İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirliyin sabiq idarə rəisi milyonluq mənimsəmədə ittiham olunur

2965 20.07.2026 16:02 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Musavat.com xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Valeh Ələkbərov ittiham aktını elan edib.

İttihama əsasən, Mehdi Əmrahov 2022–2025-ci illərdə rəhbərlik etdiyi dövrdə faktiki olaraq işə gəlməyən 12 nəfərin adına əməkhaqqı hesablatdırıb. İddia olunur ki, həmin vəsaitlər maaş kartlarına köçürüldükdən sonra nağdlaşdırılaraq mənimsənilib. Bu epizod üzrə dövlətə vurulan ziyanın 155 min manatdan artıq olduğu göstərilir.

Bundan başqa, istintaqın mövqeyinə görə, Səhiyyə Nazirliyi ilə müxtəlif şirkətlər arasında bağlanmış müqavilələr çərçivəsində də qanunsuz maliyyə əməliyyatları həyata keçirilib. İttihama əsasən, bir qrup şəxsin iştirakı ilə dövlət büdcəsindən ayrılmış 627 min manatdan artıq vəsait mənimsənilib.

Beləliklə, cinayət işi üzrə dövlətə dəymiş ümumi ziyanın 783 min manat olduğu bildirilir.

Məhkəmə iclasında Səhiyyə Nazirliyinin nümayəndəsi Sadiq Quliyev nazirliyin mülki iddiasını müdafiə etdiyini bildirib. Nazirliyin mülki iddiasının məbləği 670 min manat təşkil edir.

Mehdi Əmrahov isə ittihama münasibət bildirərkən özünü yalnız qismən təqsirli hesab etdiyini deyib. O, mənimsəmə ittihamını qəbul etməyərək yalnız səhlənkarlığa yol verdiyini bildirib. Eyni zamanda nazirliyin mülki iddiasını da qəbul etmədiyini bəyan edib.

Qeyd edək ki, Mehdi Əmrahov barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqın nəticələri əsasında məhkəməyə göndərilib.

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq mərhələsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Mehdi Əmrahovun barəsində məhkəmənin hazırlıq iclasında həbs qətimkan tədbiri seçilib. Məhkəmə bu qərarı dövlətə dəymiş 783 min manatlıq ziyanın ödənilməsi istiqamətində təşəbbüs göstərilməməsi ilə əsaslandırıb.

Qanunvericiliyə əsasən, xüsusilə külli miqdarda mənimsəmə cinayətinə görə, ziyanın ödənilmədiyi halda təqsiri sübuta yetirilən şəxs 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilər.

Cinayət işi üzrə növbəti məhkəmə iclası avqustun 3-nə təyin olunub.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR