İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftimizin kaprizləri – “qara qızıl” bizi hara aparır...

1211 07.12.2018 10:40 İqtisadiyyat A A

Vüqar Bayramov: “Büdcənin 60 dollardan hesablanması riskli addımdır”

Bir aydır ki, dünya neft bazarı son bir ayda ciddi təlatümlər yaşayır. İlk əvvəl böyük qiymət sıçrayışı qeyd olunan bazar daha sonra eyni sürətlə enməyə məruz qaldı. Ötən həftənin sonlarından ABŞ-Çin ticarət müharibəsinin sonlanması xəbəri ilə qiymətlərdə başlayan yüksəlmə dünəndən etibarən yenidən ucuzlaşma ilə əvəz olunub. Belə ki, Bakı vaxtı ilə dünən saat 14:55-ə olan məlumata görə, “Brent” markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 4,56 faiz azalaraq 58,75 dollar/barel təşkil edib. WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 4,56 faiz azalaraq 50,48 dollar olub (Report).

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, neftin qiymətindəki enmələr gözləniləndir: “Hələ qiymət 80 dollara qalxanda bildirmişdik ki, belə yüksək qiymətlər dayanıqlı deyil, tezliklə əks proseslə əvəz olunacaq. Bunun bir neçə səbəbi var. Birinci səbəb budur ki, dünya bazarında təklif artıqlığı var. Bu gün dünyada gündəlik neftə olan tələbat 99,7 milyon barel təşkil edir. Amma təklif 100 milyon bareldən artıqdır. Təklifin belə artıqlığı isə qiymətin enməsini şərtləndirir. İkincisi, sürətli qiymət artımları, ”Brent"in 86 dollara yüksəlməsi dünya iqtisadiyyatında böhran riski yaratdı. Baxsaq görərik ki, neftin qiymətinin enməsi ərəfəsində Çin birjalarında səhmlərin qiymətinin düşməsi qeydə alındı. Bununla da qlobal iqtisadiyyatdakı böhran işartıları dünya neft bazarına yansıdı. Digər bir səbəb İranla bağlı gözləntilərin doğrulmamasıdır. Güman olunurdu ki, İran neftinin çıxması nəticəsində bazarda gündəlik 1,8 milyon barel neftin azalmasına gətirib çıxaracaq. Amma ABŞ-ın İranın əsas neft ixracat etdiyi 8 ölkəyə yaşıl işıq yandırması bu gözləntilərin doğrulmamasına səbəb oldu. Bu da qiymətlərin azalmasına gətirib çıxardı".

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ile ilgili görsel sonucu

Ekspertin fikrincə, yaxınmüddətli dövrdə neftin dünya bazar qiymətinə əsas təsir edəcək faktor OPEK və OPEK+-un qəbul edəcəyi qərarlar olacaq: “Hər şey bu günlərdə Vyanada qəbul ediləcək qərarlardan asılıdır. Hansı ki, bu qərarların da iki xarakterli olması mümkündür: əgər OPEK+ hasilatın daha da kəskin azaldılmasına dair qərar verəcəksə, neftin qiymətində yenidən artım olacaq. Bu ssenari bir qədər şübhəlidir, çünki Rusiyadan verilən açıqlamalar onların buna qarşı olduqlarını göstərir. İkinci variant isə budur ki, hasilatın bir qədər azaldılmasına qərar verilir və qiymətlər indiki həddə saxlanır”.

V.Bayramovun sözlərinə görə, 2019-cu ildə neftin qiymətinin 60 dollar hesablanması çox riskli bir addımdır: “Biz Azərbaycanın dövlət büdcəsinin 60 dollar qiyməti ilə hesablanmasının tərəfdarı deyildik. Hesab edirik ki, növbəti ildə qiymətin 60 dollardan aşağı düşməsi fiskal siyasətdə ciddi çətinliklərin yaranmasına gətirib çıxara bilər. Biz neftin qiymətinin 40 dollardan hesablanmasını daha məqsədəuyğun hesab edirik. Bu, dünya bazarında qiymətlərin enməsi şəraitində də fiskal öhdəliklərin yerinə yetirilməsində problemlərə gətirib çıxarmaz. Nəzərə almaq lazımdır ki, dünya neft bazarına iqtisadi amillərlə yanaşı, siyasi amillərin də təsir gücü getdikcə artır. Və siyasi amilləri proqnozlaşdırmaq kifayət qədər çətindir”

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR