşahidə olunan kəskin bahalaşmadır.

Maraqlıdır ki, dünyada qlobal böhrana gətirəcək amillər arasında əsas yerlərdən birini tutan qlobal borcların həcmində azalma qeydə alınıb. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, 2021-ci ildə qlobal borcun həcmi 10 faiz bəndi azalmaqla qlobal ÜDM-in 247 faizinə bərabər olub. Bu, son 70 ildə qeydə alınan ən böyük azalmadır. Bu göstərici 2020-ci ildəki rekord artımdan sonra qeydə alınıb. Həmin il qlobal borcun ÜDM-ə nisbətində 29 faiz bəndi artım baş verib.

Ötən il dövlətlərin borclanması ÜDM-in 2020-ci ildəki 100 faizi həddindən 96 faizə qədər azalıb. Buna yüksək inflyasiya, pandemiyadan sonrakı iqtisadi canlanma və pandemiyaya görə tətbiq olunan yardımların dayandırılması imkan verib. Bu zaman ABŞ-da dövlət borcu 135 faizdən 128 faizə düşdüyü halda Çində 68 faizdən 71 faizə qədər yüksəlib.

Dolların faiz dərəcəsi artırıldı

Dünya özəl sektorunun borcu isə 160 faizdən 153 faizə düşüb. O cümlədən ABŞ-da bu göstərici 165 faizdən 159 faizə, Çində isə 201 faizdən 194 faizə qədər azalıb. Qlobal borcun ÜDM-ə nisbətində azalma baş versə də, 2021-ci ildə onun dollar ifadəsində həcmi artaraq 235 trilyon dollara çatıb.

Qlobal iqtisadiyyatda böyük paya malik iki iqtisadiyyatda - ABŞ və Avropada inflyasiyanın azalması dünya iqtisadiyyatında resessiya ehtimalını zəiflədir. Dünya iqtisadiyyatının resessiyadan yayınması isə iqtisadi aktivliyin yüksəlməsi, dünya əmtəə bazarlarında tələbin artacağına dair pozitiv meylin güclənməsinə gətirib çıxara bilər. Belə bazarlardan biri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən neft bazarıdır. Son 6 həftə ərzində Çin, ABŞ və Avropa iqtisadiyyatlarında müxtəlif səbəblərdən baş verən neqativ proseslər neft bazarında qiymətlərin 99-100 dollar həddindən 76-77 dollara qədər ucuzlaşmasını şərtləndirib. Qlobal resessiya olacağı təqdirdə, qiymətlərin daha aşağı həddə düşəcəyi şübhəsizdir. Bu isə Azərbaycan kimi iqtisadiyyatı neft üzərində qurulan ölkələrdə makroiqtisadi sabitlik üçün böyük təhdid hesab olunur.

Qlobal bazarlarda, ayrı-ayrı iqtisadi mərkəzlərdə inflyasiyanın zəifləməsi Azərbaycanda hələlik hiss olunmur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 13,8 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,4 faiz bahalaşıb. Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 15,1 faiz artım nümayiş etdirib.

FED-in faiz artımı ehtimalları dolların yenidən bahalaşmasına dəstək olur -  İnvestAZ TƏQDİM EDİR - FED.az

Statistika Komitəsinin hesablamalarına əsasən, noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 20,1 artıb. Bilavasitə ərzaq məhsulları ötən ilin noyabrına nisbətən 20,8 faiz bahalaşıb. Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 12,1 faiz təşkil edib. Cari ilin noyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, polietilen su və kanalizasiya borularının, paltaryuyan maşınların, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dərman vasitələrindən validol və yodun, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və sementin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 10,7 faiz artıb.

Azərbaycanın 2023-cü il dövlət büdcəsi neftin 50 dollarlıq orta bazar qiyməti əsasında hazırlanıb. Buna görə də ekspertlər növbəti il ərzində büdcənin icrasında hər hansı problem olmayacağı qənaətindədirlər. Belə ki, analitik mərkəzlərin proqnozları 2023-cü ildə neftin orta qiymətinin 90 dollar ətrafında olacağı istiqamətindədir. Neft bazarında qiymətləri yüksəldən şərtlərin kəskin dəyişməsi gözlənilmədiyinə görə bu proqnozların özünü doğruldacağı gözlənilən hesab olunur.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR