İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini parlamentdə çıxış edir  

1183 13.02.2026 11:57 Ölkə A A

Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarova müzakirələrdə ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov və digər rəsmi şəxslərin iştirak etdiyini bildirib.

Nazir müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı danışıb. Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da informasiya sisteminə yerləşdirilməsi təmin olunub. Nazir müavini vurğulayıb ki, görülmüş tədbirlər nəticəsində bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, eləcə də bununla bağlı bələdiyyənin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb:

“2025-ci il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 43 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə tərtib edilən protokolların sayı 103 olub”.

Nazir müavini deyib ki, bələdiyyələr icra sənədlərini elektron qaydada icraya yönəldir. “Azərbaycan Respublikasının 16 may 2025-ci il tarixli müvafiq Qanunu ilə Mülki Prosessual Məcəlləyə və “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemi vasitəsilə icraya yönəldə bilirlər. Bu məqsədlə bələdiyyələr üçün “Elektron icra” informasiya sistemində elektron kabinetlər yaradılıb və sənədlərin həmin kabinet vasitəsilə operativ şəkildə icraya göndərilməsi imkanı təmin olunub”.

Nazir müavini qeyd edib ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul edilib.
T.Hüseynov qeyd edib ki, yerli sosialyönümlü layihələrin həyata keçirilməsində bələdiyyələrin rolu artır:

“Bələdiyyələr tərəfindən yerli əhalinin rifahının yüksəldilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosialyönümlü layihələrin icrasına xüsusi önəm verilir”.

Nazir müavini bildirib ki, eyni zamanda, insanların həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bələdiyyə ərazilərinin səmərəli planlaşdırılması və abadlaşdırılması, təsərrüfat və sosial infrastrukturun inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:

“Bu çərçivədə 2025-ci il ərzində bələdiyyələr tərəfindən abadlıq işlərinə 10 milyon manata yaxın, sosial müdafiə və sosial təminat sahəsinə 1,7 milyon manatdan çox, gənclər siyasəti, təhsil və digər sosial tədbirlərlə bağlı layihələrə isə 500 min manata yaxın vəsait ayrılıb”.


E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR