İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyam Salami: “Maşın” şousunun tarixində hələ belə şey olmamışdı...

7936 29.05.2015 15:31 Son xəbər A A
Murad Dadaşovun layihə rəhbəri və aparıcısı olduğu məşhur “Maşın” realiti şousunun qalibi axır ki, məlum olub. Belə ki, mayın 9-dan ANS telekanalında “Daha bir nağıl” devizi ilə efirə gedən yarışmada avtomobili tanınmış müğənni Xatirə İslam qazanıb.

Finala qalan üç iştirakçı - müğənni Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı 47 saat yatmadan maşın ətrafında dayanıb. Əlini avtomobildən ilk çəkən Samir Cavadzadə olub. Buna səbəb kimi o bildirib ki, ayağında problenlər yaranıb. Daha sonra iştirakçılar həkim müayinəsindən keçib. Həkimlərin bildirdiyinə görə, meyxanaçı Rəşad Dağlının səhhəti onun  oyunu davam etdirməsinə mane olub. Sona qalan müğənni Xatirə İslam açarı götürərək dostları Aşıq Əli, Emil Bədəlov və Rüfət Axundovu maşına əyləşdirib və studiyadan çıxıb.
 
“Maşın şou”- nun iştirakçılarından olan Niyam Salami həmkarının qalib gəlməsinə təəcüblənmədiyini deyib. Bu barədə “Yeni Müsavat”ın əməkdaşına danışan müğənni xanım həmkarının dözümlülüyünü alqışladığını bildirib:
“Əvvəldən bilirdim ki, sonluğa Xatirə qalacaq. Çünki onların arasında ən dözümlüsü olan  Xatirə İslam və Samir Cavadzadə idi. Sonradan Samirlə görüşüb  bu barədə söhbət edəndə o, bildirdi ki, ayağında problem yaranmasaydı, sonadək tab gətirə bilərdi.
Bildiyiniz kimi, iştirakçılar 47 saat maşının arxasında oldular. Deyim ki, “Maşın” realiti şounun tarixində hələ belə şey olmamışdı. Mənim onlara xeyli yazığım gəldi. Meyxanaçı Rəşadın ayağı şişdi, Samirin ayağında problemlər yarandı. Buna görə Xatirəyə halal olsun. Bir qadın kimi bütün bunlara dözüb sonda qalib oldu”.

Müğənni adı çəkilən realiti şou oyunundakı iştirakından da danışıb:
“Mən ora Aygün xanımla birgə getmişdim. Həmin zaman o bizə dedi ki, “Murad Dadaşov mənim yaxın dostumdur, gəlin birlikdə gedib oyun oynayaq. Bizim amalımız sırf maşını udmaqla bağlı deyildi, əsasən istəyirdik ki, şou göstərək. Yəni maşın iddiası ilə oyuna yanaşmamışdıq”.

Niyam Salami oyun zamanı yaşanan olay və qalmaqallardan da bəhs edib:
“Ordakı bütün sənətçiləri yaxından tanıyırdım. Hər birinin hansı xarakterə malik olduğunu, nə edə biləcəyini, hansı ifadələr işlədəcəyini əvvəldən təxmin etmişdim. Buna görə də heç nəyə təəccüblənmədim. Çünki, kimi necə tanıyırdımsa efirdə özünü elə o cür də apardı.
Dərd orasındadır ki, insan özü kimi olmalıdır. Bəzən bir-birinə “bacım, qardaşım” deyib öpüşüb-görüşən bəzi şou nümyayəndələrinin əsl üzünü bu cür oyunlarda və yaxud yol yoldaşı olanda bilmək olur”.

Niyam Salami maşının daha çox kimin qazanmasını istədiyini dilə gətirib:
“Çox istərdim ki, sənətçilər arasında dostluq olardı və imkanı olmayan, maşına əsl ehtiyacı olan sənətçi qazanardı. Elə sənətçilərimiz var ki, onların yaşayış durumu çox pis vəziyyətdədir”.

Qeyd edək ki, mayın 9-dan ANS telekanalında yayımlanan “Maşın” realiti şousunun 18 iştirakçısı - xalq artisti Aygün Kazımova, əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Kərim Abbasov, Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, Malik Kələntərli, Günel Ələkbərova, Niyam Salami, Rəhim Rəhimli, Xatirə İslam, Samir Cavadzadə, Roza Zərgərli, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyev olub. 

Xatırldaq ki, Binəqədi rayonu ərazisində baş verən faciəli yanğında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq mayı ayının 19, 20 və 21-də “Maşın” realiti şousunun efir yayımı təxirə salınmışdı.

Xalidə Gəray

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR