NATO üzv dövlətləri 7-8 iyul tarixlərində Ankara sammitində on milyardlarla dollar dəyərində müdafiə müqavilələri imzalayacaqlar.
Musavat.com xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte "The Washington Post" qəzetindəki məqaləsində qeyd edib: "Liderlər Ankarada toplaşanda Avropa və Şimali Amerikadan olan şirkətlərlə on milyardlarla dollarlıq yeni müqavilələr elan edəcəyik. Həmçinin bu günün və sabahın təhlükəsizlik tələblərini ödəmək üçün əsas texnologiyalara necə investisiya qoyduğumuzu nümayiş etdirəcəyik".
Onun sözlərinə görə, Ankara sammitində Şimali Atlantika Alyansı ölkələri "müdafiəyə necə investisiya qoyduqlarını, təhlükəsizliklərini yenidən balanslaşdırdıqlarını və sənaye bazalarını gücləndirdiklərini nümayiş etdirmək" niyyətindədirlər.
Qeyd edək ki, Şimali Atlantika Alyansının ən yüksək səviyyəli görüşü 7-8 iyul tarixlərində Ankarada keçiriləcək. Avro-Atlantik bölgəsinə, Ukraynaya və NATO-nun cənub cinahına qarşı təhdidlər və çağırışlar sammitin əsas mövzuları arasında olacaq.
Musavat.com






