İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə bəzi dövlətlər dağılır, Azərbaycan isə güclənir: böyük uğurun arxasındakı əsas güc

696 19.06.2026 15:10 Ölkə A A

Müstəqillik qazandıqdan sonra hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri daxili sabitliyi təmin etmək, iqtisadi inkişaf üçün əlverişli şərait yaratmaq və vətəndaşların rifahını yüksəltməkdir.

Dünya təcrübəsi göstərir ki, siyasi, iqtisadi və sosial sabitlik olmadan davamlı inkişafdan danışmaq mümkün deyil.

Politoloq Yusif Bağırzadə Musavat.com-a bu barədə şərhində bildirib ki, Azərbaycanın müstəqillik tarixinin böyük hissəsi göstərir ki, sabitlik inkişafın əsas şərtidir. Siyasi sabitlik iqtisadi yüksəlişə, iqtisadi inkişaf sosial rifahın artmasına, sosial rifah isə cəmiyyətin dayanıqlığına xidmət edir:

“Azərbaycan sabit inkişaf yolunu keçmiş ölkədir. Siyasi, iqtisadi və sosial sabitlik ölkənin əsas uğur faktorudur. Azərbaycanın 35 illik müstəqillik təcrübəsi sübut edir ki, sabitlik və inkişaf bir-birini tamamlayan, dövlətin gücünü və gələcəyini müəyyən edən əsas amillərdir. Ölkəmizin 35 ilə yaxın müstəqillik dövrünə nəzər saldıqda da aydın görünür ki, ölkənin əldə etdiyi uğurların təməlində məhz sabitlik amili dayanır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi sınaqlarla üzləşdi. Ermənistanın hərbi təcavüzü, torpaqların işğalı, iqtisadi böhran, siyasi qarşıdurmalar və idarəetmə böhranı ölkəni ağır vəziyyətə salmışdı. Həmin dövrdə ölkədə hakimiyyət uğrunda mübarizə, silahlı qarşıdurmalar və iqtisadi tənəzzül Azərbaycanın gələcək inkişaf perspektivlərini ciddi şəkildə məhdudlaşdırırdı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu prosesində yeni mərhələ başladı. İlk növbədə ölkədə siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi və milli həmrəylik gücləndirildi. Məhz bu sabitlik sonrakı illərdə həyata keçirilən iqtisadi islahatlar və beynəlxalq əməkdaşlıq layihələri üçün etibarlı zəmin yaratdı. Prezident İlham Əliyevin Ulu öndərin əsasını qoyduğu siyasəti çox yüksək səviyyədə uğurla həyata keçirməsi Azərbaycanı dünyada ən sabit ölkələrdən biri səviyyəsinə yüksəltdi. Sabitlik möhkəmləndikcə özü ilə bərabər iqtisadi imkanlar da gətirdi. Sabitliyin iqtisadi inkişafla birbaşa əlaqəsi Azərbaycanın timsalında özünü aydın şəkildə göstərir”.

Politoloq koronavirusa yoluxub

Ekspert qeyd edib ki, iş adamları, xarici şirkətlər yalnız təhlükəsiz və sabit mühitin mövcud olduğu ölkələrə sərmayə yatırırlar. Azərbaycanda yaradılan sabit siyasi mühit yerli və beynəlxalq investorların inamını artırdı, həmçinin ölkənin enerji sektorunda sürətli inkişafın əsasını qoydu:

“Azərbaycanın beynəlxalq nüfuzunun artması da sabitlik amili ilə sıx bağlıdır. Son illərdə ölkə bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Qlobal siyasi və iqtisadi forumlar, beynəlxalq idman yarışları, humanitar tədbirlər və iqlim konfransları Azərbaycanın etibarlı tərəfdaş və sabit ölkə kimi qəbul edilməsinin göstəricisidir. Xarici dövlətlər və beynəlxalq təşkilatlar üçün də etibarlı əməkdaşlıq mühiti məhz sabitlik şəraitində formalaşır. Sosial sabitlik də inkişafın vacib komponentlərindən biridir. Dövlət tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqqılarının və pensiyaların artırılması, yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə sahələrinə yatırılan investisiyalar cəmiyyətdə sosial rifahın yüksəlməsinə xidmət edir. Sosial təminatın gücləndirilməsi öz növbəsində ictimai sabitliyin qorunmasına və inkişafın davamlı xarakter almasına şərait yaradır”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR