İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni Afət Fərmanqızı: “Rayondan gəlmiş cavan gəlin idim, aldana bilərdim”

43328 06.01.2017 18:31 Mədəniyyət A A

Müğənni, eyni zamanda xınayaxdı mərasimlərinin təşkilatçısı kimi tanınan Afət Fərmanqızı “Yeni Müsavat” qəzetinin qonağı olub. Musavat.com saytının suallarına cavab verən müğənni ilə söhbətə yeni mahnısı “Ürəyimin sahibi var” ilə başladıq: 

- İlin son günlərində “Ürəyimin sahibi var” adlı mahnı təqdim etdiniz. Dinləyicilərin reaksiyası necə oldu? 

- Mahnını “İnstagram” səhifəmə yüklədim. Orada yazılan şərhlərdən gördüm ki, mahnıya qarşı böyük maraq var. 1 həftə ərzində 20 mindən çox baxış oldu. Adətən, mən mahnılarımı dinləmirəm. Amma bu mahnıdan özüm də doymuram. Bəstənin aranjemanı da yüksək səviyyədədir. “Xına” mahnısından sonra ikinci uğurlu işimdir. O mahnının da söz və musiqisi Aqşin Fərata aiddir.

-  Son zamanlar müğənnilər klip çəkdirməkdən boyun qaçırır ki, artıq xərcdir. Siz də yeni mahnınızı sevdiyinizi dediniz. Klip gözlənilirmi?

- Əlbəttə olacaq. Mahnı klip tələb edir. Əgər bir mahnı reytinq qazanırsa, onu ekranlaşdırmaq lazımdır. Artıq Doktor Nicat adı ilə tanınan rejissor-müğənni ilə danışmışam. Əlindəki filmi bitirdikdən sonra çəkilişlərə başlayacağıq. Klip çəkdirmək istəməyən müğənnilərə də haqq qazandırıram, klip telekanalı yoxdur. Yalnız bir telekanalda 1 saat klip saatı olur, bu da yetərli deyil. Həm də insanlarımız hər şeyi sosial şəbəkədən izləyir. Klip qazanc gətirmirsə, əlavə vəsait sərf etməyin mənası yoxdur. 

- Yəni, həmkarlarınızla razısınız?

- Onlara haqq qazandırıram. Amma eyni zamanda düşünürəm ki, klip lazımdır. Uğur qazanmış mahnını kliplə yaddaşlara həkk etmək olar. 2016-cı ildə 3 klip çəkdirdim. 2017-ci ildə isə minimum 1 klip çəkdirməliyəm. O da “Ürəyimin sahibi var” üçün çəkiləcək. 

- Ötən il 3 klip çəkdirmisiniz, mahnılar yazdırmısınız, sənətinizi davam etdirirsiniz. Amma niyə gündəmdə deyilsiniz?

- Yeni-yeni sənətə gələndə uğurlu başlamışdım, daim gündəmdə idim. Sonra anam rəhmətə getdi, həvəsdən düşdüm. Bacım da ailə qurdu, oğluma baxan olmadı. Mənim üçün oğlum sənətdən önəmlidir. Oğlum ötən il 640 balla ali məktəbə qəbul oldu. Əziyyətimi yerdə qoymadı. Ondan sonra başladım yenidən fəaliyyətimi bərpa etməyə. İkinci qayıdışım möhtəşəm oldu. Telekanalların reytinqli verilişinə dəvət olundum, xəbər portalları müsahibələr aldılar. Ayda 5-6  verilişə çıxırdım. Sonra gördüm ki, gündəmdə olduqca mənə olan maraq azalır. Artıq bir devizim var: “Az və gec görün, amma sanballı görün”. İstəmirəm ki, insanlar baxanda desin ki, yenə bu. Özümə qayda qoymuşam, reytinqli verilişə ayda bir dəfə çıxacağam. Reytinqli xəbər portallarının birinə ayda və ya iki ayda bir dəfə müsahibə verəcəyəm. Gündəmdə olmaq tamaşaçını bezdirir. 

- Yəqin, övladınız da sənətə dönüşünüzü dəstəkləyir...

- Oğlum müğənniliyi işim kimi qəbul edir. Vaxtı ilə iş həyatı olan qadın evdə oturanda depressiyaya düşür. Həm də hara gedirdimsə, mənə deyirdilər ki, Afət xanım, niyə görünmürsünüz? Və ya darıxmışıq, sənətə qayıdın. Onların sevgisi mənə ruh verdi, oğlum da dəstək oldu.

- Xınayaxdı mərasimlərinin təşkili ilə məşğulsunuz. Bəzi insanlar narazılıq edir ki, artıq əvvəlki adət-ənənə qalmayıb. Tez-tez məclislərdə olursunuz. Siz mərasimləri necə qiymətləndirirsiniz?

- “Xına” mahnım seviləndən sonra bu mərasimlərə qarşı həvəsim artdı. Xına mərasimlərinin kökünü araşdırmağa başladım. Artıq xına işinin peşəkarıyam, çünki elmini öyrənmişəm. Bu iş özü məni seçdi. Mən işimə məsuliyyətlə yanaşıram. Adət-ənənələr olduğu kimi qalıb, xırda detallar dəyişilib. Bəzi dekorlarda milli atributları müasir elementlər əvəzləyib. Mənim iki dekorum var, biri tam milli atributlarladır, digəri isə daha müasir formadadır, güllərlə bəzədilir. Tələbat isə müasirliyədir.

- Hazırda xınayaxdı mərasimləri təşkil edənlərin sayı artıb. Bu rəqabət sizin biznesə necə təsir edib?

- Bəli, artıb. Amma hamınınkı uğurlu alınmır. Bu gün mənim uğur qazanmağımın səbəbi mahnımdır, ikinci, məsuliyyətim, üçüncü isə ziyalı olmağımdır. Mən folklorlarımızın, haxıştalarımızın mənbəyini öyrənmişəm. Haxıştanın məzələsi var, məzəli də iki yerə ayrılır, biri xətrə dəyəndir. Məsələn, biri istəyir, mərasim maraqlı alınsın. Deyir ki, ay gəlin, sənin bir baldızın var, qarnı yaman qurdludur. O adam düşünmür ki, hər xasiyyətdə adam var, baldızın xətrinə dəyə bilər. Ondansa de ki, sənin bir baldızın var, üzü yaman nurludur. Tərifləsən nə olar? Mən elə zarafatları sevmirəm. Mən 4 saat dayanmadan həm oxuyuram, həm mərasimi idarə edirəm. Mənim üçün məclis adi ola bilər, çünki tez-tez məclisdə oluram. Amma ev sahibinin ömründə bir dəfə olan şeydir. İşə həssaslıqla yanaşmaq lazımdır. Yəni rəqabət mənim işlərimə mənfi təsir göstərmir. 

- Son günlər haqqınızda yayılan xəbərlərə bir daha aydınlıq gətirməyinizi istəyirəm. Xəbərlər yayıldı ki, Afət Fərmanqızı xınayaxdı mərasimləri üçün behləri alıb, ölkədən qaçıb. Sonra xəbərlərin əsassız olduğunu açıqladınız. Bu cür məlumatların yayılmasına səbəb nə idi? 

- Xına mərasiminə nə qədər beh verilir ki, götürüb qaçım? Orada anlaşılmazlıq olmuşdu. Mən oğlumla bağ evində idim, evi təmir etdirirdim. Zənglər çox gəldiyi üçün telefonu söndürmüşdüm. O xəbəri yayan şəxsin qohumunun xına mərasimini təşkil edəcəkdim. Beh də almışdım. Xəbər yayılandan sonra qohumlar oğluma zəng etdilər, məsələni danışdılar. Mən də tez telefonu açdım, məsələni aydınlaşdırdım. Həmin şəxsin mərasimini də təşkil etdim, hər şey gözəl oldu. Əvvəl xəbərə əsəbləşdim, sonra gülmək tutdu məni. O zaman anladım ki, çoxları məni sevirmiş, narahat olanlardan üzr istəyirəm. 

-  Şou-biznesdə olub, qalmaqalsız dolanmaq çətindir. Özünüzü qalmaqaldan necə sığortalayırsınız?

- Mənim böyük oğlum var, hər yerdə onunla qürur duyuram. Ona görə mən də onun adına layiq olmalıyam, o, Afət Fərmanqızının oğlu olmaqdan utanmamalıdır. Oğlumu narahat edəcək addımlar atmaram. Müğənni sənəti ilə gündəmdə olmalıdır. Dedi-qodu, qalmaqal gərəksizdir. Bir də müğənnilərdə belə xüsusiyyət var. İki müğənni küsür, mən biri ilə danışanda, o iri yersiz yerə məndən inciyir. Bu cür addımları sevmirəm. Başımı aşağı salıb, işimi görürəm. Kiminsə tərəfindən özəlləşdirilmiş insan deyiləm, mən demokratik ölkənin vətəndaşıyam. Mənə kiminsə qalmaqalı maraqlı deyil. Bəlkə də o müğənnilərin itirəcək heç nəyi yoxdur. Amma həyatda itirəcəyim çox şey olduğu üçün söz-söhbətdən kənar gəzirəm. 

- Müğənniliyi seçdiyiniz üçün peşmançılıq keçirdiyiniz məqamlar olur?

- Mən ali təhsilli biologiya-kimya müəlliməsiyəm, musiqi məktəbində də təhsil almışam. Anamın da gözəl səsi olub, yəqin qanla mənə keçib. Əvvəllər elə bilirdim ki, müğənnilik mənim üçün hobbidir, amma 4 il sənətdən kənar qalanda bildim ki, yanılmışam. Balıq susuz qala bilmədiyi kimi, müğənni səhnəsiz qala bilməz. 4 il öncəki fotolarıma baxıram. Orada o qədər həyat eşqi olmayan, gözünün işığını itirmiş xanım təsiri bağışlayıram ki... Sanki səhnəyə qayıdanda gəncləşdim, gözümə işıq, üzümə nur gəldi. 

- Dediniz ki, ananızın gözəl səsi olub. Sənətə gəlməyinizdə yəqin onun dəstəyi böyük olub. Çünki Azərbaycanda ailələr qızlarının müğənni olmasını istəmir. Sizin ailədə  oxuma istəyiniz necə qarşılandı?

- Mənim anam Xarici Dillər Universitetində oxuyub, o illərdə xorda çıxış edirmiş.  Ailə qurduqdan sonra atam onun oxumasına mane olmayıb. Özü məclislərə aparıb gətirib. Biz Tovuzda yaşayırdıq. Atam ayda bir dəfə anamı Bakıya gətirirdi ki, dövlət televiziyasında oxusun. Mən də anama baxıb, oxuyurdum. Amma ağlıma gəlməzdi ki, böyüyüb sənəti davam etdirərəm. Atam rəhmətə gedəndən sonra anam oxumağın daşını atdı, biz Bakıya köçdük. İlk dəfə Elxan Osmanlının dəstəyi konsertdə oxudum. Ondan sonra sənəti daha çox sevdim. Əli Məmmədov adlı dostum var, o mənə dedi ki, bacısının adı Afətdir, mən də onun bir bacısıyam. Dedi, sənətdə düzgün yol tut, sənətin pisi yoxdur, hər şey özündən asılıdır. Onun sözünü qulağıma sırğa etdim. İndi fürsət axtarıram ki, mən də ona yaxşılıq edim. O vaxt çətin idi, rayondan gəlmiş cavan gəlin idim, aldana bilərdim. O, məsləhəti ilə məni doğru yoldan uzaqlaşmamağı öyrətdi. Anam da məni özü aparıb-gətirirdi. Maşın alana kimi anam məni tək qoymadı. 

- Bir az da şəxsi həyatınıza toxunaq. Çünki mediada şəxsi həyatınızla bağlı demək olar ki, heç bir məlumat yoxdur...

- Şəxsi həyatımı heç vaxt göz önünə sərməmişəm. İnsanlara mənim sənətim maraqlıdır. İstəyirəm ki, hər zaman belə qalsın. Həyatımda hər şey yolundadır. Xoşbəxt qadınam. Əsas odur. İnsanlar bunu bilsə, yetərlidir. 

Könül İbrahim,
Musavat.com 
Fotolar Məhəmməd Türkmənindir. 




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR