İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-da ABŞ-a qarşı yeni "gizli qiyam'" başlayır: Trampın ümidləri boşa çıxır, "qoca qitə" Ağ Evin "çətir"ini tərk edir

1062 20.07.2026 15:10 Analitika A A

NATO çərçivəsində zahirən birlik nümayiş etdirilməsinə baxmayaraq, əslində, bu alyansın daxilində yeni strateji balansın formalaşdığı da müşahidə olunur... Belə ki, ABŞ hələlik NATO-nun əsas hərbi dayağı olaraq, qalsa da, Avropa ölkələri "qoca qitə"nin təhlükəsizlik sisteminin yalnız Ağ Evdən asılı olmasını yolverilməz hesab edirlər...

NATO ölkələri ABŞ ilə qarşılıqlı münasibətlərini artıq əvvəlkindən tamamilə fərqli şərtlər çərçivəsində qurmağa çalışırlar. ABŞ prezidenti Donald Tramp NATO-nun Ankara sammiti ərəfəsində bu hərbi-siyasi alyansa qarşı aqressiv ritorika üzərində sərt təzyiqlər göstərməyə çalışırdı. Ağ Ev sahibi ABŞ-ın NATO-ya indiyə qədər bir trilyon dollara qədər maliyyə vəsaiti sərf etməsinə baxmayaraq, bunun qarşılığını heç vaxt ala bilmədiyini qabartmışdı. Və o, hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı məmnun etmək üçün NATO sammitinə qatıldığını da vurğulamışdı.

Ancaq bütün bunlara baxmayaraq, prezident Donald Trampın NATO-nun sonuncu sammitindən məmnun ayrıldığı barədə də olduqca ciddi məlumatlar mövcuddur. Üstəlik, nə qədər gözlənilməz olsa da, Ağ Ev sahibinin bu barədə danışarkən, NATO-dakı "sevgi atmosferi"ni təsvir etməyə çalışması bir çoxlarında təəccüb doğurub. Belə ki, o, NATO-nun son sammitini onun yaxın tarixinin ən uğurlu zirvə toplantısı kimi qiymətləndirib. Və sammitdə "ümumi sevgi atmosferi"nin hökm sürdüyünü bildirib.

2bd32c0c-a78e-4212-9858-7d48c7c7ff7d.jpg (146 KB)

Maraqlıdır ki, prezident Donald Tramp NATO üzvlərnin hələ də ABŞ-a böyük rəğbət bəslədiklərinə və Ağ Evin alyans daxilindəki lider rolunu yüksək qiymətləndirdiklərinə qətiyyən şübhə etmir. Eyni zamanda, Ağ Ev sahibi özünün də NATO daxilində ən azından ABŞ qədər böyük rəğbətlə qarşılandığına tamamilə əmindir. Halbuki, Ağ Ev sahibinin İtaliya, İspaniya, Danimarka, Almaniya və s. kimi NATO ölkələri ilə kəskin ziddiyyətlərinin olduğu da inkaredilməz reallıqdır.

Ancaq bütün bunları, eləcə də, sammitin yekunlarına yönəlik Qərb mediasında yer alan bəzi iddiaları nəzərə aldıqda, prezident Donald Trampın NATO ilə bağlı nikbin açıqlamalarının əsl reallıqdan çox uzaq qaldığı da qətiyyən şübhə doğurmur. Belə ki, Qərb mediasının iddialarına görə, NATO daxilində artıq tamamilə yeni siyasi-psixoloji yanaşma tərzi formalaşmağa başlayıb. Yəni, bu hərbi-siyasi alyansa üzv ölkələr indi daha əvvəlki illərdə olduğu kimi, ABŞ prezidenti Donald Trampın sərt ittihamlarını mümkün qədər yumşaltmağa və ya Ağ Ev sahibini məmnun etməyə qətiyyən ehtiyac duymurlar.

Əksinə, hazırda NATO üzvü olan Avropa dövlətləri müdafiə siyasətini ABŞ-ın davranışlarına uyğunlaşdırmaq vərdişlərindən uzaqlaşmağa başlayıblar. Belə ki, "qoca qitə" ölkələri indi öz təhlükəsizlik maraqlarını əsas prioritet kimi qəbul etməyə daha çox üstünlük verirlər. Və elə sammit ərəfəsində Avropa ölkələrinin Ağ Ev sahibinin yeni qalmaqallı çıxışlarını əvvəlcədən bloklamaq üçün müəyyən siyasi-diplomatik hazırlıqlar aparmaları da bunu təsdiqləyir.

4bb514c9-f97e-4bcb-a3c5-fe85b811185b.jpg (170 KB)

Məsələ ondadır ki, ABŞ prezidenti yenə də müdafiə xərcləri, İran əməliyyatı və Qrenlandiya məsələsi ilə bağlı NATO üzrə müttəfiqlərini sərt şəkildə tənqid etsə, tamamilə fərqli situasiya ilə üzləşmiş oldu. Yəni, bu dəfə əvvəlki illərdən fərqli olaraq, Avropa liderləri həmin Ağ Ev sahibinin sərt bəyanatlarına emosional reaksiya verməyə qətiyyən həvəs göstərmədilər. Hətta prezident Donald Trampın Qrenlandiya ilə bağlı növbəti təhdidkar iddialarından sonra Latviya, İslandiya və bəzi digər ölkələr açıq şəkildə Danimarkanın mövqeyini müdafiə etməklə, Ağ Ev sahibinə meydan oxumaqdan da çəkinmədilər.

Onu da qeyd etmək lazımdır ki, bütün bunlar NATO daxilində ABŞ-ın mövqeyinin artıq əvvəlki kimi, avtomatik şəkildə dəstəklənmədiyini göstərən önəmli siyasi mesajlardır. Lüksemburqun xarici işlər naziri Ksavye Bettelin "Mən bura Trampı razı salmaq üçün gəlməmişəm. Mən Avropanın təhlükəsizliyi naminə məsuliyyətimi yerinə yetirməyə gəlmişəm" bəyanatı isə artıq "qoca qitə"də formalaşan yeni düşüncə tərzini əks etdirir. Və NATO-dakı yüksək vəzifəli bir diplomatın "Tramp barədə təşvişə düşməkdən artıq bezmişəm" deməsi də bu alyansın daxilində ciddi siyasi-psixoloji dönüşün baş verdiyini göstərir.

Maraqlıdır ki, son statistik göstəricilər də NATO çərçivəsində bu önəmli dəyişikliyi təsdiqləyir. Belə ki, son bir ildə NATO üzvü olan Avropa ölkələri və Kanada müdafiə xərclərini təxminən 20 faizə qədər artırıb, üstəlik, 2026-cı ildə isə əlavə 11 faizlik artım da planlaşdırılır. Hazırda ABŞ istisna olmaqla, digər 31 NATO üzvü olan dövlət bu alyansın ümumi müdafiə xərclərinin artıq təxminən 43 faizini qarşılayır. Və bu tendensiya Avropa ölkələrinin təhlükəsizlik sahəsində öz üzərlərinə daha böyük məsuliyyət götürməyə hazır olduqlarını göstərir.

514758a4-4c84-43a1-ba1e-427449b2b0e5.jpg (295 KB)

Təbii ki, geopolitik baxımdan, bu intensiv proses NATO-nun daxilində olduqca önəmli transformasiya mərhələsinin başlandığını da göstərir. Belə ki, bir tərəfdən, Ağ Ev sahibi Donald Tramp ABŞ-ın bu alyansdakı liderliyinin hələ davam etdiyini vurğulayır və son sammiti "sevgi atmosferi" ilə xarakterizə edir. Digər tərəfdən isə Avropa ölkələri ABŞ-ın siyasi kursundan asılılığı azaltmağa, müdafiə imkanlarını müstəqil şəkildə gücləndirməyə çalışırlar.

Belə anlaşılır ki, NATO çərçivəsində zahirən birlik nümayiş etdirilməsinə baxmayaraq, əslində, bu alyansın daxilində yeni strateji balansın formalaşdığı da müşahidə olunur. Belə ki, ABŞ hələ də NATO-nun əsas hərbi dayağı olaraq, qalmaqda davam edir. Ancaq NATO üzvü olan Avropa ölkələri getdikcə, daha yaxşı anlayırlar ki, "qoca qitə"nin təhlükəsizlik sistemi yalnız ABŞ-ın siyasi kursundan asılı ola bilməz. Məhz ona görə də, qarşıdakı illərdə NATO-nun inkişaf istiqamətini müəyyən edəcək əsas amillərdən biri də elə Avropa qitəsinin hərbi-siyasi müstəqilliyinin hansı səviyyəyə qədər genişlənə biləcəyi ilə bağlı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR