İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə rublu möhkəmləndirib? – Putinin açıqlaması və reallıqlar

1368 16.12.2022 21:53 İqtisadiyyat A A

Rusiya prezidenti Vladimir Putin rus rublunu dünyanın ən güclü valyutalarından biri adlandırıb. Bu barədə o, Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında bildirib: “Rusiyada mart-aprel aylarında baş verən ciddi artımdan sonra may ayından etibarən qiymətlərin səviyyəsi praktiki olaraq dəyişməyib və rus rublu ilin əvvəli ilə müqayisədə dünyanın ən güclü valyutalarından birinə çevrilib”, - deyə Kreml başçısı bildirib.

Putin həmçinin bildirib ki, 2022-ci ilin 9 ayında Rusiya məhsullarının Avropa İttifaqına ixracı 1,5 dəfə, oradan Rusiyaya idxal isə 42 faiz artıb. Bu zaman rublun Rusiyanın beynəlxalq hesablaşmalarında payı 30 faizə, “dost” ölkələri də nəzərə aldıqda, 50 faizə çatıb.

Qeyd edək ki, Ukraynaya hücumundan ötən 10 aya yaxın müddətdə Rusiyaya qarşı Qərb dövlətləri tərəfindən 12 mindən çox sanksiya tətbiq olunub. Ölkənin demək olar ki, bütün böyük bankları sanskiya altındadır, beynəlxalq SWIFT sistemindən uzaqlaşdırılıblar. Qərb dövlətləri Rusiyaya yüksək texnologiyalar, hərbi sənayenin inkişafında istifadə oluna biləcək məmulatlardan tutmuş, bahalı bəzək əşyalarına qədər çoxsaylı məhsulların ixracını qadağan ediblər. Rusiyadan neft, kömür, polad, qızıl idxalını böyük ölçüdə dayandırıblar. Bu qədər qadağaların, sanksiyaların qarşılığında Rusiya rublunun real olaraq möhkəmlənməsi mümkündürmü?

Qeyd edək ki, Rusiya prezidentinin açıqladığı rəqəm – Avropa İttifaqına ixracın artması demək olar ki, bütünlüklə neft-qazın hesabına mümkün olub. Rusiyanın Avropaya satılan qazın dəyərinin rublla tələb etməsi nəticəsində aprel ayından bəri ixrac olunan qaza görə ödəniş rublla aparılır.

Rusiyada sərbəst valyuta hərraclarının keçirilməsi tamamilə dayandırılıb. Rublun məzənnəsi sırf inzibati tədbirlərlə tənzimlənir. Digər tərəfdən, Qərd dövlətləri ölkəyə yüzlərlə məhsulun ixracını qadağan ediblər. Rusiya rəsmi statistikası aprel ayından etibarən ölkənin idxal-ixrac statistikasını açıqlamağı dayandırıb. Çünki statistika sanksiyaların ölkəyə təsirsiz qaldığına dair rəsmi təbliğatdan kəskin fərqli mənzərə ortaya qoyacaq. Lakin müxtəlif ölkələrin idxal-ixrac statistikasından mənzərəni təsəvvür etmək mümkün olur. Məsələn, Almaniyanın statistika idarəsinin məlumatına əsasən yanvar-sentyabr aylarında bu ölkədən Rusiyaya ixrac 70 faizdən çox azalıb. Avropa İttifaqının Rusiya neftinə tətbiq etdiyi embarqo qərarı dekabrın 5-də qüvvəyə minib. Treyder şirkətlərinin göstəricilərindən aydın olur ki, bu ilin 11 ayında Rusiya neftinin 25 faizi Avropa İttifaqına ixrac olunub. Bu isə o deməkdir ki, Avropaya ixracın artmasının əsas mənbəyi bağlanır.

Gəlir mənbələri və həcmi azalır, amma ölkədən vəsait axını sürətlə artır. Rusiya Bankı oktyabrın sonlarında ölkədən kapital axınına dair proqnozunu yeniləyib. Banka görə, 2022-ci ilin sonuna qədər ölkədən kənara çıxarılan kapitalın həcmi 246 deyil, 251 milyard dollara bərabər olacaq. Müqayisə üçün deyək ki, ötən il bu göstərici 74 milyard manata bərabər olub. Rusiya Bankı 2023-cü ildə ölkədən kapital axınının 124 milyard dollar, 2024-cü ildə 54 milyard dollar, 2025-ci ildə 16 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Lakin ekspertlər bu proqnozların real olmadığı qənaətindədirlər. Hesab olunur ki, Rusiyadan kapital axını növbəti 3 ildə daha yüksək həcmləri əhatə edəcək.

Rəsmi rəqəmlərdən aydın olur ki, yalnız fiziki şəxslərin pul baratları şəklində cari ilin 6 ayında Rusiyadan 14 milyard dollar çıxarılıb. Rusiya Bankı ikinci rübdən sonra bu statistikanı açıqlamır. Lakin xüsusilə keçmiş Sovet ölkələrinin statistikası bu köçürmələrin 3-4cü rüblərdə daha da artdığından xəbər verir. Belə ki, Rusiyadan fiziki şəxslər tərəfindən 11 ayda Gürcüstana 1,8 milyard dollar, 10 ayda Azərabaycana 2,3 milyard dollar, 8 ayda Özbəkistana 10,6 milyard dollar, 9 ayda Ermənistana 1,7 milyard dollar vəsait köçürülüb. Qazaxıstana köçürmələrin 9 dəfə artdığı bildirilir. Qırğızıstan və Tacikistana köçürmələrdə də 4-5 dəfəyə yaxın artım var. Bu isə Rusiyada əhalinin öz vəsaitlərini mümkün olan qədər ölkədən çıxarmağa çalışdığını göstərir. Sadə vətəndaşlar belə davranırsa, biznesin davranışlarını təsəvvür etmək çətin deyil.

BMT Ticarət və İnkişaf Təşkilatının məlumatına əsasən bu ilin 3-cü rübündə Rusiyaya məhsul idxalı illik ifadədə 17 faiz azalıb, ölkənin ixracı isə cəmi 1 faiz artıb. Rusiyanın ikili idxala yaşıl işıq yandırmasından sonra üçüncü rübdə idxalın ikinci rübə nisbətən 26 faiz artması müşahidə olunur. Lakin bu müddətdə Rusiyadan məhsul ixracı 13 faiz azalıb. Rusiyanın etiraf etməməsinə baxmayaraq, neft-qaz ixracında da kəskin azalma var.

Rusiya sənaye və ticarət naziri Denis Manturovun sözlərinə görə, paralel idxal sxemlərinin yaradılması və işə salınması nəticəsində aylıq idxal 9,4 milyard dollara çatıb. İlin sonunadək bu həcmin 20 milyard dollara çatacağı gözlənilir.

Həm ABŞ, həm də Avropa İttifaqı diqqəti Rusiyanın digər ölkələr vasitəsilə qadağan olunan məhsulların idxal etməsinin qarşısını almağa yönəldiblər. Son 2 ayda ABŞ 30-a yaxın şirkəti Rusiyaya ikili idxalı təmin etdiyinə görə qara siyahıya salıb. Onlar arasında Ermənistanda fəaliyyət göstərən “Milandr” şirkəti də var. Bu şirkət elektronika məhsullarını dolayı yolla Rusiyaya çatdırmaqda ittiham olunur.

Avropa İttifaqı isə Ermənistanın Rusiyaya ixracı qadağan olunmuş bir sıra texnikanın ikili çatdırılmasını təşkil etməsindən narahatlığını bəyan edib. "Bloomberg"in yaydığı məlumata görə, Avropa İttifaqı Rusiyanın Ermənistan üzərindən aldığı məişət texnikalarının bəzi hissələrindən hərbi məqsədlərlə istifadə etdiyi qənaətindədir. “Evrostat”ın məlumatına əsasən, Ermənistan bu ilin yanvar-avqust aylarında Avropa İttifaqından son iki ildəkindən daha çox paltaryuyan maşın idxal edib.

"Bloomberg" qeyd edir ki, 2022-ci ilin birinci yarısında Avropa İttifaqından bu ölkəyə elektrik südsağan aparat ixracında da ciddi artım baş verib. Halbuki Ermənistanda doğum sayı 2021-ci ilə nisbətən azalıb.

Avropa İttifaqının Rusiyaya qarşı razılaşdırdığı 9-cu sanksiya paketində diqqət Rusiyanın hərb sənayesində istifadəsi mümkün olan bütün növ məhsulların, o cümlədən məişət texnikasının bu ölkəyə idxalının dayandırılmasına yönəldilib. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin verdiyi məlumata əsasən bu məqsədlə Avropa İttifaqı 200 fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil edəcək. Bunların arasında Rusiyanın 3 bankı, hərbi-sənaye şirkətləri və dağ-mədən hasilatı şirkətləri var.

ABŞ Dövlət Departamentindən verilən məlumata görə, 2022-ci ilin sentyabrına Qərbin sanksiyaları nəticəsində Rusiyanın xaricdən yarımkeçirici idxalı 70 faiz azalıb. Həm ABŞ, həm də Avropa İttifaqı və onları dəstəkləyən digər ölkələr diqqəti Rusiyanın hərbi istehsalında istifadə olunması mümkün olan bütün növ texnikaların üçüncü tərəflər vasitəsilə bu ölkəyə çatdırılmasının qarşısını almağa yönəldirlər. Bu isə Rusiya iqtisadiyyatında mühüm yeri olan hərbi-sənaye kompleksinin inkişafını əngəlləməklə yanaşı, ölkənin hərbi məhsullar idxalından gəlirlərini də kəskin şəkildə azaldacaq.

Yeri gəlmişkən, Rusiya neftinə qiymət tavanı tətbiq edən ölkələrə məhsulunu satmayacağını elan edib, bununla bağlı hökumətin hazırladığı qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir. Lakin Financial Times-in iri daşıyıcı şirkətlərə istinadən verdiyi məlumata əsasən reallıqda Moskva buna gedə bilmir və artıq neftini qiymət tavanına əsasən satmağa başlayıb. Belə ki, dekabrın 5-dən sonra Rusiya nefti qiymət tavanını əsas götürən şirkətlərə məxsus tankerlərlə Hindistana daşınmağa başlayıb. Qəzetin yazdığına görə, dekabrın 5-dən bəri minimum 7 tankerə 5 milyon barelə yaxın Rusiya nefti yüklənib.

Hazırda Rusiya nefti dünya bazarında 50 dollara təklif olunur ki, yaxın həftələrdə bu qiymətin daha da aşağı düşəcəyi gözlənilir. Ölkənin neft-qaz gəlirlərinin azalması perspektini Rusiya Bankı da üstörtülü şəkildə etiraf edir. Bank 2023-cü ilin birinci rübündə xüsusilə gəlirlərin kəskin azalması ehtimalını inflyasiya riskləri sırasında ilk yerdı göstərir...

 

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR