İnsanlara hürriyət, millətlərə istiqlal!

Möhtəşəm paradın 1 ili: Azərbaycan nələr edə bildi?

226 11.12.2021 08:15 Ölkə A A

Əziz Əlibəyli: “XXI əsrin ilk “ağıllı müharibə”sini Azərbaycan apardı, bir il ərzində müharibə metodikamızı dünyanın hərb mərkəzləri öyrənməyə başladı...”

Dünən “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan Zəfər paradının keçirilməsindən 1 il ötdü. Məlum olduğu kimi, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edirdilər.

Paradda 3 000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Eyni zamanda 44 günlük müharibədə Ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. İki qardaş ölkə liderinin paraddakı qələbə çıxışı isə hələ də hamının yaddaşındadır.

Bəs ötən 1 ildə nələr dəyişdi, Azərbaycan qalib ölkə kimi nə əldə edə bildi? Münaqişə hazırda hansı vəziyyətdədir?

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan siyasi şərhçi Əziz Əlibəyli vurğuladı ki, ötən ilin  10 dekabr tarixində keçirilən parad  ilk zəfər paradı idi və hazırda qalib ölkə olaraq zəfər paradının 1 illiyini qeyd ediriksə, bu Azərbaycanın dünyanın qalib ölkələri sırasında özünə yer alması deməkdir: “Ən önəmli məsələ budur. İkinci ən önəmli məsələ ”ağıllı müharibə", “Smart müharibə” deyilən bir anlayış var və XXI əsrin ilk smart müharibəsini Azərbaycan apardı. Beynəlxalq aləmi “ağıllı müharibə” metodikasıyla, hərbi ədəbiyyatda yer alan bu terminlə tanış elədi. Bir il ərzində Azərbaycanın müharibə metodikasını dünyanın hərbi mərkəzləri öyrənməyə başladı. Hazırda PUA-larla bağlı, zərbə PUA-larının qarşısının alınması metodikası ilə bağlı Rusiya ötən 1 ildə tədqiqatlar aparıb. Dünyanın müxtəlif ölkələrində An təyyarələrindən nə cür istifadə etmək, düşmənin raketlərinin yerinin müəyyən edilməsi kimi metodlara hər nüans araşdırılır. Bütün bunlar ötən il ərzində baş verdi və Azərbaycanın adından dünya hərb ədəbiyyatına daxil oldu".

Ə. Əlibəylinin sözlərinə görə, ikinci vacib faktor ondan ibarətdir ki, XXI əsrdə qalib ölkə kimi Azərbaycan siyahıda öz yerini almış oldu: “Azərbaycan XXI əsrdə ədalət və hüququn təcəlli tapmasında qalib gələn yeganə ölkədir və müharibə edərək qalib gəldi. Digər tərəfdən ordunun NATO sistemində qurulması və Türkiyə standartlarına uyğun mobil çevik ordu hissələrinin yaradılması prosesi daha da genişləndi və bəlli bir nöqtəyə gəlib çıxdı. Çünki ən müasir və beşinci nəsil standartlara cavab verən ordunun yaradılması çox vacib idi. Biz müharibə zamanı da gördük ki, Ermənistan ordusunun ikinci nəsil müharibə metodlarından SSRİ dönəminə aid ənənələrdən istifadə etməsi, bizim isə NATO standartlarından çıxış edən zərbə qüvvələrinin mövcudluğu hansı fərqi ortaya qoymuş oldu. Vacib məqam bundan ibarətdir ki, dağ komandos qruplarımız yarandı. İşğaldan azad olunmuş ərazilərdə, dağlıq şəraitdə çevik şəkildə həm hərbi əməliyyatlar həyata keçirə bilən, həm də eyni zamanda təhlükəsizliyi təmin edən, sülhün keşiyində dayana bilən komandoslar yaradıldı. Dağ komandoslarının yaradılması möhtəşəm addım oldu. Beşinci ordu korpusunun formalaşması haqqında isə ayrıca danışmaq lazımdır. Çünki beşinci ordu korpusu tamamilə xüsusi təyinatlı dəstələrdən təşkil olunmuşdu və bu ordu Azərbaycan ordusunun əsasını təşkil edir. Görünür ki, gələcəkdə peşəkar ordu qurulması istiqamətində məhz Beşinci Ordu Korpusu üzərindən işlər həyata keçiriləcək. Türkiyə ilə, Pakistanla, Israillə, dolayısıyla Qətərlə işbirliyi genişləndi. Bu ölkələri arasında ən yüksək səviyyədə, uğurlu şəkildə silahlı mübadilə Azərbaycanın silah bazarındakı roluna da ciddi şəkildə təsir göstərmiş oldu. Yəqin ki, biz rəqəmləridə bir müddət sonra görəcəyik. Azərbaycan artıq silah istehsal edən ölkəyə çevrilir  və müharibədən sonrakı uğurlar dünyada da silahlarımıza böyük bir tələbatı formalaşdırmış oldu”.

Siyasi şərhçi qeyd etdi ki, sərhədlərin müəyyən edilməsi, demarkasiya prosesi çərçivəsində yeni sərhədlərdə Azərbaycan ordusunun möhkəmlənməsi təxminən min kilometrdən artıq bir ərazidə, kəskin dağlıq relyef şəraitində ötən bir il ərzində möhtəşəm şəkildə, lojistik dəstəklə həyata keçirilmiş oldu: “Biz artıq  bunun nəticələrində görməkdəyik. Bu bir il ərzində Azərbaycan ordusunun bir neçə daha böyük uğurları oldu. Düşmənin hərbi əməliyyatlarının, hücumlarının dəf edilməsi, cəzalandırılması, eyni zamanda ordumuzun bizim haqqımız olan sərhədlərə, yüksəkliklərə çıxması bir əməli addım kimi qiymətləndirilməlidir. O cümlədən isə Gorus-Qafan yolunda Azərbaycan ordusunun fəaliyyətə başlaması da tamamilə yeni bir nöqtədir. Bütün bunlar ötən ilki paraddan bu günə qədər yaşanan hadisələrin xronologiyasıdır. Təbii ki, bu müddət ərzində Türkiyə ilə hərbi texniki əməkdaşlıqla bağlı Şuşa bəyannaməsi,  hərbi əməkdaşlığın genişləndirilməsi, Pakistan baş qərargahı ilə münasibətlər, İsrailin yeni silah mübadiləsi müsbət addımlar kimi yadda qaldı”.

Əlavə edək ki, hazırda Ermənistan tərəfinin təxribatları davam etsə də, son olaraq noyabrın 26-da Soçi bəyannaməsi imzalandı və üç ölkə liderinin imzası ilə Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demorkasiyasına başlanılması haqqında qərar verildi.

Ötən 1 ildə minatəmizləmə istiqamətində çox böyük işlər görüldü, yaşayış sahələri, ağıllı kəndlər salındı. Gələn ilin əvvəlində artıq Zəngilana ilk köç baş tutacaq.

Qarabağda 3 beynəlxalq hava limanının tikilməsi də bölgənin həm iqtisadi, həm hərbi baxımdan inkişaf etdirilməsinə hesablanıb. Füzuli beynəlxalq hava limanı artıq fəaliyyət göstərir. Ordumuz ötən il ərzində düşmənin bütün təxribatlarına lazımınca cavab verməklə yanaşı, tarixi torpaqlarımıza doğru çox mühüm nöqtələrdə mövqelərini gücləndirib. Ümid edirik ki, artıq növbəti ildönümündə həyata keçirilən böyük qayıdış proqramından, sülh sazişindən və Zəngəzur dəhlizi üzərindən açılan yeni yolların gətirdiyi faydalardan yazacağıq...

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR