İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın valyuta ehtiyatları 72 milyon dollar azalıb - səbəb

2304 07.05.2022 10:40 İqtisadiyyat A A

Mətbuat Xidməti: “Mərkəzi Bankın valyuta ehtiyatları ABŞ dolları, avro və İngiltərə funt sterlinqində saxlanılır”

Son 3 ayda Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında azalma qeydə alınır. Belə ki, 2022-ci ilin yanvar ayında valyuta ehtiyatları 85,3 milyon dollar artaraq 7 milyard 158 milyon dollara çatmışdı. Fevral ayında yanvar ayı ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 21,5 milyon dollar azalıb. 31.03.2022-ci il tarixində Bankın valyuta ehtiyatları 7 milyard 136,5 milyon dollar olub. Aprel ayında ehtiyatlar daha 50,7 milyon dollar azalaraq 29.04.2022-ci il tarixində 7 milyard 85,8 milyon dollar təşkil edib.

Ümumilikdə mart və aprel aylarında Mərkəzi Bankın valyuta ehtiyatlar 72,2 milyon dollar azalıb.

Xatırladaq ki, 2021-ci ilin əvvəlində 6 milyard 365.2 milyon dollar olan valyuta ehtiyatları 2021-ci ilin sonunda 7 milyard 72,7 milyon dollar qədər artmışdı.

Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətindən “Yeni Müsavat”ın sorğusuna verilən cavabda bildirilir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının son iki ayda azalması bilavasitə qlobal maliyyə bazarlarında baş verən proseslərdən irəli gəlir: “Belə ki, müvafiq dövr üzrə azalma valyuta ehtiyatlarının tərkibində olan avro, İngiltərə funt sterlinqi və SDR-in məzənnəsinin ABŞ dollarına qarşı ucuzlaşması, habelə valyutalar üzrə bazar faiz dərəcələrinin kəskin artması nəticəsində istiqrazların qiymətlərinin düşməsi ilə bağlıdır.

Qeyd etdiyimiz kimi, Mərkəzi Bankın valyuta ehtiyatları ABŞ dolları, avro və İngiltərə funt sterlinqində saxlanılır və  bu valyutalardan ABŞ dolları ehtiyatların strukturunda dominantlıq təşkil edir. Bundan əlavə, rəsmi valyuta ehtiyatlarının tərkibinə Beynəlxalq Valyuta Fondunun ölkələr üzrə bölgü çərçivəsində ayırdığı SDR vəsaitləri də daxildir".

Mərkəzi Bank bəyan edir ki, valyuta ehtiyatlarını əsasən inkişaf etmiş ölkələrin, xüsusilə ABŞ və Avrozonanın yüksək keyfiyyətli və likvid maliyyə alətlərində saxlayır və coğrafi diversifikasiya nəzərə alınmaqla investisiya edilir: “Onu da qeyd etmək lazımdır ki, ümumilikdə daxili valyuta bazarı tarazlıdır. Cari il üzrə proqnozlaşdırılan profisitli tədiyə balansı, Dövlət Neft Fondunun transfertlərinin həcmi, ilin ötən dövründə valyuta hərraclarında orta tələbin təklifdən aşağı olması, eləcə də banklararası valyuta bazarında müşahidə edilən aktivlik daxili valyuta bazarında stabilliyi şərtləndirir. Bütün bu amillər göstərir ki, Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinə zərurət yoxdur və yuxarıda da qeyd olunduğu kimi, Mərkəzi Bankın valyuta ehtiyatlarının son iki ayda azalması məhz beynəlxalq maliyyə bazalarında baş verən proseslərlə əlaqədardır”.

Qeyd edək ki, beynəlxalq maliyyə və qiymətli kağızlar bazarlarında baş verən dalğalanmalar Azərbaycan Dövlət Neft Fondunun da 2022-ci ilin birinci rübü ərzində zərərə düşməsinə səbəb olub. Fondun açıqladığı məlumatdan aydın olur ki, bu zərərin həcmi 1 milyard dollara yaxındır.

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR