İnsanlara hürriyət, millətlərə istiqlal!

Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Xəmsə"sinin təqdimatı keçirilib

Oktyabrın 10-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dahi şair Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Xəmsə"sinin təqdimatı keçirilib.

Vəsait Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə bu ölkənin xalq şairi Camal Kamal tərəfindən tərcümə edilib.

Tədbirdə Milli Məclisin deputatı, AMEA-nın professoru Qənirə Paşayeva, filologiya üzrə elmlər doktoru Sona Vəliyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistan Yazıçılar Birliyinin üzvü, publisist Babaxan Şərif, şairə Xasiyyət Rüstəmova, tarixçi-publisist Şöhrət Barlas, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.

Mərasimi muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq "Nizami "Xəmsə"sinin yeni təntənəsi" mövzusunda məruzə ilə çıxış edib. Akademik qeyd edib ki, XII-XIII əsrlərdə yaşamış dahi Nizami Gəncəvinin irsi hər zaman dünya ədəbi-elmi fikrinin diqqət mərkəzində olub, tükənməz xəzinə kimi qorunub saxlanılıb. R.Hüseynov Nizaminin öz yaradıcılığı ilə fars dilini ən yüksək mərhələyə qaldırdığını, lakin bütün əsərlərində türkçülüyün nəfəsinin hiss olunduğunu vurğulayıb.

XIII əsrdə Hindistanın türk əsilli böyük şairi Əmir Xosrov Dəhləvi tərəfindən Nizaminin "Xəmsə"sinə cavab yazıldığını deyən R.Hüseynov bununla Nizamişünaslığın əsasının qoyulduğunu, sonrakı dövrlərdə bir çox tanınmış ədiblərin dahi şairin poemalarına müraciət etdiyini bildirib. Akademik həmin ədiblərdən görkəmli özbək şairi Əlişir Nəvainin "Xəmsə"sinin xüsusilə fərqləndiyini və onun Nizami Gəncəvinin əsərlərini yeni mərhələyə qaldırdığını diqqətə çatdırıb.

Özbəkistan elmi-ədəbi ictimaiyyətində Nizaminin daim xatırlandığını və sevildiyini deyən məruzəçi bildirib ki, Daşkənd şəhərində yerləşən Dövlət Pedaqoji Universiteti 1936-cı ildən dahi azərbaycanlı şairin adını daşıyır. Təqdimatı keçirilən kitabın Camal Kamal tərəfindən yüksək peşəkarlıqla tərcümə edildiyini diqqətə çatdıran akademik nəşrin bir çox ölkələrin elmi mərkəzlərinə göndəriləcəyini söyləyib. R.Hüseynov, həmçinin Nizaminin divanının nəşrə hazırlandığını və çap olunduqdan sonra özbək dilinə tərcüməsinin nəzərdə tutulduğunu vurğulayıb. Bundan əlavə, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının Slovakiyada özünün yazdığı müqəddimə ilə işıq üzü gördüyünü xatırladan alim şairin digər əsərlərinin də slovak dilində nəşrinin planlaşdırıldığını deyib.

R.Hüseynov, o cümlədən hazırda Əlişir Nəvainin "Xəmsə"sinin filologiya elmləri doktoru Ramiz Əskər tərəfindən Azərbaycan dilinə tərcümə edildiyini bildirib.

Sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, mərkəz 2013-cü ildə fəaliyyətə başlayıb və ötən dövr ərzində Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına dair 60-dan artıq kitab özbək dilinə tərcümə olunub. Nizaminin əsrlərdir poemaları ilə bəşəriyyəti fəth etdiyini deyən S.Abbasov yeni nəşrin iki xalq arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcəyini bildirib.

Tədbirdə, həmçinin muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirlinin "Nizami və özbək ədəbiyyatı" və şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamil Allahyarovun "Nizami əsərlərinin təbliğində tərcümənin rolu" mövzusunda məruzələri dinlənilib.

Mərasim öz işini çıxışlarla davam etdirib.//cience.gov.az

 

 

Şərh yoxdur