İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva İrəvana “yol xəritəsi”ni göstərdi - “O sənədi icra et!”

5604 14.09.2023 11:49 Siyasət A A

Rusiya Ermənistana bəyan etdi ki, sülh şansı əldə olunmuş 10 noyabr razılaşmalarının icrasıdır; eyni vaxtda Vaşinqton və İrəvandan sülh açıqlamaları gəldi - şərh

10 noyabr Üçtərəfli Bəyanatda nəzərdə tutulan bəndləri Azərbaycan tərəfi yerinə yetirib və yetirməkdə davam edir, Ermənistan isə boyun qaçırır. Bir sıra bəndləri Rusiya özü də icra etmir, amma burada daha çox məsuliyyət Ermənistanındır. Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin bu mövzuda son açıqlaması Ermənistanda diplomatik xəbərdarlıq kimi başa düşülə bilər.

XİN nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadiyyat Forumu çərçivəsində “Komsomolskaya pravda”ya bildirib ki, Ermənistan üçün sülh şansı əldə olunmuş üçtərəfli razılaşmaların icra olunmasıdır. Onun sözlərinə görə, sülh şansı Rusiyanın vasitəçiliyi ilə işlənib hazırlanan üç sənəddə qeyd olunub.

“Sülh şansı son illər, qeyd edim ki, Moskvanın və şəxsən Rusiya prezidentinin səyləri sayəsində nizamlanma sırasına keçib. Hamı razılaşdığına görə və 2020-ci ildən bəri bu sənədlərin aktuallığını və onların tarixi rolu dəfələrlə təsdiqləndiyinə görə, sadəcə olaraq, onları icra etmək lazımdır. Ritorikaya gəldikdə isə bilirsiniz, cəmi iki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov vaxtaşırı müxtəlif tərəflərdən - istər hakimiyyətdəki şəxslərdən, istərsə də siyasi dairələri təmsil edən şəxslərdən eşitdiyimiz bu ritorikaya münasibət bildirib. Ritorika vəziyyəti həll etməyə kömək edən olmalıdır. Artıq hamı alovlandırmağı, yandırmağı, ayırmağı öyrənib. Barışdırmağı, kömək etməyi, bərpa etməyi bu gün hər kəs bacarmır. Bunun üçün səy göstərməliyik”- , deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Ermənistan 10 noyabr sənədində nəzərdə tutulan öhdəliklərini yerinə yetirmədən sülh təbii ki, mümkün deyil. Belə qənaətə gəlmək olarmı ki, Rusiya hansısa səbəbdən, yaxud öz maraqları üçün Ermənistanı bu sənədi tam icra etməyə məcbur edəcək? Bunlar baş verərsə, Azərbaycan tərəfi də sülhün baş tutacağı qənaətindədirmi, yoxsa digər faktorlar da var? Eyni vaxtda Vaşinqton da çağırış edib. “Biz Ermənistanla Azərbaycan arasındakı vəziyyəti həll etmək üçün çalışmağa davam edəcəyik”. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib. “Dünən də qeyd etdiyim kimi, dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla şəxsən bu prosesdə iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib və ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik: qısamüddətli məsələ kimi hər iki dəhlizin açılması və daha uzunmüddətli məsələ kimi isə iki ölkənin yekun razılığa gəlməsi”, - o vurğulayıb. Miller Rusiya Prezidentinin Ermənistan və Azərbaycanla bağlı səsləndirdiyi fikrə şərh verməyəcəyini qeyd edib. “Ermənistan istənilən vaxt danışıqlar masasına qayıtmağa hazırdır”. Bunu isə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib. “Bakı İrəvanın sülh müqaviləsi ilə bağlı təkliflərinə hələ cavab verməyib. Hazırda Ermənistan və Azərbaycan liderlərinin görüşü ilə bağlı konkret razılaşma yoxdur. İrəvan problemləri sülh yolu ilə həll etmək və Bakı ilə sülh müqaviləsi bağlamaq məqsədindən əl çəkmək niyyətində deyil”, - o qeyd edib.

Müharibə bitdi, qaldı mübarizə - Daha uzun, daha qəliz Manset.az

Murad Sadəddinov

Bu mövzuda “Yeni Müsavat”a danışan politoloq Murad Sadəddinov qeyd etdi ki, Rusiya XİN nümayəndəsinin açıqlamasında bizi qane edən nüanslar ola bilər, amma Zaxarovanın bu çıxışı gərgin əlaqələr dövründə olduqları Ermənistana bir xəbərdarlıqdır. Politoloq vurğuladı ki, onun mövqeyi Rusiya-Ermənistan münasibətləri ilə bağlıdır, sadəcə, ritorikada müxtəlif məsələlərdən istifadə edilir: “Üçtərəfli sənədi yada salmaq Qərbin moderatorluq rolunu məhdudlaşdırmaq cəhdləridir. Ermənistan Qərbin imkanlarından istifadə etməyə çalışır. İrəvanın KTMT-dən səfirini çağırması, avropalı müşahidəçiləri sərhədə yerləşdirməsi, amerikalı hərbçilərlə birgə təlimlər təbii ki, Rusiyanı qıcıqlandırır. Amma üçtərəfli bəyanatın icrası vacibdir. Zaxarovanın bu xatırlatmasını müsbət qiymətləndirmək lazımdır. Xüsusən də üç müddəa yerinə yetirilməlidir: erməni hərbçilərin bölgədən çıxarılması, azərbaycanlı qaçqınların Qarabağın dağlıq hissəsinə qayıtması və Zəngəzur koridorunun açılması...”

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə qəzetimizə dedi ki, Zaxarova bir sıra mövzuları Ermənistanın yadına salır: “Onun bu çıxışları Rusiyanın əhəmiyyətini xatırlatmaqdır. Ermənistana demək istəyir ki, kimi bölgəyə cəlb edirsiniz, hansı qüvvələrlə yaxınlaşırsınız, öz işinizdir, onsuz da bizdən uzaqlaşa bilməyəcəksiniz. Rusiya bölgədə qalmaqda maraqlıdır və sülh sənədinin imzalanmasında maraqlı deyil”. Partiya sədrinin sözlərinə görə, üçtərəfli sənədin bir neçə bəndi üç ildir icra edilmir, Ermənistan və Rusiyanın götürdüyü öhdəliklər var: “Hər ikisi şərtlərə əməl etmir. Rus hərbi kontigenti bölgəyə yerləşəndə erməni hərbi birləşmələri dərhal regiondan çıxmalıydı. Bundan əlavə, sərhədlər dəqiqləşməliydi, bu da yoxdur, faktiki delimitasiya prosesi getmir. Həmçinin nəqliyyat kommunikasiyaları açılmalıdır. İşçi qrupu formalaşıb, Soçidə və Moskvada baş nazirlərin müavinləri görüşüblər, heç bir praktik nəticəsi yoxdur. Ona görə də Zaxarovanın açıqlamasını hazırkı gərginlik kontekstində oxumaq lazımdır”.

Bu arada, Türkiyə tərəfi yaxın aylarda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlayacaq. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda azərbaycanlı jurnalistlərə müsahibəsində belə deyib. O, Azərbaycan tərəfinin artıq bununla bağlı işlərə davam etdiyini qeyd edib: “Ermənistan ərazisində də Zəngəzur dəhlizi ilə bağlı müəyyən yol qət etmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bunu qısa zamanda həyata keçirəcəyik”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR