“Son günlərdə sosial şəbəkələrdə xəstəxanamız haqqında paylaşılan iddialara cavab olaraq bildirmək istəyirik ki, məsələ ilk gündən tərəfimizdən diqqətlə araşdırılmağa başlayıb. Bildiririk ki, qeyd olunan məsələ ilə bağlı xəstə yaxınlarıyla hospitalımızın baş həkimi şəxsən əlaqə saxlanılıb, baş vermiş hallar ətraflı şəkildə müzakirə edilib”.
Bunu Musavat.com-un sorğusuna cavab olaraq “Liv Bona Dea” xəstəxanasından bildirilib.
Qeyd edilib ki, xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülüb və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar tətbiq edilib:
“Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunub. Tətbiq olunmuş tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstəmizin həyat yoldaşına da məlumat verib.
Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə
təsir edir. Bu xəstəmizdə də ümumi əməliyyatxanadan yatış otağına göndərilməsi prosesi gözləniləndən daha çox zaman alır. Xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə olunub və ağrısının azladığı təsbit edilib. Anestezioloqun ikinci günkü müayinəsində xəstənin komfortu üçün epidural kateterin xəstəmizin çıxış edəcəyi ana qədər saxlanılması qərarı alınıb.
Eyni zamanda xəstəmiz yatış otağında olarkən də məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilib, şikayətləri dinlənilib və araşdırmalara başlanılıb.
Xəstəmiz xəstəxanadan sağalaraq evə çıxış etdikdən sonra araşdırmalarımızın nəticəsi baş həkimimiz tərəfindən həyat yoldaşına telefon zəngi vasitəsi ilə də məlumat verilib.
Aidiyyəti şikayətlər və sosial media paylaşımları bizim üçün nə qədər üzücü olsa da, xəstəmizin sağalaraq evinə yola salınması ən böyük xoşbəxtliyimizdir.
Əvvəldə qeyd etdiyimiz xaricində imicimizə zərər vurmağa yönəlmiş qeyri- etik yanaşmaların heç birini qəbul etməməklə bərabər, iddiaların tərəfimizə hüquq müstəvisində rəsmi şəkildə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məhrəmiyyətini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq”.
***
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasında keçirdiyi əməliyyat zamanı qeyri-insani rəftarla üzləşdiyini iddia edib.
Musavat.com xəbər verir ki, N.Köçərli yaşadıqlarını sosial media hesabında geniş şəkildə paylaşıb.
Onun sözlərinə görə, yanvarın 14-də səhər saat 7 radələrində planlı açıq ginekoloji əməliyyat üçün “Liv Bona Dea” xəstəxanasına müraciət edib. Ödəniş etdikdən sonra saat 7:30-da tibb personalının tələbi ilə həyat yoldaşı Şahbaz Xuduoğludan ayrılıb və onu yalnız saat 15:00-da – əməliyyatdan sonra yarıcan vəziyyətdə görə bilib. N.Köçərli bildirib ki, əməliyyatdan ayıldıqdan sonra dözülməz ağrılar keçirib:
“Bu, adi əməliyyat sonrası ağrı deyildi. Dəfələrlə yalvardım ki, əlavə anesteziya vursunlar. “Ağrı 10 ballıq şkalada 10-dur, artıq dözə bilmirəm”, – dedim. Amma ətrafımda insanlar olsa da, heç kim reaksiya vermirdi”.
Onun iddiasına görə, tibb bacılarından biri “kapelnitsa” qoymaq istəyərkən əlindəki qabı birbaşa yarasının üstünə atıb. Bundan sonra ağrıdan huşunu itirib, ayılanda isə yenidən kömək istəsə də, uzun müddət heç bir müdaxilə olunmayıb.

N.Köçərli qeyd edib ki, yalnız sonradan əlavə anesteziya üçün ödəniş tələb edildiyi bildirilib və razılıq verdikdən sonra belə proses gecikdirilib. O həmçinin su istədiyini, lakin elementar şəkildə dodaqlarının belə isladılmadığını vurğulayıb. Şikayətçinin sözlərinə görə, əməliyyatdan sonra tibb personalı tərəfindən kobud və əsəbi rəftarla da üzləşib: “Tibb qardaşı tonometrin manjetini və digər prosedurları son dərəcə kobud şəkildə edirdi. Amma artıq etiraz edəcək halım yox idi”.
Əməliyyatın normalda 1–2 saat çəkməli olduğu halda 6 saat davam etməsinin səbəbi barədə nə özünə, nə də həyat yoldaşına hər hansı məlumat verilməyib. Bu müddət ərzində Şahbaz Xuduoğluna yalnız “burada gözləyin” deyildiyi, başqa heç bir izahat verilmədiyi bildirilib.
Sonradan məlum olub ki, planlı əməliyyat olmasına baxmayaraq, yer olmadığı səbəbindən N.Köçərli ginekoloji deyil, kardioloji şöbədə əməliyyat olunub.
Nigar Köçərli qeyd edib ki, şikayət etdikdən sonra xəstəxananın bir neçə nümayəndəsi onlara yaxınlaşıb, kameraların yoxlanılacağı və araşdırma aparılacağı bildirilib. Lakin bu vədlər yerinə yetirilməyib: “3 gün xəstəxanada qaldım, dəfələrlə soruşdum ki, kamera araşdırması nə oldu? Heç bir cavab ala bilmədik. Sadəcə bizi görməzdən gəldilər”.
Yanvarın 16-da xəstəxanadan çıxarkən isə daha bir ciddi səhlənkarlıq aşkar edilib. Belə ki, epidural anesteziyadan sonra çıxarılmalı olan şlanq və yara bandlarının 3 gün ərzində unudulduğu məlum olub. Evə qayıtdıqdan sonra dəvət edilən tibb bacısı bel nahiyəsindəki yara bandlarının hələ də qalmasını, dərinin isə ciddi şəkildə zədələndiyini müəyyən edib. Hadisədən sonra Şahbaz Xuduoğlu mövzu ilə bağlı sosial şəbəkədə qısa paylaşım edib. Bundan sonra kardioloji şöbədən bir şəxsin onunla əlaqə saxlayaraq “sadəcə smenlə bəxtiniz gətirməyib” dediyi bildirilib.
Nigar Köçərli yazısını suallarla tamamlayıb:
“Mən nə etməli idim ki, belə qəddarcasına rəftar olunmayaydı? Öncədən baş həkimə tapşırılmalıydım? Tibb personalının cibinə pul qoymalıydım? Yoxsa canımı qurtarmaq üçün xaricə getməliydim?”
Nigar Köçərlinin həyat yoldaşı, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə əlaqə saxladıq. O Musavat.com-a bildirdi ki, hazırda Nigar xanım evdə bərpa olunmağa çalışır: “Evdən çölə çıxmır, təbii ki ağrıları var. Telefonunu da söndürüb, ona görə cavab vermir. Xəstəxanadan Nigar xanımla əlaqə saxlamayıblar. Heç bilmirəm onların elə bir öhdəliyi var, ya yox. Amma o narazılıqdan sonra da bizimlə əlaqə saxlamayıblar”.
O, məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət edib -etməyəcəklərinə də aydınlıq gətirib: “Doğrusu hələ o barədə düşünməmişik. Düşünməyə imkan olmayıb. Başımız bununla məşğuldur”.
Musavat.com olaraq məsələ ilə bağlı “Liv Bona Dea” klinikasının rəhbər şəxsləri ilə əlaqə saxlamağa çalışdıq, lakin sorğularımıza cavab verilmədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, son dövrlər sözügedən klinika ilə bağlı sosial şəbəkələrdə və mediada narazılıq xarakterli müraciətlərin artdığı müşahidə olunur.
Afaq Mirayiq,
Musavat.com






