İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın faiz qərarı inflyasiyanın aşağı enməsinə səbəb olacaqmı?   

777 13.12.2022 15:58 İqtisadiyyat A A

Dekabrın 16-da Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə sonuncu dəfə faiz qərarını açıqlayacaq. Növbəti iclasda da Mərkəzi Bankın faiz artıracağı gözlənilir. Oktyabrın 28-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1.00 faiz bəndi artırılaraq 5%-ə qaldırılıb, yuxarı həddi isə 9.25 % səviyyəsində dəyişməz saxlanılıb.

Mərkəzi Bank açıqlamışdı ki, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da inflyasiya təzyiqləri qalmaqdadır. Təhlillərə görə, faktiki inflyasiya əsas ticarət tərəfdaşlarındakı inflyasiya proseslərindən və xarici mənşəli xərc amillərindən təsirlənir.

Təklif amillərinin yüksək qalıcılığını və tələb amilinin qismən aktivləşmə riskini nəzərə alaraq cari ilin sonuna inflyasiya proqnozu yüksəldilib. 3-cü rübdə faktiki inflyasiyanın gözləntiləri üstələməsi, ticarət tərəfdaşlarında yüksək inflyasiyanın davam etməsi, eləcə də qiymət və tarifləri dövlət tərəfindən müəyyən olunan bəzi xidmətlərin tariflərinin dəyişdirilməsi əsas verib. 2023-cü ildə illik inflyasiyanın 2022-ci illə müqayisədə daha aşağı olacağı proqnozu qüvvədə qalır.

“Bizim yeni əməliyyat çərçivəmizin uğurlarını nəzərə alaraq faiz dəhlizinin aşağı həddini daraldacağıq. Vurğulamaq istəyirəm ki, faiz dəhlizinin aşağı həddinin bazara təsirini müşahidə edirik. Bu bizə əsas verir ki, monetar siyasətimizi sərtləşdirmək yönümündə qərarlarımızı verək”. Bunu isə Mərkəzi Bankın sədri Taleh Kazımov bildirmişdi. O qeyd etmişdi ki, faiz dəhlizinin aşağı həddinin banklararası pul bazarına təsir etdiyi müşahidə olunur.

Bəs görəsən Mərkəzi Bankın qərarı inflyasiyanın aşağı salınmasına təsir edəcəkmi?

İqtisadçı alim Vüsalə Əhmədova Musavat.com-a deyib ki, bu gün FED ilin son faiz qərarını açıqlayacaq və 50 baza bəndi faiz artıracağı gözlənilir: “Bu isə digər ölkələrə, xüsusilə də, aşağı və orta gəlirli ölkələrə daha ciddi təsir göstərir. Həmin ölkələrin valyutalarının dollar qarşısında ucuzlaşmasına səbəb olur. Belə olan şəraitdə ölkədəki makroiqtisadi vəziyyəti və inflyasiya hədəfini nəzərə alaraq Mərkəzi Bankın atacağı ilk addım uçot dərəcəsini yüksəltməkdir. Repo və əks-repo əməliyyatları ilə manatın dəyəri qorunmağa çalışılır. Mərkəzi Bankın uçot dərəcəsi də məhz faiz dərəcələri dəhlizinin bir parametridir. Faiz dərəcələrini borc pulun qiyməti kimi düşünsək, faizlərdəki artım təbii ki, həm fərdi xərclərimizə, həm də müəssisələrin edəcəyi yeni investisiyalara mənfi təsir göstərəcək. O cümlədən, faiz dərəcələri yüksəldikdə bankların bir-birindən götürdüyü borcun qiyməti də bahalaşır. Ona görə də banklar bu artımı həm fərdi, həm də korporativ müştərilərinə əks etdirirlər və verdikləri bütün növ kreditlərin faiz dərəcəsini artırırlar. Kredit faiz dərəcələrinin artması isə insanların daha az kredit götürməsinə səbəb olur və dolayısıyla istehlak xərcləri azalır. Eyni formada, şirkətlərin yeni investisiyalar üçün götürəcəkləri kreditlərin dəyəri də artacağından, müəssisələr investisiyalarını azaldırlar və dolayısı ilə gələcək istehsalları da azalmış olur”.

vusale_ehmedova2.jpg (24 KB)

Ekspert əlavə edib ki, istehsalın və investisiyaların azalması həm iş imkanlarının azalması, həm də ölkə iqtisadiyyatı üçün daha az gəlir mənbəyi deməkdir: “Uçot dərəcəsinin artırılması bu formada iqtisadiyyatda zəncirvari təsirə malikdir. Ancaq bir şeyi nəzərə almalıyıq ki, faiz dərəcələri aşağı səviyyədə qalarsa, iqtisadiyyatdakı monetar stimullarla inflyasiya yüksələcək, yerli valyuta sürətlə dəyərini itirəcək. Hazırkı şəraitdə faizlərin endirilməsi ölkəmiz üçün əlverişli deyil. Faiz dərəcələrinin artırılması bir növ iqtisadiyyatda yüksək xərcləri və borclanmaları azaltmaq məqsədi daşıyır. Məhsul və xidmətlərə tələbin azalması onların qiymətlərinin enməsi və ya sabit qalması üçün təzyiq yaradır. Yəni hazırda faizlərin artırılması inflyasiya ilə mübarizədə ən mühüm vasitələrdən biridir”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR