İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikolun gözəlçə Nazelisinin “qaz”ı, Tomas de Vaalın “pas”ı və “Qisas-3”ün ayaq səsləri...

2855 04.07.2023 13:48 Yazarlar A A

Ermənistanın baş naziri Nikol Paşinyanın ofisi hökumət rəsmilərinin qarabağlı həmkarları ilə əlaqəni kəsməsilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib. Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkədə bildirib ki, bu cür iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, baş nazir Paşinyan dəfələrlə “Dağlıq Qarabağın rəhbəri” (?!-E.P.) Araik Arutyunyanla intensiv, gündəlik təmaslardan danışıb, sonuncu da bu məlumatı təsdiqləyib. Erməni gözəlçə xatırladıb ki, ötən ilin sonunda “blokada”nın nəticələrini aradan qaldırmaq və humanitar böhranı həll etmək üçün Ermənistan hökumətində baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə işçi qrup yaradılıb. Qrup “Dağlıq Qarabağ”ın “blokada”sı şəraitində təcili yardım tədbirlərinin hazırlanması və həyata keçirilməsi ilə məşğuldur.

Və erməni gözəlçə Nazeli bütün bunları Qarabağ separatçılarının “deputat qırığı” Metaxe Akopyanın dediklərinə cavab olaraq söyləyib. Akopyan bildirmişdi ki, “Laçın dəhlizinin blokadasından sonra” Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan “həmkarı” Artur Tovmasyanla heç vaxt telefon əlaqəsi saxlamayıb. Bundan sonra Simonyan da onun bəyanatını təkzib etmişdi. Yəni “yalan deyir, mən Tovmasyanla danışmışam da, sönməkdə olan ocağın gözünə kömür də atmışam, benzin də səpmişəm”. Ardınca da Nazeli təkzibi...

alen.jpg (54 KB)

Ortaya çıxan qənaət budur ki, Ermənistan rəhbərliyi Azərbaycanla “danışıq oyunu” oynamağa davam edir. Paşinyanın “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” bəyanatı da söz oyunundan başqa bir şey deyil. Əgər ərazi bütövlüyü tanınırsa, o halda Nikol elə bu gün gözəlçə Nazelinin bəyanatını təkzib etməli, “biz Azərbaycanın ərazi bütövlüyünü tanıdığımız üçün Qarabağdakı ermənilərlə hər hansı şəkildə kommunikasiya qurmuruq” - bəyanatını verməlidir. Amma bunu etməyəcək heç şübhəsiz. Çünki Qarabağdakı separatçı-terrorçu rejimin pulu da Ermənistandan gəlir – ildə ortalama yarım milyard dollar!!! Üstəlik, qaz, elektrik enerjisi, digər zəruri mallar. İnternet xətti belə... Bir ölkə ərazi bütövlüyünü tanıdığı ölkənin hüdudlarını aşan bu qədər özbaşınalıqlara yol verməməlidir və nəhayət, Ermənistan rəhbərliyi yerini bilməlidir! Əslində son açıqlamaları ilə ermənilər özləri Ermənistan hökumətinin min üzlü olduğunu ortaya qoyublar, bu ölkənin rəhbərliyini ifşa ediblər.

Aprelin 23-dən etibarən Azərbaycan Həkəri çayı üzərindəki körpüdə sərhəd-nəzarət məntəqəsini qurub, humanistlik göstərərək ermənilərin müəyyən prosedurları icra etməsi şərtilə ölkə ərazisinə giriş-çıxışına imkan yaradıb.

loqom.PNG (1.37 MB)

Ermənistan hələ də demoqogiya ilə məşğuldur, hara əli çatırsa, yaxasını yırtıb, üzünü cırıb, “blokada” nağılı danışır. Bu da Paşinyan və başının dəstəsinin gerçək simasını göstərən növbəti faktdır. Əgər normal mövqe sahibi olsaydılar, deyərdilər ki, pandemiya sərhədlərindən digər bütün sərhəd-buraxılış məntəqələrindəki quru yolları bağlı olan ölkə ermənilərə güzəşt edir, bu humanizmi danmaq adamlıqdan xaric mövqedir. Amma...

Bir neçə saat əvvəl Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı qanunsuz silahlı dəstələr tərəfindən Ağdam rayonunun bir saat ərzində atəşə tutulduğu barədə məlumat yaydı. Üstəlik, Paşinyanın Qarabağdakı tör-töküntülərinin mühəndis-istehkam mövqelərini qurmaq cəhdi göstərdikləri, lakin əsgərimizin işə qarışmasından sonra it kimi, zingildəyərək qaçıb aradan çıxdıqları məlum olub. Ardınca terrorçu rejimin “müdafiə ordusu” adlı oyuncaqdan təkzib gəlib. Kimsə də bu tulalardan soruşmur ki, sənin nə həddin var Azərbaycanla özünü tay tutmağa, rəsmi məlumatı yalanlamağa çalışırsan? Özü də bu, qılınc-qalxan zamanı deyil ki, deyəsən olmayıb, atəş açılıb, səsini eşidənlər var, güllə izləri ortada... Amma bunlar da, ümumiyyətlə, özünü Azərbaycanın içərisində “müdafiə ordusu” hesab edənlər dərhal və yerindəcə məhv edilməyi haqq edirlər, beynəlxalq hüquqa görə! Hansı normal ölkə öz daxilində ikinci müdafiə nazirliyi, yaxud ordusunun mövcudluğuna göz yuma bilər?! Kimsə belə bir hüququ tanıyırsa, aparsın Paşinyanın 10, yaxud özü demişkən, 25 min nəfərlik hərbçilərini yerləşdirsin öz ərazisində!

pasito.jpg (58 KB)

Bu mərhələdə özünü guya “konstruktiv” aparan canilərdən biri – terrorçu qurumun oyuncaq (keçmiş) “təhlükəsizlik şurasının katibi” Samvel Babayan “Bakı ilə Xankəndi arasında birbaşa dialoq başlanmalıdır və etimad yaratmağa, müxtəlif məsələlərdə razılığa gəlməyə çalışılmalıdır ki, insanlar dinc və normal yaşasınlar” - deyib. Yekəbaşlığın daha bir nümunəsidir. Nə dialoq, nə danışıq? Azərbaycan dövlətinin mövqeyi ortadadır: “Ya ölkə vətəndaşlığını qəbul edəcəksiniz, ya da yol açıqdır!” Yox, bəlkə 30 il Ermənistanla danışandan sonra daha 30 il də bir ovuc Qarabağ ermənisi ilə danışaq?

Hətta Karnegi fondunun baş eksperti Tomas de Vaal da da reallığı anlayıb, “pas” ötürüb dolayısı ilə, “Ermənistana deyirlər ki, siz Qarabağın “müstəqilliyi” ideyasının yoxa çıxdığını qəbul etməlisiniz” - deyib. Bəli, Azərbaycanın uğurlu diplomatiyasının, qətiyyətli siyasətinin və qalib Ordusunun sayəsində beynəlxalq aləm geridönüşü mümkün saymır, ona görə də ədalətli mövqenin alternativinin olmadığı ilə barışmaqdadır. Amma hətta bütün bunların fonunda Ermənistan rəhbərliyi özünün ənənəvi “küçə uşağı” libasından qurtula bilmir. Nazelinin revanşistlərə qaz verməsinin axırı yaxşı olmayacaq, hamısı bilsin!

“Qisas-3”ün AYAQ SƏSLƏRİ eşidilir!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR