İnsanlara hürriyət, millətlərə istiqlal!

Münhen Təhlükəsizlik Konfransı Rusiyaya hücumla yadda qaldı

1312 18.02.2019 09:50 Siyasət A A

Elxan Şahinoğlu: “Problem ondadır ki... hamı ürəyini boşaldır, ancaq ”problemləri necə birgə həll edək" sualına cavab tapa bilmirlər"

Fevralın 15-də start götürən 55-ci Münhen Təhlükəsizlik Konfransı dünən yekunlaşıb. Konfransda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfər, o cümlədən 35 dövlət və hökumət başçısı, 80 müdafiə və xarici işlər naziri iştirak edib.

Builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və ən böyük konfrans kimi tarixə düşüb. Konfransda müzakirə olunan, dünyanın təhlükəsizliyi üçün narahatlıq yaradan 10 problemin sırasına Dağlıq Qarabağ münaqişəsi daxil edilməyib.

Bəs Münhen Təhlükəsizlik Konfransının ölkəmizin yerləşdiyi bölgə üçün bir əhəmiyyəti oldumu?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, hər il keçirilən Münhen təhlükəsizlik konfransı ona görə maraq kəsb edir ki, burada açıq söhbət gedir: “Yəni bu konfransda diplomatik ritorika azdır, kimin nə dərdi var onu açıq söyləyir. Məsələn, illər əvvəl bu konfransda iştirak edən Rusiya prezidenti Vladimir Putin konfransdakı sərt çıxışında Qərbdən və əsasən də ABŞ-dan niyə narazı qaldığını bənd-bənd söylədi və onu dinləyənlər elə onun rəqibləri idi. Bu dəfə isə Böyük Britaniyanın və Rusiyanın xarici işlər nazirlərinin bir-birlərinin ünvanına demədikləri ağır söz qalmadı. Problem ondadır ki, açıq söhbət belə qlobal problemlərin həllini yaxınlaşdırmır. Yəni hamı ürəyini boşaldır, ancaq ”problemləri necə birgə həll edək" sualına cavab tapa bilmirlər. Bu da anlaşılandır. Dünyadada gedən son proseslər fikir ayrılıqlarını daha da dərinləşdirir. Soyuq müharibə illərində oyun qaydaları daha aydın idi, iki rəqib blok var idi, dünya iki hissəyə bölünmüşdü, ölkələrin əksəriyyəti hissələrdən birini seçmişdi.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

İndi isə oyunçuların sayı artıb və hərə öz oyununu aparmağa çalışır, beynəlxalq aləmdə nizam pozulub. Azərbaycan baxımından Münhen təhlükəsizlik konfransının bizim üçün elə bir əhəmiyyəti olmadı. Qarabağ məsələsi də müzakirə edilmədi. Yerləşdiyimiz region ətrafında müzakirələr olsa da sonda ciddi bir qərarlar da qəbul edilmədi. Əvvəlcədən yayılan məlumatların əksinə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhendə xüsusi olaraq görüşmədilər. Məncə, elə yaxşı ki, görüşüb müzakirə aparmadılar. Münhen təhlükəsizlik konfransından əvvəl “Xəzər aktual” proqramında açıq söylədim ki, xarici işlər nazirlərinin görüşünə ehtiyac yoxdur, bu, bizə sərfəli deyil, çünki baş nazir Nikol Paşinyan və onun komandası Qarabağ danışıqlarına hazır olmadığını hər dəfə bəyan edirlər. İşğalçı ölkənin təmsilçiləri detallı danışığa hazır deyillərsə və görüşlərdən status-kvonu uzatmaq üçün istifadə edirlərsə və edəcəklərsə, biz niyə görüntü xatirinə bu görüşlərdə iştirak etməliyik?".

Politoloq qeyd etdi ki, Münhen konfransının diqqət çəkən məqamlarından biri Rusiyanın hədəfə alınması oldu: “Münhen konfransının elə ilk günündəcə beynəlxalq təhlükəsizlik məsələlərin müzakirə oldu və konfransda Rusiyanı çox sərt formada sıxışdırdılar. Demək olar ki, Qərb ölkələrinin əksər təmsilçilərinin çıxışlarında beynəlxalq aləm üçün əsas təhlükələrdən biri kimi Rusiyanın siyasəti göstərildi. Təsadüfə bax ki, həmin gün SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 ili tamam olurdu. Moskvanın Əfqanıstanın daxili işlərinə qarışması avantürası SSRİ kimi imperiyanın çöküşünü sürətləndirən əsas səbəblərdən biri olmuşdu. Lakin dərs çıxarmadılar. SSRİ-nin yerini indi də Rusiya tutmağa çalışır, Gürcüstana və Ukraynaya müdaxilə, bütün perimetr boyu separatçılara dəstək, üstəgəl, başqa bir ”yeniliyə" də əl atıblar: hədəf saydığı ölkələrdəki seçkilərə kiberhücumlar təşkil edirlər. Qəribədir ki, bu cür “yüklə” Münhenə gedən rusiyalı diplomatlar və politoloqlar Qərbin tənqidlərini haqsız saydılar".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR