İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜXALİFƏT PARTİYALARININ SƏDRLƏRİ HARALIDIR?

7450 02.06.2012 09:15 Siyasət A A

Ə.Həsənovun müxalifətlə bağlı tənqidlərinə ötən sayımızda Müsavatın başqanı İsa Qəmbərin cavabını dərc etmişdik. Müsavat başqanı deyib ki, müxalifətdəkilərin əksəriyyətinin Qarabağdan olduqları barədə fikirlər həqiqətdən tamamilə kənardır: “Azərbaycanın bütün guşələrində müxalif mövqeli insanlar var. Bu, indiki hakimiyyət deyil ki, eyni regiona aid olsun. Bütövlükdə mən bir azərbaycanlıyam, Azərbaycan türküyəm və bununla qürur duyuram. O ki qaldı qarabağlılıq məsələsinə, təbii ki, iqtidar nümayəndəsi bu cür regionçuluq etməməli, bu cür yersiz ifadələrlə xalqı, cəmiyyəti bölməməlidir”.
Hörmətli Əli Həsənovun məlum açıqlaması “Həqiqətənmi müxalifət partiyalarının sədrlərinin əksəriyyəti qarabağlıdır?” sualını gündəmə gətirib. Bu suala dəqiq cavab tapmaq üçün ölkənin üzdə olan müxalifət partiyalarının və müxalifətyönlü siyasətçilərinin hansı bölgədən olduğunu araşdırdıq.

  1. Müsavat Partiyasının başqanı İsa Qəmbər - Bakıda doğulub, atası əslən Füzuli rayonundadır.
  2. AXCP sədri Əli Kərimli - Saatlıda anadan olub.
  3. KXCP sədri Mirmahmud Mirəlioğlu - Yardımlı rayonundandır.
  4. ADP sədri Sərdar Cəlaloğlu - Naxçıvanın Babək rayonunun Cəhri kəndindəndir.
  5. ACP lideri Rəsul Quliyev - Naxçıvan MR-in Culfa rayonundandır.
  6. ALP lideri Lalə Şövkət Hacıyeva - əslən Qubadandır. 
  7. AMİP lideri Etibar Məmmədov - Bakıda doğulub, əslən Qərbi Azərbaycandandır.
  8. AMİP sədri Yusif Bağırzadə - Gəncə doğumludur.
  9. Ümid Partiyasının sədri İqbal Ağazadə - Füzuli rayonunda doğulub, qarabağlıdır.
  10. VHP sədri Sabir Rüstəmxanlı - Yardımlı rayonunda anadan olub.
  11. ACP sədri Sülhəddin Əkbər - Naxçıvan MR-in Şərur rayonundandır.
  12. VİP sədri Əli Əliyev - əslən qərbi azərbaycanlıdır.
  13. Azadlıq Partiyasının sədri Əhməd Oruc - qazaxlıdır.
  14. Ziyalılar Forumunun rəhbərlərindən biri Eldar Namazov- kökəncə Qərbi Azərbaycandandır. 
  15. AXP lideri Pənah Hüseyn - Sabirabad rayonunun Qaraqaşlı kəndindəndir.
  16. AMDP sədri Qələndər Muxtarlı - Qərbi azərbaycanlıdır.
  17. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı-Zaqatala rayonundandır.
  18. Müsavat Partiyasının Məslinin sədri Arzu Səmədbəyli - Qərbi azərbaycanlıdır.
  19. İP Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli-Naxçıvanlıdır.
  20. AXCP Ali Məclisinin sədri Həsən Kərimov-Ağstafa rayonunda anadan olub.
  21. AXCP sədrinin iki müavini - Fuad Qəhrəmanlı və Asəf Quliyev əslən naxçıvanlıdır.

Bu siyahını 100-ə qədər uzatmaq da olar. Amma yuxarıdakı siyahı da real vəziyyətə kifayət qədər işıq salır. Siyahıya iqtidaryönlü partiyaların və “cib müxalifəti”nin sədrlərini əlavə etdikdə də mənzərə qarabağlıların xeyrinə dəyişmir. Əksinə, məlum olur ki, Naxçıvandan və Qərbi Azərbaycandan olanlar üstünlük təşkil edir.
Bu mövzuda adının çəkilməməsi şərtilə danışan siyasi təhlilçi dedi ki, Əli Həsənovun “müxalifətdəki partiya sədrlərinin bir çoxu Qarabağdandır” fikri daha çox Müsavat Partiyasına və onun başqanı İsa Qəmbərə ünvanlanıb: “Müsavat əslində antiregionçu partiyadır. Baxmayaraq ki, İsa bəy ata xətti ilə qarabağlı sayılır. Bu partiyanın rəhbərliyində vaxtı ilə xeyli qarabağlı təmsil olunub. Amma həmin vaxtlar İsa Qəmbərin bir neçə naxçıvanlı müavini də vardı. Ümumiyyətlə, Müsavatın rəhbərliyində daim əksər bölgələrdən tanınmış siyasətçilər təmsil olunublar. Xüsusilə də 1993-2000-ci illərdə Azərbaycanda iqtidar tərəfindən həyata keçirilən regionçuluq siyasətinə qarşı Müsavat ciddi mübarizə aparıb. Bu təhlükəli siyasətin vurulmasında İsa Qəmbər öz partiyasında olduqca mükəmməl sistem formalaşdırıb. Bu baxımdan Müsavatı daha çox antiregionçu partiya adlandırmaq doğru olardı”. Həmsöhbətimiz dedi ki, Əli Həsənov məlum fikri söyləyərkən Müsavata işarə vurub. Onun fikrincə, əslində hakimiyyət üçün ən ciddi rəqib Müsavat və onun başqanıdır. Əli müəllim də, görünür, məhz bu kontekstdə “müxalifət partiyalarının sədrlərinin əksəriyyəti qarabağlıdır” deyib: “Baxmayaraq ki, Əli Həsənov bunu cəm şəklində söyləyib, amma əksəriyyət bilir ki, eyham kimə, hansı partiyaya vurulur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR