İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimi öz ölkəsini “dar ağacı”na çevirir

489 17.01.2023 17:01 Gündəm A A

“İran rejiminin yeritdiyi bu siyasət sonda onun özünün yaratdığı “qan gölündə” boğacaq”

İranda Məhsa Amininin əxlaq polisi tərəfindən saxlanıldığı zaman təcridxanada ölməsindən sonra başlayan etirazlarda iştirak edənlərin həbs və edam edilməsi, təqiblərə məruz qalması davam etməkdədir. Bu günə qədər nümayişlərlə əlaqəsi olduğu üçün 22 nəfərin edam edildiyi bildirilir. Sonuncu olaraq etirazlarda iştirakına görə 22 yaşlı Muhamməd Mehdi Karami yanvarın 7-də edam olunub. 

BBC Farsca xidmətinin əldə etdiyi məlumata əsasən, Muhammədə özünü müdafiə etməsi üçün 15 dəqiqədən də az vaxt verilib.

Saxlanıldıqdan 65 gün sonra edam edilən Muhamməd barəsində bu hökmün verilməsi etirazların qarşısını almaq məqsədi ilə İran hakimiyyətinin məhkəmələrdən necə sui-istifadə etdiyini ortaya qoyur.

Etirazlarla əlaqəsi olmayan sonuncu edam cəzasına isə İngiltərə üçün casusluq etməkdə günahlandırılan müdafiə nazirinin keçmiş köməkçisi Ali Rıza Akbari məhkum edilib. Onun edam olunması beynəlxalq ictimaiyyətin ciddi reaksiyası ilə üzləşdi və bir çox ölkə bunu qınadı.

İran rejimi ötən ilin dekabrında hakimi yaralamaqda günahkar bilinərək, edam olunan gənc ifaçı Möhsün Şikariyə onun ailəsi tərəfindən baş daşı qoymasına icazə verməyib. Bütün bunlar onu göstərir ki, İran rejimi öz ölkəsini “dar ağacı”na çevirməklə, həbs və zorakılıqlarla insanları qorxutmağa çalışır. 

Qeyd edək ki, İbrahim Rəisi İran Prezidenti olduğu dövrdən ölkədə edam qərarlarının sayı iki dəfə artıb. Hesabata görə onun prezident olduğu təkcə 2021-ci ildə ən azı 333 nəfər edam olunub ki, bu da onun hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25 faiz çox deməkdir. Edam cəzalarının yalnız 55-nin (16.5 faiz) rəsmi olaraq elan edilib, 278 nəfərin edam edilməsi barədə isə rəsmi məlumat verilməyib. Beynəlxalq insan haqları təşkilatlarının bütün çağırışlarına rəğmən İran hökuməti azyaşlıların edam hökmünün dayandırılmasına əhəmiyyət verməyib və 2021-ci ildə 2 azyaşlı və 17 qadın dar ağacından asılaraq edam edilib.

2022-ci ildə isə İrandakı edam cəzalarının sayı 88 faiz artıb. Bu barədə İranda İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) illik hesabatında bildirilib. Təşkilatın hesabatına əsasən, 2022-ci ildə 565 nəfər barəsində ölüm hökmü çıxarılıb. Onlardan 6-nın edamı ictimaiyyətin gözü qarşısında icra olunub. Edam olunanlardan 11-i qadın olmaqla 501-nin kimliyi müəyyən edilib.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb:

“Xatırladım ki, hələ Rəisi hakimiyyətə gəlməzdən əvvəl onun qatı mühafizəkar kimi qiymətləndirirdilər və belə proqnozlar verirdilər ki, onun dövründə həm qonşu dövlətlərlə münasibətlər gərginləşəcək, həm də ölkə daxilində sərt siyasət həyata keçiriləcək. Doğrudan da bu proqnoz özünü doğrultdu. Üstəlik Rəisinin şəxsiyyəti də ölkədə insanlar tərəfindən  qıcıqla qarşılanırdı. Ölkədə hərəkatın başlanmasına səbəb əgər gənc qızın polis təcridxanasında öldürülməsi idisə, etiraz dalğasının alovlanmasına səbəb rejimin yeritdiyi siyasət oldu. 

Ümumiyyətlə əhali onsuz da bu rejimdən çoxdan cana doymuşdu, Rəisinin hakimiyyətə gəlməsi və ilk  anlardan sərt daxili və xarici siyasət yürütməyə başlaması etirazları daha da coşdurdu, əvvəllər ayaqlanmış şəkildə olan hərəkat onun sərt qərarları ilə daha da coşdu, ölkə daxilində yaşayan bütün xalqların inqilabi mübarizəsinə çevrildi. 

Kimlərsə deyirsə ki, Rəisi gördüyü sərt cəzalarla ölkədə hərəkatı susdurmağa nail olacaq, onlar ciddi surətdə yanılırlar. Rəisinin şəxsiyyəti həm də onun həyata keçirdiyi siyasət millətindən  asılı olmayaraq, bütün İran vətəndaşları üçün cəhənnəmə çevrilib. Əgər indi  atəşin bir nöqtəsi Xamneyinə tuşlanıbsa, digər nöqtəsi Rəisiyə tuşlanıb. Yəni, hazırda hər iki şəxs ölkədə ciddi etiraz doğuran, arzuolunmayan şəxslərə çevriliblər. Ona görə də ölkədə nə etirazları dayandırmaq mümkün olur, nə də ölkədə sfera adamlarının gördüyü tədbirlər lazımi  nəticə vermir. Əksinə hər bir edam, qeyri-adekvat cəzalar, həm ölkə xaricində etirazlar doğurur, həm də daxildə inqilabi prosesləri alovlandırır. 

Xatırladım ki, BMT İrandakı son proseslərlə bağlı tənqidi qərar qəbul edib. Avropa Birliyi isə bu proseslərə qarşı mövqeyini nümayiş etdirmək üçün yeni sanksiyalar paketi hazırlayıb, tətbiq etməyə başlayıb. Həmçinin Kanada da bu cür addım atıb. Amerika isə demək olar ki, mütəmadi olaraq  İrana qarşı sanksiyaların sayını artırır. Üstəlik, dünyada belə bir fikir formalaşıb ki, bu rejim sivilizasiyadan kənar rejimdir və bu rejim tarixin zibilliyinə atılmalıdır. İran rejiminin yeritdiyi bu siyasət sonda onun özünün yaratdığı “qan gölündə” boğacaq”. 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR