İnsanlara hürriyət, millətlərə istiqlal!

O ombudsmanı Laçına kim buraxdı?

1343 19.02.2022 09:50 Yazarlar A A

“Rusiya sülhməramlıları bir gün ərzində 600-dən çox avtomobilin və 2 minə yaxın insanın Dağlıq Qarabağa və geriyə təhlükəsiz girişini təmin edib”. Belə bir məlumatı Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Hələ də anlada bilmirik ki, onların dediyi “Dağlıq Qarabağ” adlı inzibati ərazi bölgüsü yoxdur, ölüb, umer!!! Bu, həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunlarına hörmətsizlikdir.

Qarabağın sülhməramlıların təsir zonasında məgər “yel əsib, qoz tökülüb” ki, bura təkcə bir sutka ərzində 2 min nəfər gir-çıx eləyib?! Bundan əvvəlki rəsmi məlumatda 500 avtomobilin, 1,5 min nəfər insanın Laçın dəhlizindən istifadə edərək Qarabağa gəldiyi açıqlanmışdı. Demək? artırırlar...

Gələnlər Azərbaycan ərazisində nə axtarırlar belə? 600 maşın nə aparıb, nə gətirib, yaxud kimləri daşıyıb, təkcə bir gün ərzində? Bu hesabla bir ayda nə qədər qanunsuz və müəmmalı giriş-çıxış olur ərazilərimizə?

Suallar çoxdur, amma hələ ki, cavabı verilmir, bundan əvvəlki susqunluq davam edir, ermənilərin Şuşa ətrafında atdığı “İsgəndər-M” müəmmasınadək...

Azərbaycan Prezidenti də bir neçə dəfə sülhməramlıların fəaliyyətindən narazılığını ifadə edib. Dövlət başçımız da bildirib ki, sülhməramlı kontingent daha çox erməninin Qarabağa gəlməsində, gətitilməsində maraqlıdır, nəinki getməsində. Faktiki olaraq gediş əngəllənir, Qarabağda ermənilərin sayını artırmaqdır hədəfdə. Bəs necə, Xocalıda, Xankəndidə tikilən hündürmərtəbəli binalarda yaşamaq üçün yeni erməni köçü lazımdır. Yoxsa bir ovuc - 25-30 minlik Qarabağ ermənisinə görə rus sülhməramlıların daha 5-10 il qalmasının zəruriliyinə kimi inandırmaq olar? Həm də vaxtaşırı gərginliyi tətikləməyə, süni şəkildə “xoxan” obrazı yaratmağa ehtiyac var. Əks halda deyərlər ki, daha ermənilərlə azərbaycanlılar “lənət şeytana” deyib, normal münasibətlər çərçivəsində, dinc qonşuluq şəraitində, birgəyaşayışa qərar veriblər, İvanın burda keşik çəkməsinə ehtiyac qalmır.

Ağdərə istiqamətində təşkil olunan tamaşa da məhz bu planın tərkib hissəsiydi. Kimi inandırmaq olar ki, 44 günlük müharibədə gizlənməyə siçan deşiyi axtaran erməni quldurlar indi Kəlbəcərə yük aparan Azərbaycan maşınlarının qarşısını kəsib, onları geri qaytarır, yaxud şərt irəli sürür? Onlarda bu cəsarət hardandır? Necə olur ki, Laçın dəhlizi ilə bir gün ərzində 2 min nəfərin, 600 maşının giriş-çıxışını problemsiz həll edən Rusiya hərbçiləri Kəlbəcərə yük daşıyan Azərbaycan maşınlarının təhlükəsiz keçidini təmin edə bilməyib, ermənilərə “von otsyuda!” komandasını verib, havaya bircə dəfə xəbərdarlıq atəşi açmaqdansa, terrorçuları himayə edib?!

10 noyabr bəyanatının 6-cı maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Yaxşı, bəs Azərbaycan maşınlarının Kəlbəcərə təhlükəsiz keçidini kim təşkil etməlidir?! Əgər sülhməramlılar ermənilərlə bacarmırsa, çəkilsin kənara, Azərbaycan əsgəri bircə saata məsələni həll eləsin. Niyə keçilməz Murov yolu ilə, risk altında və əlavə xərclərlə Kəlbəcərə getməliyəm, erməni quldurları da bu səhnədən zövq almalıdır?..

Rusiya qurumunun məlumatında daha bir əcaib məqama diqqət edək. Bildirilir ki, “hərbçilər Dağlıq Qarabağda bütün demarkasiya xəttində (!) və Laçın dəhlizində yerləşən ümumən 27 müşahidə məntəqəsinin hamısında gecə-gündüz atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər”. “Demarkasiya xətti” nə demək? Bunu hardan çıxardı rus tərəf? Əslində bununla Rusiya hərbçiləri Qarabağ separatçılarının “səngər” qazma, istehkamlar tikmə prosesində ortaq olduqlarını rəsmiləşdirmiş olurlar. Demarkasiya və delimitasiya ifadəsinə burada qəti şəkildə yer ola bilməz!

Azərbaycan ərazisinə qanunsuz gələnlərdən biri Ermənistandakı revanşistlərin nümayəndəsi ombudsman Arman Tatoyan olub. Gecə-gündüz Azərbaycana qarşı nifrət püskürən və şər maşınını bir an dayandırmayan Tatoyan “dqr”in oyuncaq “dövlət naziri” Artak Beqlaryanla birgə Laçının Zabux, Xocavəndin Qırmızı Bazar, Taqavard kəndlərindəki “əhalinin problemlərini dinləyib”. Ermənilər yazıb ki, Tatoyan “dqr”in “yaradılmasının 34 illiyi” ilə bağlı gəlib. Biz deyirik belə qurum yoxdur, bunlar “yaranma”nı qeyd edir. Rusiya rəsmilərinin açıqlamasındakı ifadələrin ardınca gözləniləndir... “Kor atın nalbəndi” Beqlaryan isə Tatoyana əməkdaşlığa görə “xatirə medalı”nı təqdim edib. Sülhməramlılar bu suala da cavab verməlidir: Tatoyanın Qarabağda nə ölümü var?

Deyəsən, tamaşa çox uzandı axı...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR