İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdən Makrona kəskin etirazlar

975 15.10.2022 08:50 Gündəm A A

Deputatlar Fransa ilə əlaqələrə yenidən baxılmasına çağırış etdilər; parlamentdə maliyyə amnistiyası təklif edildi

Oktyabrın 14-də Milli Məclisin növbəti iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlərə ayrılan vaxtda çıxış edən əksər deputatlar Fransa prezidentinin anti-Azərbaycan mövqeyindən bəhs edib, etirazlarını bildirdilər.

Qüdrət Həsənquliyev dedi ki, 1 milyon azərbaycanlı 34 ilə yaxındır ağır durumda yaşayır. Ancaq ötən illərdə Fransa bir dəfə Ermənistanın işğalçı siyasətinə etiraz bildirmədi. Q.Həsənquliyev vaxtilə Yeltsin Rusiyasının açıq şəkildə Ermənistanın yanında yer aldığını, Xocalı soyqırımında rus alayının iştirak etdiyini, ancaq Fransadan bir dəfə etiraz gəlmədiyini xatırlatdı: “İndi Putin Rusiyası neytrallığını qismən də olsa qorumağa çalışır. Amma Rusiya ermənilərin tərəfində vuruşsaydı, Makron ona təşəkkür edərdi”.

Deputat bildirdi ki, həm 44 günlük savaşda, həm də ondan sonrakı dövrdə sərgilədiyi vicdansız münasibətinə görə Fransaya sərt etiraz bilirilməlidir. Q.Həsənquliyev Fransa parlamentinin 15 oktyabrda anti-Azərbaycan qətnamə qəbul etməyə hazırlaşdığını vurğuladı: “Belə bir qərar qəbul olunsa, Azərbaycan Fransa ilə diplomatik əlaqələrə yenidən baxmalıdır: ”Bütün diplomatik əlaqələr kəsilməli, səfir dərhal geri çağırılmalıdır".

Komitə sədri Siyavuş Novruzov da dedi ki, Azərbaycana uzanan əllər, dillər kəsilməlidir: “Makron harda, nə danışdığını bilmir. Bir həftə əvvəl Praqada mollalıq edirdi. Sonra başladı Azərbaycana ”işğalçı" deməyə. Bu cür adamdan nə gözləmək olar? Maraqlı tərəfsənsə, get, dur tərəfinin yanında. Səndən həmsədr ola bilməz! Çünki Fransa erməniləri müdafiə edir".

S.Novruzov bildirdi ki, Fransa deputatlarına etiraz bildirməliyik, lazım gələrsə, bu ölkə ilə iqtisadi, diplomatik əlaqələr kəsilməlidir!

Deputat Fəzail Ağamalı bildirdi ki, burada irəli sürülən təkliflər reallaşdırılmalıdır. Onun sözlərinə görə, prezident Makronun Azərbaycan dövlətinə qarşı sərsəm fikirlər söyləməsi birinci hal deyil: “O, heç bir halda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməli deyil, çünki o, birmənalı şəkildə Ermənistanın yanındadır”.

F.Ağamalı Ermənistanın “sülhəpərvər və tolerant olduğunu” iddia edən Fransa prezidentinin fikirlərinə tutarlı arqumentlərlə etiraz etdi. Bildirdi ki, Fransanın siyasətini neft-qaz siyasətinə dəyişməyəcəyini iddia edən Makron əslində özünün şərəf və ləyaqətini erməni pullarına satıb. Azərbaycanı sanksiya ilə təhdid edən Makronun dediklərinə cavabında F.Ağamalı “Biz Fransa ilə münasibətlərimizə, diplomatik əlaqələrimizə yenidən baxmalıyıq və bununla bağlı XİN-in mövqeyini gözləyirik”-söylədi.

Deputat Sahib Alıyev Fransa prezidentinin “adekvatlıqdan uzaq” açıqlamalarından danışdı: “Xatırladıram ki, müsyö Makron iki il bundan öncə Paşinyanı ”inadekuat", yəni adekvatlıqdan uzaq, yerində olmayan adlandırmışdı. Ancaq açıqlamalarından görünür ki, özü Paşinyandan elə də çox fərqlənmir".

Deputat dedi ki, Astanada Azərbaycan Prezidenti hay faşizminin, belə demək mümkünsə, anatomiyasını açıb göstərdi: “Makron isə özgəsinin torpağına bir milyondan çox mina basdıran, azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirən, abidələrimizi, o sıradan məscdilərimizi dağıdan, Qaregin Njde , Monte Melkonyan kimi nasist və terrorçuları fetişləşdirən bir ölkənin guya sülh və tolerantlıq uğrunda çarpışdığını bildirir... ”Böyük bacı" diplomatiya müstəvisində “kiçik bacı” adlandırdığı Ermənsitanın cəbhədə üzləşdiyi reallıqla üzləşib".

S.Alıyev qeyd etdi ki, Praqa görüşündə ona yeri və həddi göstərilib: “Ona görə belə sərsəmləmələrə yol verilir”.

Deputat Vahid Əhmədov isə seçiciləri ilə görüşündən bəhs etdi. Bildirdi ki, vaxtilə şəhid ailələri və qazilərlə bağlı məsələlərin həddən artıq çox olması səbəbindən parlamendə dinləmələrin keçirilməsini xahiş edib: “Çox təəssüf ki, bu istiqamətdə addım atılmadı”. V.Əhmədov dedi ki, ona müraciət edən 100-dək seçicisindən biri Qarabağ qazisi olub və onun şikayətini dinləyib, probleminin həll olunmamasının şahidi olub. İraqda şəhid olan hərbçimizin - sülhməramlıların tərkibində olan əsgərin - anasının isə 14 ildir üz tutmadığı rəsmi qurum qalmayıb. Bildirdi ki, Prezident Administrasiyasında da general Məhərrəm Əliyev tərəfindən yüksək səviyyədə qarşılanan anaya haqlı olduğu, ancaq qanunvericilikdə onun oğlu ilə bağlı məsələnin əks olunmadığı deyilib. V.Əhmədov bu kimi problemlərlə əlaqədar qanunvericiliyə dəyişikliklərin edilməsini vacib saydı. Həmçinin spikerə müraciət etdi ki, şəhid və qazilərlə bağlı parlamentdə müzakirə təşkil olunsun.

Deputat Razi Nurullayev öncə Fransa ilə bağlı deputat həmkarı Qüdrət Həsənquliyevin fikirlərini və təkliflərini bölüşdüyünü bildirdi. Ardınca isə əhalinin aztəminatlı hissəsini narahat edən problemlərdən bəhs etdi: “Hər gün sosial şəbəkələrdə xəstə yaxınlarının paylaşdığı şəkilləri, videoları izləyirik. Həyatda qalmaq üçün yardım istəyirlər. Onu da bilirik ki, bu məsələ lotereya kimidir, çoxunda alınmır. Toplanan pullar, bəzən fırıldaqçıların da əlinə keçir. Yüzlərlə vətəndaş müraciət edir ki, onları televiziyalarda gedən verilişlərə çıxaraq. Televiziyalarda yayımlanan populyar verilişlərə çıxmaq da tanışlıqladır. Təklif edirəm ki, ASAN xidmətin, digər bir dövlət qurumunun, yaxud bir ictimai təşkilatın nəzdində elektron ödəmə tətbiqi və internet resursu yaradılsın. Belə təcrübəmiz də var. Məsələn, ”YAŞAT" Fondu. Biz 40 milyona yaxın millətik. Xalqımız da yardımsevərdir. Kömək etmək istəyən çoxdur, lakin “amma”sı var. İnsanlar bilmək istəyir ki, verdikləri vəsait doğurdan da, konkret xəstəyə xərclənirmi? Insanlar bilmək istəyir ki, sistem şəffafdır. İnsanlar istəyir ki, asan yollarla, oturduğu yerdə, əlində və evində olan mümkün vasitələrlə pul köçürsün və nəticəsini izləyə bilsin". Buna görə də R.Nurullayev vahid ödəniş sistemi olan və vahid mərkəzdən idarə olunan internet ödəniş sisteminin və tətbqinin yaradılmasını təklif etdi.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədov dedi ki, Azərbaycandan qeyri-qanuni pul köçürmələri çoxdur. O qeyd etdi ki, hər il bu rəqəm artır: “DSX və DTX da bununla bağlı cinayət işləri açırlar. Lakin bəziləri yenə də müəyyən yollar taparaq Azərbaycandan xaricə külli miqdarda pul çıxarır. İnsanlar 30 ildə vəsait qazanıblar, həmin pulun əksər hissəsi xaricə çıxarılır, orada mülk və obyektlər alırlar. Lakin bunun Azərbayacana heç bir xeyri yoxdur”.

V.Əhmədov ardınca bildirdi ki, Azərbaycanda maliyyə amnistiyasının verilməsinə ehtiyac var. Onun sözlərinə görə, vaxtilə qanunsuz yollarla külli miqdarda vəsait əldə edənlər həmin vəsaitlərin böyük hissəsini xaricə çıxarıb. O vəsaitlərin ölkədə qalması, yaxud ölkəmizin inkişafına sərf olunması üçün iqtisadi amnistiyaya ehtiyac var.

Deputat həmçinin qeyd etdi ki, ölkədə 10 il bundan əvvəl qanun qəbul olunsa da, bugünədək gəlir deklorasiyası tətbiq olunmur. Çünki normativ sənədlər işlənib hazırlanmayıb.

Birinci vitse-spiker Əli Hüseynli cavab reaksiyasında bildirdi ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən sonra aparılan islahatlar nəticəsində tam sağlamlaşmaya doğru gedir: “Halbuki gəlir deklarasiyası olan ölkələr var ki, onlarda korrupsiyanın səviyyəsi çox yüksəkdir”. Vitse-spiker deputat V.Əhmədovun maliyyə amnistiyasının tətbiq edilməsi haqqında təklifinə də münasibət bildirdi: “İqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılması daha yaxşı effekt verir. Amma gəlir deklarasiyası ilə bağlı maddə var və o, hazırlanma mərhələsindədir. Qanunvericilik baxımından Vahid müəllim haqlıdır, amma yenə də deyirəm ki, digər üsullar bu cinayətlərdə daha çox effekt verir. Maliyyə amnistiyası tətbiq edilən ölkələrdə iqtisadiyyat tam kriminallaşır”.

Komitə sədri Siyavuş Novruzov pullarını xaricdə hansısa mülkiyyətə yatıran, yaxud da xarici banklarda saxlayanlara çağırış etdi. Dedi ki, xaricdə mülkiyyətin qarantiyası yoxdur: “Ərəb baharı” baş verdikdən sonra ABŞ bu ölkələrin bütün xaricdəki pullarını dondurdu, yaxud mənimsədi. Həmçinin Liviyanın xaricdə 240 milyard ehtiyatı var idi, o vəsait donduruldu, indi hərdən 1-2 milyard vəsait qaytarırlar Liviyaya. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra da Rusiyaya bağlı vəsaitlər, mülkiyyətlə sanksiya altına düşdü, yaxud müsadirə edildi. Odur ki, kimin vəsaitləri varsa, başa düşməlidir ki, öz vətənində o vəsaitlərə daha çox təminat var. Artıq dünyada etibarlılıq yoxdur".

İclasda “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarıldı. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dedi ki, qanunun 6 maddəsinə 42 dəyişiklik təklif olunur. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müəllimləri maraqlandıran mühüm məsələ barədə danışdı. Deputat bildirdi ki, dövlət ali təhsil müəssisəsini bitirən müəllimlərin işlə təmin olunması üçün yenidən imtahana çəkilməsini düzgün saymır: “Elələri var ki, məsələn, Pedaqoji Universitetin müəllim ixtisasını qımızı diplomla bitirir, amma həmin şəxs müəllim işləmək üçün yenidən imtahan verməli olur. Dövlət buna diplom verib, bunun biliyini qiymətləndirib. Bunun 4 il-6 il oxuduğu təhsili qoyurlar qırağa, Təhsil Nazirliyində yaranmış bir komissiya var ki, müəllimliyi bitirənlər o komissiyadan keçəndən sonra müəllim işləyə bilir. Bizdə çox sayda müəllim var, təqribən 200 min nəfər. Onların hamısının attestasiyadan keçməsi nə dərəcədə düzgündür?”

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR