İnsanlara hürriyət, millətlərə istiqlal!

Müasir gənclərin maşın sevgisi, bir də dalıalovlu maşın sürüşü

1636 19.10.2019 17:23 Yazarlar A A

Maşınına və öz üst-başına mübasibətdə insanlar dörd qrupa bölünür: 1. Maşınını da, özü üst-başını da daima təmiz saxlayanlar; 2. Öz üst-başını təmiz, maşınını kirli-paslı saxlayanlar; 3. Maşınını tərtəmiz saxlayan, öz üst-başına baxmayanlar; 4. Üst-başı da, maşını da eyni cür palçıqlı, tozlu olanlar. 

Etriaf edim ki, mən özüm 2-ci qrupa aidəm. İki həftədən bir maşın yuduzdursam, böyük şeydir (dost-tanışın təzyiqinə məruz qalanda, həftədə bir dəfə də olur). Mən bu adəti həmkarım, dostum-qardaşım Qabil Abbasoğludan əxz eləmişəm. O həmişə deyirdi ki, maşın bizə xidmət eləməlidir, biz maşına qulluq göstərməli deyilik. Amma bilmirəm o, yenə də öz prinsipinə sadiqdirmi.

Hətta Qabilin bu adəti haqqında lətifəyə oxşayan bir əhvalat da var. 10-12 l qabaq Qabil bir az da fəxrlə tez-tez deyərdi ki, bu şəhərdə ən çirkli-palçıqlı maşın mənimkidir. Bir gün dizaynerimiz Vüqar Salamlı dostları ilə avtobusda gedərkən yolda, daha dəqiqi, işıqforda dayanmış maşınların arasında dəhşətli dərəcədə palçıqlı maşın görür və dostlarına deyir: “Bizim redakor öz naşınını deyir, amma şəhərdəki ən çirkli maşın yəqin ki, bax, budur. Vüqarın dostları da təsdiqləyir ki, bəli, şəhərdə bundan artıq palçıqlı maşın ola bilməz. Birdən işıqforın yaşıl işığı yanır, maşınlar yerindən tərpənir. Elə olur ki, Vüqarın oturduğu avtobus palçıqlı maşından iki metr irəli keçir. Vüqar yuxarıdan boylanır, görür ki, palçıqlı maşının sükanı arxasında oturan sürücü... Qabil Abbasoğludur. 

O gün mən özüm 3-cü kateqoriyadan olan bir gənc sürücü görmüşəm. Yuyucu sexində maşın yuduzdururduq. Bir suyu futbolçu Araz Abdullayevə oxşayan müasir gənclərdən biri (saqqallı, daha dəqiqi, qırxılmamış üzlü, dar və gödək balaqlı, makasin corablı) öz “Niva”sını tərtəmiz yuduzdurub bir kənara çəkdi və yuyucu qardaş qurulama proseduruna başladı. 

“Niva” necə deyərlər, zağlıydı, ideal vəziyyətdəydi. Oğlan yuyucunun başının üstündə durdu və tələb elədi ki, yuyucu işini vicdanla görsün. O da dərin vicdanlı uşaq olmasa da, maşını yaxşıca quruladı, təkərlərini özünün dediyi kimi, Dərnəgüldəki qaçqın bazarından aldığı ucuz çaxıra qatdığı narşərabla o üz-bu üz qaraltdı, ayaqaltılara keçdi. Gənc sürücü qane olmadı, süngəri götürdü, narşərab-çaxır qatışığını yuyucudan aldı, maşının təkərlərinin şırımlarını, şporların dəliklərini də qaraltmağa girişdi. 

Mən də kənarda durub baxıram. Prosedur maraqlı gəldi, mənzərənin şəklini də çəkdim. Amma iş bununla bitmədi. Oğlan sükan arxasına keçdi, “Niva”nı iki qarış irəli sürdü, düşüb təkərlərin bir az əvvəl asfalta dəyən yerlərini də qaraltdı. İstədim deyəm, ay oğul, 10 metr sürəndən sonra bütün bu əziyyətin puç olub gedəcək axı, niyə özünə zülm edirsən. Amma bu yerdə onun maşınındakı dördgöz kolonkadan mahnı sədası gəldi: “Sevgi yoxdur, inanmıram, yalandı, abi”. Ta bir söz demədim. 

Ondan sonra iki maşın yuyuldu, qurulandı, sürücülər sürüb getdi. Biri hətta təkərini qaraltmağa qoymadı, dedi, artıq işdir, məhkəmizə girəndə onsuz da kanalizasiya suyunun axdığl yerdən keçirəm, yenə batacaq, dəymə. Mən sürüb aralananda oğlan hələ ordaydı, “Niva”nın sağına-soluna keçirdi. 

Sözü nəyə gətirirəm? İndiki gənclərin maşına münasibəti bu cürdür. “Romeo-Cülyetta”, “Leyli və Məcnun”, “Əsli və Kərəm” eşqləri yalandı, abi, indi “Tofiq və Porşe”, “Roşka və İnfiniti”, “Valik və Qalik” eşqləri aktualdır. Adama hrdən elə gəlir ki, bu gənclər evlənməyəcəklər, ömür boyu maşınlarıyla yatıb-duracaqlar. 

Araz Abdullayevin öz bahalı maşınını dalıalovlu şəkildə sürməsinə bu prizmadan baxmaq lazımdır. (Yeri gəlmişkən, o maşının səsboğucularından tez-tez alov çıxdığı üçün bu termini icad eləmişəm və Şəbnəm Tapdıqla məsləhətləşərək ona müəlliflik sertifikatı alacam). Hiss olunur ki, o, öz  lüks avtomobilini oynadığı futboldan da, öz canından da çox istəyir. 

Bu sözləri deyərkən, heç kəsi qınamıram ha, yanlış anlaşılmasın. Dədə-babalarımızn vaxtında da ata bu sayaq aşırı sevgi olub, deyirmişlər: “At igidin qardaşıdır”, “Tüfəngini təmiz saxla, atını da tumarla” və s. Koroğlu Qıratı incitməsin deyə keçəl Həmzəyə yarım saat “Həmzə, incitmə Qıratı” deyə remiks oxumurmu? Qaçaq Nəbi Bozata onu davadan qurtarması üçün qızıldan, gümüşdən rüşvət təklif etmirmi? 

İndi anlaşılırmı ki, biz gerçəkdən də o atsevən kişilərin nəvə-nəticələriyik. Sadəcə, indi “BuqATti”-zad minirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR