İnsanlara hürriyət, millətlərə istiqlal!

Namizədlər üçün həlledici gün başlayır

1306 12.07.2024 13:41 Siyasət A A

MSK mühüm tədbir keçirəcək; YAP öz siyahısını yekunlaşdırmaq üzrədir

Milli Məclisə seçkilərlə əlaqədar 12 iyul saat 10:00-da "Radisson" hoteldə deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan tədbir keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib. 

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinin təqviminə görə namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması qərarı sənədlər dairə seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində çıxarılmalı, imza vərəqələri verilməlidir. 18 yaşına çatmış ölkə vətəndaşı parlamentin deputatı seçilə bilər. 

İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul şəxslərin, din xadimlərinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin seçilməsi yasaqdır. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atması mümkündür.

Rəsmi qeydiyyat üçün sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi iyulun 13-də başlayır, avqustun 2-si saat 18-də bitir. İmza vərəqələrinin və başqa sənədlərin yoxlanması, namizədin qeydə alınıb-alınmaması haqqında qərar 7 gün müddətində qəbul edilməlidir. Səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı dərc edilməlidir.

Seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat səhər 8-də dayandırılır.

MSK isə Milli Məclisə seçkilərlə əlaqədar “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən “Yeni Müsavat”a verilən xəbərə görə, Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb. Layihənin həyata keçirilməsində başlıca məqsəd, qarşıdan gələn seçkilərdə deputat seçilmək niyyətində olan vətəndaşların məlumatını artırmaq, passiv seçki hüquqlarının reallaşdırılmasında onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar və atılası addımlar, sənədlərin təqdim edilməsi üçün müəyyənləşdirilmiş müddətlər və qaydalar, habelə namizədlərin hüquq və vəzifələri aydın, ətraflı şəkildə göstərilib. Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

“Namizədlər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

Siyasi partiyaların namizəd irəli sürməsi, həmçinin müstəqil namizədlərin irəli sürülməsi prosesi isə davam edir. Yeni Azərbaycan Partiyası (YAP) qarşıdakı günlərdə parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayacaq. “AzPolitika” xəbər verir ki, hakim partiyanın namizədləri ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. 

Qeyd olunur ki, hazırkı deputat korpusunda ciddi dəyişikliklər gözlənilir, paytaxtda və iri şəhərlərdə YAP yeni simaların namizədliyini irəli sürəcək. Hakim partiyanın və ümumilikdə parlament tərkibinin təxminən 30-40 faiz yenilənəcəyi gözlənilir. MSK-nın dünən açıqladığı məlumata görə, cəmi 156 şəxs namizədliyini irəli sürmək üçün dairə seçki komissiyalarına müraciət edib. 

Bu, seçkilərə 50 gün qaldığı müddətdə olduqca kiçik göstəricidir. Məlumdur ki, millət vəkili seçilmək arzusunda olan bitərəflər, hətta özünü müxalifət adlandıran bəzi partiyaların nümayəndələrinin əksəriyyəti YAP-ın namizədlərinin açıqlanmasını gözləyir. Bu zaman hansı seçki dairələrində hakimiyyət üçün prinsipial, yaxud “qurbanlıq” namizədlər olduğunu təxmin etmək mümkün olacaq. Seçki yarışı, bitərəf namizədlərin təbirincə desək, hakim partiyanın “boş buraxdığı” dairələrdən seçilmək uğrunda gedəcək.

Saytın yazdığına görə, bu baxımdan da əsas gözləntilər iqtidar partiyasının namizədlər siyahısı ilə bağlıdır. YAP ötən seçkilərdə Milli Məclisdə 68-75 deputatla təmsil olunub. Hakim partiya üçün prinsipial məsələ əsas qanunların qəbul olunması üçün tələb olunan 63 səsə malik olmaqdır. Bu, hakimiyyət üçün vacib baryerdir, onun təmin olunmasından sonra qalan seçki dairələrində partiya rəhbərliyinin məqbul bildiyi müstəqil namizədlərə şərait yaradılır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR