Rusiya hərbi xərcləri daha da artırmağa hazırlaşır. Büdcə kəsirinin sürətlə böyüməsinə, dövlət borcunun artmasına baxmayaraq, prezident Vladimir Putin müdafiə xərclərinin azaldılmasına razı deyil. "Blumberq" agentliyinin məlumatına görə, Rusiya müharibə ilə bağlı xərcləri əlavə 4-5 trilyon rubl artırmağı planlaşdırır. Bu məbləğ mövcud büdcədə nəzərdə tutulan vəsaitdən təxminən 40 faiz çoxdur. Kreml əlavə maliyyə yükünü əsasən daxili bazardan yeni borclanmalar hesabına qarşılamaq niyyətindədir.
Rusiyanın daxili borcunun xidmət xərcləri artıq 4 trilyon rubla çatıb və bu göstərici federal büdcənin təxminən 9 faizini təşkil edir. Bununla yanaşı, ölkədə büdcə kəsiri ilin ilk beş ayında 6 trilyon rubla yüksəlib ki, bu da hökumətin il sonu üçün müəyyən etdiyi hədəfi xeyli üstələyir.
Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bank rəhbərliyi Putinə müdafiə xərclərinin iqtisadi risklər yaratdığı barədə xəbərdarlıq etsə də, Kreml rəhbəri hərbi büdcəyə toxunulmamasını istəyib. Bu məqsədlə digər sahələrdə xərclərin azaldılması imkanları araşdırılır. Qeyd edək ki, iyunun 10-da Rusiya Dövlət Duması hökumətə büdcə limitlərini aşaraq əlavə xərclər çəkmək və dövlət borcunu artırmaq səlahiyyəti verən qanun dəyişikliklərini təsdiqləyib.
Rusiya iqtisadiyyatı artan hərbi xərclərin yükünü nə qədər daşıya biləcək? Müharibənin uzanması Moskvanı daha böyük maliyyə böhranı ilə üz-üzə qoya bilərmi?
Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, Putin iqtisadi risklərə baxmayaraq geri çəkilmək niyyətində deyil: "Bu xərclərin artırılması təkcə Ukraynada aparılan müharibə ilə bağlı deyil, Rusiyanın daha böyük müharibəyə girmək ehtimalı var. Rusiyanın Baltikyanı ölkələrə hücum edəcəyi ilə bağlı iddialar və təhdidlər mövcuddur. Müharibənin uzanması Moskvanı daha böyük və sistemli bir maliyyə böhranı ilə üz-üzə qoyur. Statistikalara nəzər salanda ilin ilk beş ayında büdcə kəsirinin 6 trilyon rubla yüksəlməsi hökumətin il sonu hədəflərini darmadağın edib. Bu kəsiri qapatmaq üçün atılacaq hər bir inflyasiya addımı ölkədə ciddi qiymət artımı dalğası yaradır”.
Onun sözlərinə görə, maliyyə riskləri ilə yanaşı, Rusiya iqtisadiyyatı iki böyük struktur böhranla mübarizə aparır: işçi qüvvəsi çatışmazlığı və texnoloji blokada. “Hərbi səfərbərlik və kütləvi mühacirət fonunda zavodlarda kəskin kadr qıtlığı yaşanır. Sanksiyalar səbəbindən yüksək texnologiyalara çıxışın məhdudlaşması isə istehsalın keyfiyyətini aşağı salır. Eyni zamanda, iqtisadiyyatın tamamilə Çin yuanından və Pekinin ticarət şərtlərindən asılı vəziyyətə düşməsi Moskvanın xarici manipulyasiyalara qarşı həssaslığını maksimuma çatdırıb. Rusiya Maliyyə Nazirliyi və Mərkəzi Bank rəhbərliyinin xəbərdarlıqlarına rəğmən, Kremlin təhsil, səhiyyə və infrastruktur layihələrini ixtisar edərək vəsaitləri hərbi sənayeyə yönəltməsi sırf siyasi dözümlülük faktoruna əsaslanır. Avtoritar idarəetmə modelində xalqın etiraz potensialı basdırıldığı üçün Kreml sosial kəsintiləri reallaşdırmaqda özünü rahat hiss edir”,_ S.Məmməd belə deyib.
Onun fikrincə, bu strategiyanın da bir "qırmızı xətti" var: “Sosial sahələrin sıxılması o vaxta qədər davam edə bilər ki, bu kəsintilər Moskva və Sankt-Peterburq kimi meqapolislərdə real qida qıtlığına, maaşların aylarla gecikməsinə və ya milli valyutanın kəskin ucuzlaşması ilə daxili bazarın tamamilə iflic olmasına gətirib çıxarsın. İndiki reallıqda sosial sahələrin "şirəsini çəkmək" hələ bir müddət Kremlin əsas maliyyə mənbəyi olaraq qalacaq".
Hərbi ekspertin sözlərinə görə, Rusiya iqtisadiyyatı artıq tam mənada müharibə relsləri üzərindədir və müdafiə xərcləri ölkə büdcəsinin demək olar ki, yarısını udur: "Bu vəziyyət qısamüddətli dövrdə rejimin hərbi hədəflərini maliyyələşdirməyə imkan versə də, uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatını geri dönüşü olmayan struktur böhrana və qaçılmaz tənəzzülə doğru sürükləyir. Ona görə də Rusiyanın əsas problemlərinin hələ qarşıda olduğunu düşünürəm".
Cavanşir Abbaslı
Musavat.com






