İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə 3890 itkinimizi Laçın, Xocalı, Xocavənddə... axtarmırıq?

1530 29.01.2022 21:30 Yazarlar A A

Bu günlərdə 1-ci Qarabağ Müharibəsinin sirli və ağrılı səhifələrdən daha birini yad elədik: Daşaltı faciəsini. Bir təskinliyimiz var ki, Daşaltı uğrunda qurban gedən şəhidlərimizin ruhu şaddır: 2020-ci ilin noyabrından Daşaltıda Azərbaycan bayrağı dalğalanır, kənd məscidinin təməl daşı belə, qoyulub, tezliklə sakinlərini qəbul edəcək yurdumuz...

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib ki, Daşaltıda 44 vətəndaşımız itkin düşüb. Ötən ilin fevralında kənddə həlak olmuş və dəfn edilmiş Azərbaycan vətəndaşlarına aid edildiyi bildirilən məzar yeri müəyyən edilərək orada ekshumasiya aparılıb. İndi görün nə qədər ailənin gözü yoldadır, görəsən, kimin balasıdır, deyə...

Təkcə Daşaltı ilə bağlı 44 ailənin gözü yolda, qulağı səsdədir. Amma ümumilikdə Birinci Qarabağ Müharibəsində əsir düşmüş, girov görürülmüş vətəndaşlarımızın sayı 3890 nəfərdir!!!  Buraya 44 günlük müharibədə itkin düşmüş 6 nəfəri də əlavə edək - 3896 azərbaycanlının taleyindən xəbər yoxdur! Ermənistanın himayədarları yeri gəldi-gəlmədi, sonuncu müharibədə itkin düşmüş 200-ədək işğalçı ilə bağlı Azərbaycana suallar ünvanlayır, 3896 nəfərimizi görməzdən gəlirlər. Üstəlik, anlamaq istəmirlər ki, Ermənistan işğalçı tərəfdir və onu müdafiə etmək elə işğalı stimullaşdırmaqdır. Amma kimə deyirsən...

Bölgədə təhlükəsizliyi təmin etməli olan Rusiya sülhməramlılarının ötən müddətdə əsas işi isə “erməni zəvvarları”nı Kəlbəcərdəki Xudavəng, Ağdərədəki Gəncəsər məbədlərinə, Xocavənddəki Amasar kilsəsinə daşımaq olub. Hansı ki, bunların, heç birinin ermənilərlə bağlılığı olmayıb. Tarixi mənbələr var, hətta bəzi ermənilər də etiraf edib ki, Qarabağdakı 128 alban məbədi son iki əsrdə erməni qriqoryan kilsəsinə çevrilib - təbii ki, Çar Rusiyasının sayəsində. İndi də sülhməramlılar sanki Pyotun vəziyyətini icra etməyə gəliblər, Qarabağda saxlamaq, çoxaltmaq istədikləri ermənilərə kilsə “yapışqanı” vururlar. Hətta Ermənistandan da “zəvvar” adı ilə bir ucdan Qarabağa erməni daşıyırlar.

Nə baş verdi ki, ermənilər birdən-birə dinə-imana gəldi, ibadət yadlarına düşdü, sualına cavab verən yoxdur. Bir də ki, erməni keşişlərini gördük, 44 günlük müharibədə əllərinə silah alıb yad torpağı uğrunda döyüşürdülər, hətta əsir düşən, göz yaşı tökənlər də oldu.

Yaxşı, ermənilərin nazı ilə bu qədər oynayan sülhməramlılar niyə bir dəfə Azərbaycan tərəfə müraciət edib, bizlərin də ziyarətgahlarımıza getməyimizi təmin etmir? Hər halda onların “qoruduğu” ərazilərimizdə divarları da olsa, dini məbədlərimiz, həmçinin məzar yerlərimiz var, niyə onları ziyarət üçün şərait yaradılmır?

Ermənilər 1 il 3 aydır döyüş meydanında, Azərbaycanın nəzarətində olan ərazilərdə meyitlərini axtarırlar. Bu günədək 1708 meyit aparıblar. Buna Azərbaycan şərait yaradıb və rus sülhməramlıları erməniləri yanına salıb, axtarışları davam etdirirlər. Əslində, Azərbaycana qarşı xain mina təxribatları törədiləndən sonra bu axtarışları da qadağan etmək olardı, amma dövlətimiz buna getmədi. Elə isə bunun qarşılığında Rusiya sülhməramlıları niyə Azərbaycana hazırda ermənilərin yaşadığı bölgələrdə, Xankəndi, Kərkicahan, Xocalı, Ağdərə, Xocavənd istiqamətində, Laçında, Şuşanın kəndlərində... araşdırmalar aparmaq imkanı yaratmır? Erməniləri qovmaq üçün ora getmirik ki, itkinlərimizi axtarırıq. Beynəlxalq təşkilatlara davamlı müraciətlər öz yerində, amma biz suveren ərazimizdə itkin vətəndaşlarımızın axtarışlarını həyata keçirməliyik. Təkcə Qazaxın Bağanis Ayrım kəndində 5 nəfərlik bir ailə yandırılıb 1990-cı ilin 24 mart kecəsində, niyə onlarla bağlı axtarış aparılmasına imkan verilməməlidir?! Ermənilərlə bağlı belə faktlar olsaydı, susardılarmı?

Keçən il Kəlbəcərin Başlıbel kəndində ermənilərin soyqırım etdiyi, kütləvi dəfn edilmiş insanların məzarları açıldı, yaxınlarının iştirakı ilə yenidən dəfn olundular. Heç olmasa 12 ailə rahatlıq tapdı. Azərbaycanda 3890 (2020-ci ildən daha 6 nəfər) ailə şəhid yolunu gözləyir. Məncə, rəsmi qaydada və elə vətəndaş olaraq sülhməramlılara müraciət etmək vaxtıdır.

İllər keçdikcə, o nümunələrin tapılması da müşkülə dönəcək. İnsanlarımız nisgilli köçür dünyadan, doğmasından xəbər tutmadan. Bir vaxtlar xəbər yayılırdı ki, azərbaycanlı əsir və girovlar Qarabağdakı mis, qızıl mədənlərində işlədilir. Sonra onlar hara yoxa çıxdı? Ermənistan bütün bu suallara cavab verməlidir...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR