Ali Məhkəmədə MR.Technic MMC ilə 166 yükdaşıma xidməti göstərən "YükTaksisiaz" MMC arasındakı çəkişmə gedir. İlk baxışdan adi kommersiya mübahisəsi təsiri bağışlayan bu proses daşıma şirkətlərinin məsuliyyət hədləri, sahibkarların hüquqlarının müdafiəsi baxımından maraq doğurur.
Musavat.com xəbər verir ki, mübahisənin kökündə Çindən Azərbaycana gətirilən sinklənmiş polad məhsullar dayanır. MR.Technic MMC iddia edir ki, sifariş etdiyi məhsulların daşınması zamanı yaranan gecikmələr və daşınma şəraitindəki problemlər nəticəsində yükün bir hissəsində korroziya əlamətləri yaranıb. Şirkətin mövqeyinə görə, məhsullar ölkəyə çatdıqdan sonra onların bazar dəyəri aşağı düşüb və əvvəlcədən nəzərdə tutulan kommersiya planları pozulub.
İddiaçı şirkətin hesablamalarına əsasən, nəticədə ona 67 min 631 manat 90 qəpik məbləğində zərər dəyib. Bu məbləğin 23 min 37 manatı birbaşa maddi zərər, 37 min 524 manatı əldən çıxmış gəlir, 7 min 70 manatı isə əlavə əməkhaqqı xərcləri kimi qiymətləndirilir.
Şirkət məhkəməyə təqdim etdiyi sənədlərdə foto və video materiallar, maliyyə hesablamaları, məhsulun vəziyyətini əks etdirən sənədlər və digər sübutlarla zərərin mövcudluğunu təsdiqlədiyini bildirir.
Lakin məhkəmə instansiyalarının yanaşması fərqli olub.
İşə əvvəlcə Bakı Kommersiya Məhkəməsində baxılıb. Daha sonra mübahisə Bakı Apellyasiya Məhkəməsinə çıxarılıb. Hər iki instansiya iddianın təmin olunmaması barədə qərar qəbul edib və faktiki olaraq yükdaşıma şirkətinin mövqeyini əsaslı hesab edib. Bu qərarlar MR.Technic MMC-ni qane etməyib.
Şirkət hesab edir ki, məhkəmələr təqdim olunmuş sübutların hamısını lazımi səviyyədə qiymətləndirməyib, bəzi mühüm faktlara isə ümumiyyətlə hüquqi qiymət verilməyib. Məhz buna görə də apellyasiya instansiyasının qərarından kassasiya şikayəti verilərək iş Ali Məhkəməyə çıxarılıb.
Yük sahibi məhsulun zədələndiyini iddia etdikdə, həmin zədənin məhz daşınma prosesi ilə əlaqəli olduğunu sübut etməlidir. Digər tərəfdən, daşıyıcı şirkət də yükü qəbul etdiyi və təhvil verdiyi zaman onun vəziyyəti barədə sənədləşdirmə aparmaqla öz məsuliyyət sərhədlərini müəyyənləşdirir.
Kommersiya hüququ sahəsində mütəxəssislər bildirirlər ki, belə mübahisələrdə məhkəmələr adətən 3 əsas məsələyə diqqət yetirirlər: məhsulun ilkin vəziyyəti, daşınma zamanı yaranmış risklər və iddia olunan zərərin həqiqi iqtisadi ölçüsü.
MR.Technic MMC isə hesab edir ki, məhkəmələrin indiyədək gəldiyi nəticələr bu suallara tam cavab vermir.
Şirkətin mövqeyinə görə, məsələ təkcə bir yük partiyasının taleyi ilə bağlı deyil. Burada sahibkarların təqdim etdikləri sübutların obyektiv araşdırılması və kommersiya mübahisələrində hüquqi təminatların nə dərəcədə işlək olması məsələsi də müzakirə olunur. Hələlik iş üzrə yekun qərar yoxdur.
E.Məmmədəliyev,
Musavat.com






