İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftdən pul qazanmaq imkanlarımı necə itirdim

1635 21.05.2022 08:10 Yazarlar A A

“Ac toyuq yuxusunda darı görər”

(Azərbaycan ata sözü)

Son günlərdə telefonuma qəribə reklamlar gəlməyə başlamışdı: “Neft şirkətinin filan kağızına pul qoydum, neçə milyon qazandım, siz də belə edin”, “SOCAR vətəndaşlara investisiya imkanı açdı”, “Dövlət Neft Fondu neft-qazdan pul qazanmaq üçün sizə imkanlar yaradır” və sairə. Sevindiyimdən az qalırdım evin qabağında “Poz qazan” masası qoyum. Arzumuza çatmışdıq. Artıq dövlət neft paralarını bizimlə əlbəəl bölüşdürürdü.

Ancaq sən saydığını say, gör fələk nə sayır... İndiki halda fələyin rolunu hansısa beynəlxalq fırıldaqçılar, hakerlər oynayırmış. Dövlət idarəsi (Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi adlanırdı; belə maraqlı idarələrimizi hərdən kəşf eləyib şad oluruq) xəbər yaydı ki, dələduzlara inanmayın, əhvalat uydurmadır. Heyf. Nəticədə bizim neft-qaz üzərindən pul qazanmaq imkanımız aşağı düşdü.

Sözgəlişi, Afrikada Nigeriyada adlı neft-qaz ölkəsi var, bu yaxında ordan verilişə baxırdım, bir qədər halımıza şükür elədim. Təsəvvür elə, ölkənin altı faktiki qızıldır, sərvət-sərvət üstündə, lakin camaat bir-birini qırır. Bəzən hardasa benzindaşıyan maşın aşanda əhali qazan, vedrə götürüb hadisə yerinə cumur, yanacağı doldurub beş-on nayraya (orda manatın adı belədir) satmaq istəyirlər. Bu zaman hansısa şair mənzərəni kədərlə süzüb siqaret yandırır, nəticədə kəndlilər yanıb havaya uçurlar. Keyfiyyətli nefti xaricə satıb, xaricdən çirkli benzin alırlar. Çox faciəvi həyatları var. Minlərlə kənd var içindən neft-qaz kəməri keçir, ancaq hələ də elektrik enerjisinə həsrətdirlər, palçıq daxmada çıraq yandırırlar. Bizdə neçə kənd qazlaşdırılmayıb, onunla maraqlanmaq lazım deyil. İnşallah, 22-ci əsrdə hamısına qaz çəkiləcək. Təki adamın alacağı olsun.

Nigeriyanın yadıma düşməsində məşhur “Nigeriya məktubları”nı xatırlamağım da rol oynayır. Bir zamanlar hər kəsin elektron poçtuna bu məktublardan gələrdi. Məzmun təxminən belə olurdu: “Sənin filan qohumun burda ölüb, milyon dollar vəsiyyət eləyib. Biz bu pulu sənə göndərəcəyik, ancaq xırda-para notarius işlərini, kağız-kuğuzu düzəltmək üçün bizə min dollar göndər”. İndi belə fırıldaqçılar köhnəlib. Təzə mexanizmlər lazımdır. Məsələn, “Poz qazan” lotoreyası.

Mən düşünürəm ki, hökumətimiz neft gəlirlərini birbaşa yox, dolayısı ilə xalqa xərcləməkdə düzgün siyasət yürüdür. Odur, keçən ay pensiyalar əlli qəpik artdı. Nəyin hesabın? Əlbəttə, neft gəlirlərinin. Bəzi dükanlarda sorma konfetlər satılır. O da qazın puluna alınır. Yoxsa bizim ölkədə sorma konfeti istehsal etmək üçün xammal bazası nə gəzir? Neft olmasa barmağımızı sorarıq.

Elə götürək mənim özümü. Hakerlərə aldanarkən qarşıma hansı məqsəd qoyduğum yadınıza gəlir? Bəli, mən də istəyirdim qapıya “Poz qazan” qoyum. Halbuki, neft fondu investisiyalarımın qazancıyla “Yaz qazan” lotoreyası da yaratmaq olardı. Heç kim yazıb qazanmaq istəmir. Eləcə millətin fikri budur pozub qazansın. Qazıb qazanmağa bəlkə az-maz həvəs var, lakin o iş dövlətin inhisarındadır. Quyuları onlar özü qazır.

Yazmaq demişkən, dünən bir xəbər gördüm, Ədliyyə Nazirliyi, Medianın İnkişafı Agentliyi və Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqı (bu axırıncı idarə də təzə kəşflərimizdən biridir; güman edirəm orda futbol, məhkəmə, voleybol, ciu-citsu hakimləri birləşmişdir) jurnalistlər üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirmişdir. Maşallah, son illər jurnalistlərimizə təlim keçənlərin sayı durmadan artır. Belə getsə hətta sirkdə atın belində velosiped sürən ayı kimi oynaya biləcəyik. Bircə mən o təlim keçən idarələrdən xahiş edirəm MTN işindən yazan jurnalistlərin iclasa buraxılmasına yardım etsinlər, yazıqlar neçə aydır hakimə yalvarır.

 

 

 

 

 

 

 

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR