İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr

Asim Mollazadə: “Bu prosesin arxasında istisna deyil ki, hansısa daxili qüvvələr durur”

Milli Şuranın 19 oktyabrda keçirdiyi icazəsiz aksiyaya rəylər gəlməkdə davam edir. Burada Qərb dairələrinin, Rusiyanın, eləcə də ölkə daxilində müəyyən qüvvələrin rolunun olduğunu düşünənlər var.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Qərb barədə deyilənlərlə razılaşmır: “Düşünmürəm ki, bu, Qərbin əli ilə həyata keçirilən bir hadisədir. Burada mənə elə gəlir ki, daha çox ölkədəki dəyişikliklərdən qorxan qüvvələrin rolu var. Bu prosesin arxasında istisna deyil ki, hansısa daxili qüvvələr durur. Keçmiş və indiki bəzi məmurların bu proseslərdə rollarının olduğu daha real görünür. Qərbin bu proseslərə insan hüquqları kontekstindən yanaşdığını istisna etmirəm. Hazırda bu tipli hadisələr Avropada acınacaqlı formada baş verdiyi üçün Azərbaycana qarşı çətin ki,   istifadə edə bilərlər. Orada hüquq-mühafizə orqanları çox kobud formada insan hüquqlarını pozurlar. Düşünürəm ki, Qərbin başı özünə qarışdığına görə Azərbaycanla bağlı onların planlarını görmürəm”.

Asim Mollazadə ile ilgili görsel sonucu

Deputat bu olaylarda Rusiya izinin olduğunu istisna etmir: “Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin burada rolu ola bilər. Müstəqil Azərbaycan və onun həyata keçirdiyi strategiya bir sıra qüvvələrin, eləcə də keçmiş SSRİ-nin bərpasını, yaxud da islam inqilabının ixracını istəyənlərin təsirləri mümkündür”.

Araz Əlizadə ile ilgili görsel sonucu

Araz Əlizadə: “Milli Şura çox səviyyəsiz bir fəaliyyət göstərir”

ASDP rəhbəri, deputat Araz Əlizadə isə Rusiya barədə deyilənləri qəbul etmir: “Düşünmürəm ki, Rusiya Azərbaycanda çaxnaşma yaratmaq istəyir. Çünki Rusiyanın ölkəmizdə maraqları onsuz da təmin olunur. Milli Şuranın fəaliyyəti çox səviyyəsiz bir fəaliyyətdir. Bu fəaliyyət insanları zərbə altına qoymaqdan başqa bir şey deyil.  Zorakılıqla bağlı iddialara gəlincə, səhərdən  axşama telekanallar göstərir, Paris və Barselonada baş verənlərə diqqət edin. Amerika və Almaniyanın özündə də belədir. Orada insanlarla dəhşətli dərəcədə qəddar davranırlar. Düşünürəm ki, bu proseslərin arxasında daha çox pul hərisliyi dayanır”.

Əli Orucov ile ilgili görsel sonucu

Əli Orucov: “Sanki hansısa qüvvələr qarşıdurmanın  dərinləşməsinə  çalışır”

AMİP katibi Əli Orucov hər cür qarşıdurmanın əleyhinədir: “Aksiyanın təşkilatçısı rəsmən elan edildiyi kimi, Milli Şuranın özü idi. Aksiyanın hansısa dairələr tərəfindən təşkil edilməsi barədə məndə  məlumat yoxdur. Bunu müvafiq dövlət qurumları məşğul olub araşdıraraq üzə çıxarmalıdır. Ölkədə vəziyyətin kritik həddə gəlməsinə imkan verilməməlidir. Bu baxımdan iqtidarın üzərinə daha böyük məsuliyyət düşür. Vətəndaşların fundamental hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma hüququna sayğı göstərilməlidir. Açığı deyim mən bir vətəndaş olaraq gedən proseslərdən narahatam. Hiss etdiyim həm də ondan ibarətdir ki, sanki hansısa qüvvələr qarşıdurmanın daha da dərinləşməsinə, geniş çevrəni əhatə eləməsinə çalışır. AMİP aksiyada iştirak etmədiyi halda rayon təşkilat sədrimizi həbs etdilər, digər üzvlərimizə təzyiq göstərdilər. Şiddət və qızışdırıcılıq siyasi mübarizədə əks effektlə nəticələnir. Aksiyanın bu cür dağıdılması qəbul edilməzdir. Həm beynəlxalq ictimaiyyət, həm də cəmiyyətimiz belə mənzərəni yaxşı qarşılamadı. Mən ölkədə sabitliyin belə qəbuledilməz üsul və metodlarla qorunmasını uğur hesab edənlərlə razılaşmıram. Çünki bu, silahlı çatışmaya, xaosa, şiddətə aparır. Mən çıxış yolunu danışıqlar masasında, dialoqda görürəm. İqtidar ölkədə dialoq mühiti yaratmasa, elan etdiyi və siqnalını verdiyi köklü dəyişikliklərə də, islahatlara da, xarici basqıları dəf etməyə, həlli vacib problemləri də çözməyə nail ola bilməz”.

Yeni Azərbaycan Partiyasında (YAP) Milli Şuranın icazəsiz  aksiyası ilə bağlı tədbir keçirilib.

Əli Əhmədov ile ilgili görsel sonucu

Tədbirdə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov qanunsuz aksiyanın keçirilməsini pisləyib: “Azərbaycanda qanunsuz aksiyanın keçirilməsi prezident İlham Əliyevin ”Valday" konfransında bəyanatından, Aşqabadda Azərbaycan xalqının mövqeyini düzgün əks etdirən fikirlər səsləndirməsindən və 9 ayın yekunlarına həsr olunan müşavirədən bir neçə gün sonraya təsadüf edir. Görünür ki, ölkə daxilindəki destruktiv qüvvələr, ən başlıcası xaricdən müxtəlif üsullarla ölkəmizə təsir göstərmək istəyən maraqlı dairələr Azərbaycanın daxilindəki bəzi qruplardan Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etmək niyyətinə düşüblər. Mitinqin keçirilməsi üçün yer ayrılmasına rəğmən onlar mitinqi razılaşdırılmamış yerdə icazəsiz keçirməyə çalışdılar. Bu qüvvələr hökumətin və dövlətin təhlükəsizliyini təmin edən, öz vəzifəsinin yerinə yetirən hüquq-mühafizə orqanları ilə toqquşma yaratmaqla qarşıdurma abı-havası formalaşdırmağa cəhd ediblər".

Ə. Əhmədov vurğulayıb ki, onların kimlərsə tərəfindən idarə olunduğu aydın hiss edilir: “Onlara təlimatları verənlər də, bunun yerinə yetirilməsi barədə hesabatları tələb edənlər də tamamilə məlumdur. Mətbuatdan bu barədə geniş informasiya çatdırılıb. Bu bir daha təsdiq edir ki, məqsədli şəkildə Azərbaycan kənardan idarə olunan destruktiv qruplar ölkədə sabitliyi və əmin-amanlığı pozmağa cəhd edirlər. Beləliklə, mitinqin təşkil olunması cəhdi bir daha göstərir ki, Azərbaycanda daxili sabitliyi pozmağa cəhd edən qüvvələr, partiyalar var. Bu, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura deyilən təşkilatdır”.

Əli Həsənov ile ilgili görsel sonucu

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov dövlət televiziyasının efirində 19 oktyabr mitinqindən danışıb. O bildirib ki, “28 May” meydanı ətrafında nəqliyyat vasitələrindən-avtobuslardan, metrolardan gün ərzində 200 minə yaxın Bakı şəhər sakini istifadə edir: “Həmin meydanın ətrafı kifayət qədər sıx şəkildə sahibkarlıq obyektləri, dükanlar, ticarət mərkəzləri, məktəblər, xəstəxanalar, institutlar olan bir yerdir. Təsəvvür edin ki, Azərbaycan müxalifətinin bu antimilli, antivətəndaş aksiyası sözün həqiqi mənasında Bakıda 200 mindən artıq insanın ritmik həyatını pozdu. Həmçinin nəqliyyatın ritmik hərəkətini, şəhərin ictimai-siyasi asayişini pozdu. Polis orqanları asayişi qorumaq üçün məcbur oldu ki, vətəndaşların hərəkətini məhdudlaşdırsın. Ona görə də polis orqanlarının və Azərbaycan dövlətinin adından dinc vətəndaşlarımıza, həmin gün o aksiyaya heç bir aidiyyəti olmayan vətəndaşlarımıza yaratdığımız bu diskomforta görə üzr istəyirəm. Əslində müxalifət üzr istəməlidir. Bu işin məsuliyyətini kimsə daşımalıdır, ya daşımamalıdır?! 200 min adamın ritmik həyatının pozulmasının məsuliyyətini müxalifət, təşkilatçılar, Azərbaycanın mərkəzini qarşıdurmaya, xaosa, anarxiyaya çevirmək istəyən siyasətçilər daşıyır. 25-26 ildir ki, mənim də təmsil olunduğum hakimiyyət Azərbaycan dövlətini idarə edir. Azərbaycanın iqtisadi-siyasi, sosial siyasətini formalaşdırır və həyata keçirir.

Azərbaycan vətəndaşları ilə təmasa girir. Onun hakimiyyət mandatına sahib olur. Onların istək və arzularını həyata keçirmək üçün siyasət yürüdür. Azərbaycan vətəndaşları da bütövlükdə bu hakimiyyətdən razıdırlar. Bunu keçirilən sorğular göstərir. Yəni bir ölkənin hakimiyyətini, liderini hakimiyyətdən salmağın, devirməyin yolu Azərbaycan vətəndaşlarının iradəsindən, istəyindən keçir. Bu iradəni, istəyi qazana bilməyən istənilən qüvvə iflasa məhkumdur. Necə ki Azərbaycan müxalifəti 25-26 ildir ki, iflasa uğrayıb, Azərbaycan xalqı tərəfindən boykot olunub. Bunu birmənalı şəkildə bizim vətəndaşlar anlamalıdır.

Müxalifət partiyalarının həmin o ambisiyalı, həmin o antimilli siyasətçilərinin ətrafında cəm olan vətəndaşlarımıza çağırış edirəm. Əgər sizin hakimiyyətlə bağlı probleminiz varsa, prezidentin köməkçisi kimi mən və digər 6-7 köməkçisi, yəni hər birimiz sizin müvafiq problemlərinizi dinləməyə hazırıq. Sizi narahat edən problemləri dinləməyə hazırıq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Şərh yoxdur