İnsanlara hürriyət, millətlərə istiqlal!

“MTN işi” üzrə mühakimə olunanlar zərərçəkənlərə təzyiq göstərir

872 16.11.2021 12:00 Ölkə A A

Bu gün Mövlam Şıxəliyev və digərlərinin məhkəməsi davam edəcək

Bu gün, noyabrın 16-da Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar.

İttihama görə, Mövlam Şixəliyev mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

Yasin Məmmədov

Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar. Zərərçəkənlər məhkəmə dövründə azadlıqda qalan təqsirləndirilən şəxslərin onlara hədə-qorxu gəldiklərini deyirlər. Buna baxmayaraq, hakim Elbəy Allahverdiyev hərəkətsizlik edir.

Sahib Ələkbərov

Zərəçəkənlər deyir ki, qanunsuzluq bununla bitmir.

Açıq elan olunan məhkəmə prosesinə mətbuat nümayəndələri buraxılmır. Audio və videocəkilişlərdən istifadə edilməsinə qadağa qoyulub. Hakim jurnalistləri prosesə buraxmamasının səbəbini açıqlamır. Cinayət işi üzrə mütəşəkkil cinayətkar quldur dəstənin əməllərindən ümumilikdə zərər çəkən 36 nəfərdir.

Vüsal Ələkbərov

Dəstə fəaliyyətdə olduğu dövrdə qanunsuz olaraq həbs etdiyi zərərçəkənlərdən 1 nəfər intihar edib, digəriləri isə keçirdikləri stress üzündən ürək və digər xəstəliklər taparaq həyatdan köçüblər. Dünyalarını dəyişmiş zərərçəkənləri prosesdə hüquqi varisləri təmsil edir. Hazırda məhkəmədə zərərçəkənlərin və şahidlərin dindirilməsi mərhələsidir.

Elşən MƏMMƏDƏLİYEV,
Fotolar müəllifindir,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR