İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜSAVAT PARTİYASININ 99 YAŞI TAMAM OLDU

4733 11.10.2010 10:31 Gündəm A A
Partiyanın ilk qurucuları aşağıdakılardır: Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsuloğlu, Abbas Kazımzadə, Tağı Nağıoğlu. Müsavat Partiyasına ilk qəbul olunanlar: Vəli Mikayıloğlu, Seyid Hüseyn Sadıq, Əbdürrəhim bəy, Yusif Ziya bəy, Seyid Musəvi bəy.
Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, islami xarakter daşıyıb. 1913-cü ildən, M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra partiyanın proqramı təkmilləşdirilib, türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında M. Ə. Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan “Açıq söz” qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə “Türk ədəbi dili ilə” çap olunan ilk mətbu orqandır.
1917-ci ilin iyun ayında Müsavat Partiyası ilə Nəsibbəy Yusifbəylinin Gəncədə yaratdığı “Türk Ədəmi Mərkəziyyət” partiyası birləşib. “Türk Ədəmi Mərkəziyyət Partiyası - Müsavat” adlandırılıb. Partiyanın mərkəzi Bakıda qalıb. Gəncədə isə bir şöbə olaraq fəaliyyətini davam etdirib.
Müsavat Partiyasının ilk qurultayı 1917-ci il oktyabrın 26-31-də Bakıda “İsmailiyyə” binasında keçirilib. 1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan etdi. Milli Şuranın sədri vəzifəsinə M.Ə.Rəsulzadə seçilib.
1918-20-ci illərdə dövlət quruculuğu prosesində, Parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.
1919-cu ildə partiyanın ikinci qurultayı keçirilib.
1920-ci ilin aprelində Azərbaycan işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayır. M. Ə. Rəsulzadənin başçılığı ilə yaranan “Gizli Müsavat” Təşkilatı - Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Yurdsevər, Məmməd Sadıq Quluzadə, Məmməd Həsən Baharlı və Cəfər Cabbarlıdan ibarət ümumi mərkəzi bir heyətlə fəaliyyətə başlayır. Müsavatın təşkilatçılığı ilə Azərbaycanda Sovet hakimiyyəti illərində 150-dən çox silahlı üsyan olub.
1936-cı ilin avqustunda Müsavat Partiyasının konfransında Partiyanın “Yeni Proqram Əsasları” qəbul edilib. Qeyd edək ki, indiyədək Müsavata 5 başqan rəhbərlik edib. M.Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Kərim Odər, Məhəmməd Azər Aran və İsa Qəmbər. M.Ə.Rəsulzadə kimi Mirzə Bala Məmmədzadə də Azərbaycanı tərk etməyə vadar olub və 1959-cu il martın 8-də İstanbulda vəfat edib.
1991-ci ilin iyununda Yeni Müsavatın I qurultayında N. Nəsibzadə Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilib. 1992-ci ildə Müsavatın bərpa mərkəzi yaradılıb.
1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib və İsa Qəmbər Partiyanın Başqanı seçilib.
Gələn il 100 yaşını qeyd edəcək qos qocaman partiya növbəti qurultayında yeni başqanını da seçəcək.
Möhtəşəm tarixi, şərəfli keçmişi olan bu partiyanın yaranması münasibətilə bütün müsavatçıları, o cümlədən Müsavat ideyasını köksündə daşıyan insanları təbrik edirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR