İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank pul bəyanatında nə demək istəyib? - Ekspert ŞƏRHİ

1655 30.12.2023 22:10 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank 2024-cü il üçün pul-kredit siyasətilə bağlı mövqeyini açıqlayıb.

İQTİSAD.jpg (63 KB)

Açıqlanan sənədi şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, Mərkəzi Bankın gələn illə bağlı əsas risk saydığı məsələlərdən biri məcmu tələbin ölkənin istehsal potensialından daha yüksək artımıdır:

“Bunun sadə izahı belədir: istehsalda durğunluq yaşanır, iqtisadiyyat böyümür, amma əvəzində ev təsərrüfatlarının istehlak xərclərinin, hökumətin büdcə xərcləmələrinin, eləcə də iqtisadiyyatın genişlənməsilə müşayiət olunmayan investisiya qoyuluşlarının sürətlə artımı baş verir. Problem ondadır ki, əgər tələb istehsalı üstələyirsə, bu halda ehtiyac duyulan əmtəə və xidmətləri xaricdən idxal etmək lazım gəlir.

İdxal isə ölkədən əlavə valyuta çıxışı, cari balans defisitinin artması (yaxud profisitinin azalması) deməkdir.

Üstəgəl, istehsalın məcmu tələbdən geri qalması paraşütlə tökülən neft pulları hesabına büdcə xərclərinin, kreditləşmənin artmasını tələb edir (hərçənd ki, məcmu tələbin borclanma hesabına maliyyələşməsi daha ciddi makroiqtisadi risklər yaradardı).

Biz bunu yola salmaqda olduğumuz 2023-cü ildə görürük:

İqtisadi artım cəmi 0,8 faiz, amma əvəzində büdcə xərclərində 15 faizlik, kreditləşmədə 18 faizlik, investisiya qoyuluşlarında 17 faizlik artım. Bu genişlənməni maliyyələşdirmək üçün manatla pul bazasında 10 faizlik artım. Əmtəə idxalında 24 faizlik (11 ayın nəticəsinə görə), xidmət idxalında 12 faizlik (9 ayın nəticəsinə görə)”.

Ekspert qeyd edib ki, bu, yüksək təbii resurs qiymətləri hesabına izafi qazanclarla iqtisadiyyata pul pompalamaqla məcmu tələbi süni genişləndirməyin yaratdığı mənzərədir:

“Amma çox dayanıqsız, riskli və qeyri-məhsuldar iqtisadi tablodur. Mərkəzi Bank sənəddə orta aylıq əmək haqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artmasını da uzunmüddətli dövrdə inflyasiya riskləri baxımından təhlükə sayır.

Bu o vəziyyətdir ki, biznesin əmək haqqı xərcləri istehsalın bir işçiyə düşən həcminin artım tempindən daha sürətlə artır. Məsələn, 1 işçiyə düşən istehsal həcmi 2 faiz artır, amma maaş fondu 10 faiz. Bu vəziyyət təkcə inflyasiyanı tətikləmir, uzunmüddətli dövrdə biznesi də çökdürür.

Amma bu, təkcə maaş-əmək məhsuldarlığı məsələsi deyil: biznesin vergi yükünün ağırlaşması da onun istehsal potensialının, əmək məhsuldarlığının artımına adekvat olmalıdır. Əgər qiymət amilinin təsiri nəzərə alınmazsa, vergi yükü istehsalın artımını əhəmiyyətli dərəcədə üstələyirsə, çox keçməz biznes müflisləşər. Məsələn, 2023-də (11 ayın nəticəsi) Azərbaycanın qeyri-neft sektorunun 3 faizlik böyüməsi müqabilində vergi ödəmələrinin 20 faiz artdığı deyilir. Əgər hətta bunun 10 faizlik hissəsi qiymət amili ilə bağlı olsa belə, yenə də biznesin vergi yükünün artım tempi onun böyümə tempini az qala 3 dəfə üstələyir. Mərkəzi Bank fiskal genişlənmənin bu şəkildə baş verməsinin də inflyasiya riski yaratmasını gözardı etməməlidir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR