İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol ovundu, Adam ovunmadı

1495 30.11.2021 03:52 Yazarlar A A

Amerikalı konqresmen Adam Şiffin dediklərini oxuyanda qeyri-ixtiyari ataların “it motaldan əl çəkdi, motal itdən əl çəkmədi” misalını xatırladım. Ermənistan sonuncu müharibədə aldığı zərbələrin yerini yamamaqla, yaralarını yalamaqla, sarımaqla məşğuldur, bu səbəbdən heç olmasa indiki dönəmdə Azərbaycan və Türkiyə ilə dil tapmağa, anlaşmağa, uçurumun başından geri qayıtmağa çalışır, amma həmin bu, amerikalı Adam deyir yox e, hara sakitləşirsiniz, imkan vermərəm.

Təsəvvür edin, Ermənistanın baş naziri Nikol Paşinyan ovunub, adam kimi danışmağa başlayıb, amma Adam ovunmur... Nikol Soçidəki üçtərəfli görüşdə özünü mötədil göstərməyə çalışdı, bəzi jestlər etdi. Sitata diqqət edin:“Bugünki görüşü mən də bütövlükdə çox müsbət qiymətləndirirəm. Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökümətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm”, söylədi. Nikol Azərbaycan dövlətinin və liderinin xatırlatmalarından dərs çıxararaq bu dəfə “hərbi əsirlər” ifadəsini dilə gətirmədi, vəziyyət yenidən xarablaşar, deyə. Amma okeanın o tayında oturub, ermənilərə “qorxma, qorxma” deyən həmin bu Şiff “Daşnaksütyun” partiyasının konfransına videomüraciətlə qatılaraq “Roma Papasından artıq katolik” olduğunu nümayiş etdirməyə cəhd göstərib. Görün nə deyib: “ABŞ Konqresində erməni qrupunun sədr müavini kimi mən erməni əsirlərin, qaçqınların evlərinə qayıtmasına qədər sakit olmayacam”. Həyasızlıqdır sadəcə.

Adam Şiffin abırsızlığı bununla bitməyib. İddia edib ki, Ermənistanda və “artsax”da minlərlə insan təhlükəli vəziyyətdə yaşayırlar. Bu təhlükənin nədən ibarət olduğunu deməyib, amma sözsüz ki, Azərbaycan ordusunun terrorçuları, işğalçıları darmadağın edib, sərhəd bütövlüyünü təmin etməsini nəzərdə tutub. Ancaq soruşan yoxdur ki, ay adam, bu “təhlükə”ni nədə görürsən? Bəlkə hansısa erməni uşağı, qadını, qocası gülləyə tuş gəlib. Biz 30 illik işğal dönəmində erməni gülləsinə hədəf olan 2 yaşlı Zəhranı, onun nənəsini, 9 yaşlı Farizi, elə 44 günlük müharibə günlərində Gəncənin günahsız körpələrinin, qadınlarının müsibətini unutmamışıq və unutmayacağıq. Adamda azacız insanlıq olsa, o da unutmazdı.

“Mən həmişə Ermənistan və “artsax”la bir yerdə olacağam”, deməklə əslində konqresmen ermənilərin sonuna çıxmaq istədiyini nümayiş etdirib. Erməni cəmiyyəti anlasa, bilər ki, bu fəlakətləri onların başına gətirən həm də adamabənzər məxluqlardır.

Adam Şiff kimi ermənisifətlilərin cəhdləri bilirsiniz nəyə bənzəyir? Güclü zəlzələlərdən sonra davam edən kiçik avtoşoplara. Avtoşop təkan deyil, amma bir az da narahatlıq yaradır. İndi bu, “adamabənzər” avtoşoplar da ürək bulandırır.

44 günlük müharibədən sonra bir çox erməni ekspertlər Nikol Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyinin yanlışlığından bəhs edirlər. Bir çoxları nəinki yanlışlıqlardan danışırlar, hətta erməni xalqına qarşı törətdikləri cinayətlərə görə Paşinyan və onun komandasının cavab verməli olduğunu deyirlər. Revanşistlər, Paşinyan hakimiyyətini qəbul etməyən, radikal müxalifətin münasibəti bəllidir, deyək ki, onların hakimiyyətə qəzəbi başqa maraqlardan qaynaqlanır, amma normal düşünmək imkanına malik bir sıra ermənilər də fəlakətlərə görə məhz Ermənistan rəhbərliyini ittiham edirlər. Hətta deyirlər ki, Paşinyan ziyanın yarısından qayıda, müharibəni oktybarın ilk günlərində dayandıra bilərdi, minlərlə ölü, yaralı, itkin olmazdı. Həqiqətən də əgər Azərbaycan Prezidentinin tələbinə əməl olunsaydı, torpaqların işğaldan azad ediməsi üçün konkret qrafik 10 noyabr kapitulyasiya aktından sonra yox, elə oktyabr ayında təqdim olunsaydı, bu qədər erməninin meyiti döyüş meydanında qalmazdı. Yeri gəlmişkən, dekabrın 2-də Ermənistanda dəfn günü elan olunub. Noyabrın 2-də Azərbaycan tərəfin qaytardığı 11 meyitin şəxsiyyəti müəyyənləşdirilib və onların dəfni təşkil ediləcək. Günahkar kimdir? Təbii ki, Ermənistan hakimiyyəti! Adam Şiff məgər normal düşüncə sahibi olan ermənilər qədər də düşünə bilmir, yoxsa reallıqdan xəbərsizdir? Təbii ki, düşüncəsi də var, xəbəri də, sadəcə erməni “tor”unda olması, ermənilərin çirkli pullarından qidalanması ona normal mövqe sərgiləmək imkanı vermir. Axı, yeməyi (oxu: yalı) kəsilər, əks təqdirdə.

Müharibədən sonra Azərbaycan çoxsaylı jestlər edib Ermənistana. Baxmayaraq ki, bu ölkənin varlığı bizim üçün təhdid sayılmalıdır, 30 il ərzində etdiklərinə, törətdiyi cinayətlərə rəğmən. 100-dən çox erməni hərbçisi İrəvana təhvil verilib. Hətta onların 15-i ABŞ-ın Gürcüstan üzərindən vasitəçiliyi əsasında qaytarılıb. Adamın ölkəsinin də sözünü eşidib Bakı.

Qarşı tərəfin davranışları necə olub? Xatırlayaq: işğal dövründə Kəlbəcər rayonunda qanunsuz olaraq girov saxladıqları iki azərbaycanlını yalnız müharibədən sonra, Azərbaycan dövlətinin tələbləri qarşılığında qaytardı İrəvan. Ancaq o illər ərzində Adamın dili lal oldu, bircə kərə Şuşa türməsində saxlanılan dinc sakinlərimizə görə səsini çıxartmadı. Bu gün erməni terrorçularına görə yaxasını cıran, onlar azad olmayınca, rahat oturmayacağını deyən ermənisifət konqresmen o zaman heç sifətini də turşutmamışdı. Hətta fürsət düşən kimi, yolunu Qarabağdan salırdı, separatçı-terrorçu rejim təmsilçiləri ilə qol-boyun olurdu. İndi ayağı kəsilib, gələ bilmir əsgərimizin qorxusundan, ona görə də “ulduza hürən” misalını xatırladır.

Amerika Konqresindəki ermənisevərlər 1992-ci ildə Azadlığın müdafiə Aktına 907-ci düzəlişi qəbul etdilər, Azərbaycana qarşı sanksiya qərarını. Çox çalışdılar, nəticə əldə edə bilmədilər, silah satmadıqları Azərbaycan 21-ci əsr silahı ilə BMT qətnamələrini təkbaşına yerinə yetirdi, indi də yenidən tikir Qarabağı.

Bu gün Zəngəzur dəhlizi tikilir, Qərbin arzulamadığı nəhəng layiə gerçəkləşdirilir! Ermənistan da nəhayət, anlayıb ki, bu dəhliz onun da xilası deməkdir. Amma yeganə məqsədi Ermənistandan və ermənilərdən “maşa” kimi Azərbaycan və Türkiyəyə - o cümlədən Rusiyaya – qarşı istifadə etmək olan şifflər isə çox narahatdır bu dəhlizdən. İstəmirlər yollar açılsın, kommunikasiyalar bərpa olunsun, ermənilər adam kimi yaşamaq haqqına sahiblənib, həm də adamlıq, insanlıq barədə düşünsünlər. Ermənilərin ən böyük düşmənləri elə bu adamlardır. Onlardan Amerikada da, Fransada da, başqa ölkələrdə də var. “Erməni kartı” əllərindən çıxacaq deyə, çox narahatdırlar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR