İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirbaba Babayevlə Hikmət Hacızadə arasında nizamnamə davası

932 12.02.2015 08:20 Siyasət A A

Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına son qurultayda Say Komissiyasının sədri olmuş Mirbaba Babayev də öz münasibətini açıqlayıb. M.Babayev bildirib ki, Divanın Qubad İbadoğlu barədə qərarı nizamnaməyə uyğundur: “Müəyyən nöqsanlara yol verilsə də, həqiqətən demokratik keçirilən seçkilərdə bir namizəd lazımi səs toplayaraq başqan seçildi, lakin ikinci namizədin səsləri başqan seçilən şəxsin səslərindən az fərqləndi. Uduzan tərəf, arxasında xeyli müsavatçının olduğunu görərək, seçkilərin nəticələrini tanımaq istəmədi, yalnız bir şərt qoydu ki, yeni qurultay keçirilsin; udan tərəf isə yeni seçki keçirilməsini lazım bilmədi. 

Yaranmış vəziyyətdə kim haqlı idi? Nizamnaməyə və hüquqa əsaslanan cavab hamıya aydındır. 

Qubad bəy və tərəfdarları yeri gəldi-gəlmədi partiya başqanının (eləcə də Məclisin, Divanın və MNTK-nın) legitim olmadığını bəyan edir, bu təbliğat nəinki qəzetlərə, hətta hakimiyyətin buyruq qulu olan televiziyalara çıxırdı. Bu, ciddi nizamnamə pozuntusu idi (Nizamnamənin 1.9 maddəsinin 4-cü bəndi: “Partiya üzvünün aşağıdakı vəzifələri vardır: ... - partiyadaxili intizama riayət etmək və partiyadankənar fəaliyyətində partiyanın nüfuzunu qorumaq”). 
Dörd aydan artıq müddətdə davam edən bu vəziyyəti aradan qaldırmaq üçün Divan Qubad bəyi öz yığıncağına çağırdı. Ancaq Qubad bəy özünü partiya orqanlarına qarşı qoydu.


Qubad bəy Divana gəlsə də, onun 2 müşahidəçisinin iştirakına icazə verilsə də, Divanın iclasına qatılmadı. Bu, artıq Partiyaya, onun rəhbər orqanlarına meydan oxumaq deməkdi. (Nizamnamənin Preambula hissəsinin 7-ci bəndi: “ 7. Partiya orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün məcburidir”). Əslinə qalsa, 7-ci bəndin pozulması çoxdan- başqan seçkisi barədə qurultayın qərarına qarşı kampaniya aparandan başlamışdı". 
M.Babayev qeyd edib ki, nizamnamənin preambula hissəsinin 7-ci maddəsini (“Partiya orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün məcburidir”), 1.9 maddəsinin 4-cü bəndini (“Partiya üzvünün aşağıdakı vəzifələri vardır: ... - partiyadaxili intizama riayət etmək və partiyadankənar fəaliyyətində partiyanın nüfuzunu qorumaq”) dəfələrlə pozduğuna və belə pozuntuların qarşısını almaq üçün heç bir imkan saxlamadığına görə Divanın Qubad bəy barədə çıxartdığı qərar nizamnaməyə uyğundur.

Daim ədalətli mövqeyi ilə seçilən M.Babayevin məsələyə münasibəti Q.İbadoğlunu müdafiə edən keçmiş müsavatçı Hikmət Hacızadənin ona cavab verməsinə səbəb olub.  

H.Hacızadə xüsusi yazısında bildirib ki, M.Babayevə yanlış məlumat verilib: “Hörmətli Mirbaba bəy, təhlilinizi və gəldiyiniz nəticəni diqqətlə oxudum və görürəm ki, sizə düzgün məlumat çatdırmayıblar. Məlumdur ki, hər bir təhlil toplanmış faktlara əsaslanmalıdır, amma gətirdiyiniz faktlarda bəzi çatışmazlıqlar gördüm. Bəlkə biz qarşı tərəfin də faktlarını dinləyək və yenidən təhlil aparaq? Qubad bəy barışığa razı idi. O barışığın forması da bir sənəddə əks olunmuşdu və partiya rəhbərliyinə təqdim olunmuşdu. Bəlkə siz də o sənədi görmüşdünüz, bilmirəm. Sənəddə təklif olunurdu ki, hər iki tərəf bəzi qüsurları boynuna alsın və bundan sonra münaqişə bitmiş hesab olunsun. Qubad bəy buna razı idi. Bu plan həyata keçsəydi çoxdan münaqişə qurtarmışdı. Amma partiya rəhbərliyi başqa yol tutdu - güc yolu. 

Arif Hacılı və Qubad İbadoğlu görüşdülər. Lakin razılığa gələ bilmədilər. Bu isə başqa məsələdir. Yazırsız ki, “Qubad bəy və tərəfdarları yeri gəldi-gəlmədi, partiya başqanının (eləcə də Məclisin, Divanın və MNTK-nın) legitim olmadığını bəyan edir”. Bəs maraqlanmısınızmı qarşı tərəf konkret nəyi əsas gətirir?

Qarşı tərəf burda deyir ki, qurultayın ikinci günü olmadığına gərə yeni Məclis seçilə bilmədi! Və növbəti gün yeni Məclisi köhnə Məclis seçib və bu səlahiyyətləri köhnə Məclisə qurultay verməyib. Beləliklə bu buraxılmış qurum (köhnə Məclis) həm yeni Məclis, həm də partiyanın başqa rəhbər qurumlarını seçib. Məhz buna görə onlar “qeyri-leqitimdir” deyirlər.
Yazırsız ki, Qubad bəyin bu təbliğatı nəinki qəzetlərə, hətta hakimiyyətin buyruq qulu olan televiziyalara çıxırdı. Burasının nəyi pozuntudur ki? Bəs nə oldu söz azadlığı, tənqid azadlığı? Bunlar sizə iqtidarın “Onlar ölkəni xarici mediada biabir edir” sözlərini xatırlatmırmı? Təəccüb edirəm. Bağışlayın, məgər qurultaya qarşı kampaniya aparmaq hər bir partiya üzvünün haqqı deyil? İnsanı fərqli düşüncəyə görə cəzalandırmaq istəyirsiz 21-ci əsrdə? Elədir, ya sizi səhv başa düşmüşəm? Bəs Liberal İnternasionalın üzvü idik, o nə oldu? Yalandan üzv olduq? Partiya üzvünün belə çıxışları eləməyə tam haqqı var! Onun partiyaya qarşı konkret addımlar atmağa haqqı yoxdur. Məsələn, prezident seçkisində Müsavatın namizədini deyil, başqa birisini müdafiə etmək haqqı yoxdur. Rəhbərlər haqqında danışmağa isə onun tam haqqı var..."

Qeyd edək ki, Mirbaba Babayev Müsavat Partiyası Nizamnaməsini ən yaxşı bilən şəxslərdən sayılır.

E.SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR