Son bir gecə ərzində ABŞ-ın müxtəlif hərbi bazalarından onlarla KC-135 və KC-46 tipli yanacaqdolduran təyyarənin havaya qalxdığı qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu təyyarələr ABŞ-ın şimal-şərq sahillərinə toplanır ki, bu da onların yaxın saatlarda transatlantik uçuşla Avropaya keçəcəyindən xəbər verir. Hava yanacaqdolduranlarının bu dərəcədə intensiv hərəkəti adətən uzaqmənzilli qırıcı və bombardmançı təyyarələrin genişmiqyaslı yerdəyişməsi zamanı baş verir.
Yaxın Şərqə 160-dan çox ağır nəqliyyat reysi
Hərbi logistik hərəkətlilik təkcə Avropa ilə məhdudlaşmır. 15 yanvar tarixindən bəri ABŞ və Yaponiyadan Avropa üzərindən Yaxın Şərqə doğru C-17 və C-5 tipli ağır nəqliyyat təyyarələrinin 163-dən çox reysi qeydə alınıb.
Əsas istiqamətlər və reyslərin sayı aşağıdakı kimidir:
İordaniya: 98 reys (əsas mərkəz kimi istifadə olunur)
Səudiyyə Ərəbistanı: 20 reys
Küveyt: 18 reys
Pentaqon nəyə hazırlaşır?
Ekspertlər bu hərəkətliliyi bir neçə faktorla əlaqələndirirlər. Birincisi, İranla nüvə danışıqlarının fonunda ABŞ-ın regiondakı müttəfiqlərini gücləndirməsi, ikincisi isə Ukrayna cəbhəsində və Şərqi Avropada baş verə biləcək hər hansı gərginliyə qarşı çevik reaksiya qüvvələrinin hazır vəziyyətə gətirilməsidir. Ağır nəqliyyat təyyarələrinin daşıdığı yüklərin əsasən hava hücumundan müdafiə sistemləri, sursat və zirehli texnika olduğu ehtimal edilir.
Musavat.com






