Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Bakıda "Rus evi"nin (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) fəaliyyətinin yenidən bərpa edilməsi təşəbbüsü ilə çıxış edib.
Musavat.com xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin mətbuata verdiyi rəsmi açıqlamada bu məsələyə toxunub. Rusiyalı diplomat vurğulayıb ki, Azərbaycanda "Rus evi"nin fəaliyyətinin yenidən bərpa olunması hər iki dövlətin və xalqın maraqlarına tamamilə cavab verərdi.
Nazir müavini həmçinin yaxın günlərdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya rəsmi səfər edəcəyini diqqətə çatdırıb. Qaluzinin sözlərinə görə, Rusiya tərəfi bu mühüm səfər çərçivəsində azərbaycanlı həmkarları ilə ikitərəfli münasibətlərin bütün spektrini masaya yatırmağı planlaşdırır. Danışıqlarda Rusiya-Azərbaycan əlaqələrinin siyasi, ticarət-iqtisadi və xüsusilə mədəni-humanitar sahələrini əhatə edən geniş ikitərəfli gündəliyin çox predmetli şəkildə müzakirə ediləcəyi gözlənilir.
Musavat.com






