İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə baş verənlər - valideynlər niyə özlərini kənara çəkir?

1860 10.12.2021 09:10 Ölkə A A

Son zamanlar məktəblərdə şagirdlərin özbaşınalığı məsələsi müzakirə obyektinə çevrilib. Müəllimlərin belə öhdəsindən gələ bilmədiyi uşaqların olduğu danılmaz faktdır. Dekabrın 6-da 282 saylı məktəbə bıçaq gətirib hamını hədələyən, müəllimləri söyən şagirdlə bağlı məlumat yayıldı.

Qeyd edilir ki, məktəbin 7-ci sinfində təhsil alan şagird sinifdə şalvarını çıxarır, qızları küçə söyüşləri ilə təhqir edir, müəllimləri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir. Valideynlər polisə müraciət etsələr də, anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edir.

Paytaxtın Suraxanı rayonu 282 saylı orta məktəbində nizam-intizam qaydalarının kobud şəkildə pozulması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) açıqlama yayıb.

Qurumdan bildirilib ki, 282 nömrəli tam orta məktəbin şagirdi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır: “Qeyd edək ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür”.

Qeyd edək ki, məktəblərdə şagirdlərin davranış qaydaları ilə bağlı şikayətlər artıb. Buna səbəb kimi məktəblərdə nəzarətin az olduğu haqda iddialar var. Bəs uşağını məktəbə yola salan valideynin məsuliyyəti harada qaldı? Valideyn uşağını məktəbə yola salmaqla işini bitmişmi hesab edir?

Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik. Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat” a bildirib ki, hazırda insanların bir-biri ilə davranışlarında sərtlik, aqressivlik müşahidə edilir: “İstər Bakı, istərsə də regionlarda zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır. Son vaxtlar ictimai nəqliyyatda sürücü-sərnişin davaları da problemi pik həddə gətirib. Demək olar ki, cəmiyyəti aqressiyalar öz ağuşuna alıb. Təəssüf ki, bunu biz təhsil müəssisələrində, orada işləyənlərə qarşı da hiss edirik.  Aqressiya ailədən qaynaqlanır. Ardınca orta məktəbdə inkişaf edir.  Təhsilin bünövrəsi qoyulanda bu nüanslara diqqət etmək lazımdır. Təhsildə aqressiya şagird - müəllim münasibətlərinin cəmiyyətin durumuna mənfi təsir göstərir. Müəllimlərin düzgün tərbiyə metodundan çox şey asılıdır. Artıq məktəbdə də böyüyən uşaqda aqressiya formalaşdıqdan sonra bu, sadəcə, məktəb daxilində olmur. Yavaş-yavaş əhatə dairəsi genişlənir”.

Kamran Əsədov: -Yeni qərardan sonra təhsil sistemində nələr olacaq?

“Əgər normal tədris mühiti pozulursa, buna görə mütləq cəzalar olmalıdır” - Kamran Əsədov

Ekspert əlavə edib ki, son dövrlərdə ali məktəblərə qəbul, buraxılış imtahanlarındakı uğursuzluqlar bilavasitə cəmiyyətin müəllimə, məktəbə, təhsilə münasibətini dəyişir: “Müəllimlərin repetitor kimi pul yığması, bəzi məktəblərdə idarəetmədəki boşluqlar təhsil üçün ciddi problemlər yaradıb. İbtidai və orta məktəblərdə, xüsusən də yuxarı siniflərdə şagird nizam-intizamına nəzarət və sağlam mənəvi mühitin yaradılması olduqca çətindir. Aydın məsələdir ki, bütün dünya bu problemdən əziyyət çəkir. Əksər ölkələrdə məktəbdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir, məktəblərdə psixoloq işi və sosial iş təşviq olunur. Azərbaycanda da bu mövzu günü-gündən aktuallaşır. Nəzərə almaq lazımdır ki, heç bir direktor və ya müəllimin həddini aşaraq şagirdi şəxsi və ailə vəziyyətinə görə mühakimə etmək, alçaltmaq, köməkdən məhrum etmək və məktəbi meşə qanunları ilə idarə etmək hüququ ola bilməz. Belə bir məsələdə  hüquqi bazanın zəif olması bəhanəsinin arxasında gizlənmək vicdansızlıqdan başqa bir şey deyil. Ümumiyyətlə, mən tərəfdarıyam ki, hər kəs öz vəzifə səlahiyyəti çərçivəsində nə isə etməyə çalışsın. Əksərən vəziyyət belədir: yığışıb bütün günü şikayət etmək və özünün dəyişə bilməyəcəyi məsələləri təkrar-təkrar müzakirə etməklə yerlə-göylə əlləşmək. Aydın məsələdir ki, orta məktəb müəlliminin nə qanunu dəyişmək, nə də yeni bir proqram həyata keçirmək səlahiyyəti yoxdur.

Məktəbdə aqressiya məsələsində orta məktəb müəllimlərinin istisnasız hər birinin mənəvi və vəzifə öhdəlikləri var. Hər zaman və hər yerdə səsləndirilən “maaşımız azdır” arqumenti burada qətiyyən keçmir. Bu öhdəliklər maaşın azalıb-çoxalması ilə mütənasib ola bilməz. Unutmayaq ki, müəllimin az maaş almağının cəzasını şagirdləriniz çəkməli deyil.

Son günlər məktəblərdə baş verən hadisələri təhlil edəndə görürük ki, qaydaları pozan sinifdə zorakılıq edənlər adətən oğlanlardır. Ancaq görünür, zaman dəyişir. Birinci sinfimizdə qız heç kimi təqib etmir. Nə müəllim, nə də məktəbəqədər müəllim onun öhdəsindən gələ bilir. Amma onlara hansısa sərt cəzanı vermək mümkün deyil, buna bizim humanist təhsil sistemimiz icazə vermir. İdarə olunmayan şagirdi psixoloqa göndərmək də qeyri-mümkündür, çünki bunun üçün mütləq valideynlərin razılığı lazımdır, lakin onlar bunu vermirlər - onlar düşünürlər ki, onların gözəl övladı var və hamı, sadəcə, onu seçir.

Normal uşaqlar problemli uşaqların girovuna çevrilirlər. Buraxılış sinfinə kimi kobudluğa dözməli olan və uşağı sinifdən qovmağa belə haqqı olmayan müəllimi demirəm, çünki “harada əyləşəcəyini bilir”, halbuki dərs zamanı müəllim onun həyatına cavabdehdir. Belə çıxır ki, “zorba”nın “həyatı və sağlamlığı” müəllimin və ya sinif yoldaşlarının həyatı və sağlamlığından daha vacibdir. Daxili intizam qaydaları şagirdlərin həyat və sağlamlığının təminatına, tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə, hər bir şagirdin uğurlu təliminə köməklik edən, normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə, davranış mədəniyyətinin və ünsiyyət bacarıqlarının inkişafına istiqamətlənib. Əgər normal tədris mühiti pozulursa, buna görə mütləq cəzalar olmalıdır. Mövcud fakt məktəbdə idarəetmənin normal olmadığını, şagirdlərlə işin düzgün qurulmadığını göstərir".

Elçin Əfəndi: "Mən çox təəssüf hissi ilə qeyd edirəm ki..."

“Bəzən valideyn övladını məktəbə, hazırlığa göndərir, işini bitmiş hesab edir”- Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi də məsələ ilə bağlı “Yeni Müsavat” a fikirlərini açıqlayıb: “Təəssüflər olsun ki, məktəblərdə baş verən proseslər sonuncu hadisə deməzdim, bundan əvvəlki dövrlərdə də belə hadisələr olub və indi də hazırda baş verir. Bütün bunlar deməyə əsas verir ki, insanların, xüsusilə də şagirdlərin pandemiyadan sonra məktəblərə adaptasiya olması ilə bağlı problemlər ötən dövrlərə nisbətən daha da artıb. Burada başlıca olaraq təbii ki, şagirdlərin daha çox məsuliyyətsiz olmalarıdır. Paralel olaraq valideynlərdə məsuliyyət hissi olmalıdır. Üstəgəl, məktəblərdə ümumi nəzarətin təşkilində müəyyən problemlər var. Hazırda şagirdlərin daha çox telefondan asılılığını müşahidə edirik. Onların telefon aludəçiliyi həddindən artıq çoxdur və müvafiq olaraq da bu telefon aludəçiliyi xüsusi platformalarda, yəni sosial platformalardan istifadə etmələrindən qaynaqlanır. Yəni artıq şagirdlər bir növ hər bir anlarını çəkib müvafiq platformalarda paylaşmağa üstünlük verirlər. Təkcə bu, kifayət etmir. Eyni zamanda siniflərdə, məsələn, dərsdənkənar hadisələr baş verir. Şagirdlər dərs oxumaq əvəzinə müəyyən oyunlar oynayırlar. Xüsusilə də qumar oyunları kimi, kart oyunu oynayırlar. Təəssüflər olsun ki, bu kimi hadisələr günbəgün artır. Hətta məktəb dəhlizlərində yuxarı sinif şagirdlərinin siqaret çəkmələri faktları həddən artıq çoxdur.  Bütün bunlar isə onu deməyə əsas verir ki, valideyn məsuliyyətsizliyi, həm də məktəblərdə  nəzarət mexanizminin təşkilində problemlər var. Əgər valideyn övladını məktəbə altı saatlıq müddətə göndərirsə, burada həmin saatlarda mütləq məktəb nəzarət etməlidir. Eyni zamanda evdə olduğu müddətdə də valideyn nəzarət etməlidir. Pandemiyadan sonrakı vəziyyəti, cəmiyyətin durumunu əvvəlki dövrlə müqayisə etsək, görərik ki, insanlar daha çox qazanc əldə etmək üçün evdən çıxırlar, övladlarına düzgün tərbiyə vermirlər. Düzdür, bu, bütün valideynlərə şamil olunmur. Bəzən valideyn övladını məktəbə, hazırlığa göndərir, işini bitmiş hesab edir. Valideyn övladının hər anında onunla maraqlanmalıdır. Məktəbə kiminlə gedir-gəlir. Sinif yoldaşları kimlərdi, bütün bunlar haqqında informasiyaya sahib olmalıdır. Təəssüflər olsun ki, bu gün belə neqativ halları görürük və müşahidə edirik. Burada məsuliyyət təkcə BŞTİ və Təhsil Nazirliyinin üzərində deyil, məsuliyyət eyni zamanda təhsil müəssisələri rəhbərlərinin, təşkilatçılarının, təlim-tərbiyə üzrə direktor müavinlərinin və daha çox  valideynlərin məsuliyyətidir”.

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) ünvanladığımız sorğuya da cavab verilib. Qurumdan bildirilib ki, paytaxt məktəblərində BŞTİ tərəfindən həssas qrupa daxil olan şagirdlərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideynlər və şagirdlərlə mütəmadi olaraq maarifləndirici işlər aparılır. Məktəblərdə psixoloji, hissi-emosional vəziyyətinə görə həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görülür. Eyni zamanda məktəblərdə valideynlər üçün uşaqların yaş, psixoloji və fizioloji xüsusiyyətlərinə dair maarifləndirmə tədbirləri təşkil olunur, valideynlərin məktəb həyatında, övladlarının təlim-tərbiyəsində yaxından iştirakı təmin edilir və məktəb-icma münasibətləri inkişaf etdirilir. Burada əsas məqsəd məktəb-valideyn əlaqələrinin bilavasitə şagirdlərin mənafeyinin qorunmasına yönəldilməsindən ibarətdir. Ötən tədris ilində ümumi təhsil müəssisələrinin VI-XI sinif şagirdləri ilə “Yeniyetməlik dövründə şagirdlərin yaş böhranı ilə əlaqədar qarşılaşdıqları problemlər və onların həlli yolları” mövzusunda maarifləndirici seminarlar təşkil olunub. Təlimə Dəstək Mərkəzinin psixoloqu tərəfindən keçirilən seminarlarda şagirdlərə hədəfi düzgün təyin etmək, məqsədə çatmaq, özünə inamı artırmaq, həyəcanı dəf etmək, özünənəzarəti və özünütərbiyəni gücləndirmək kimi məsələlərə toxunulub. Yeniyetməlik dövrünün çətinlikləri mövzusunda seminar iştirakçıları ilə fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib. BŞTİ tərəfindən paytaxt üzrə ümumi təhsil müəssisələrində məktəb psixoloqlarının fəaliyyəti mütəmadi olaraq izlənilir, monitorinqlər keçirilir. Monitorinqlərin keçirilməsində məqsəd məktəb psixoloqlarının peşəkar ehtiyaclarını müəyyənləşdirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini öyrənməkdən ibarətdir. Monitorinqlər nəticəsində  məktəb psixoloqlarının fəaliyyətinin təkmilləşdirilməsi, iş şəraitinin yaxşılaşdırılması və iş prosesinin səmərəliliyinin artırılması üçün görüləcək işlər müəyyənləşdirilir.

Həmçinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində vaxtaşırı psixoloqlarla görüşlər keçirilir. Görüşlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir. Görüşlər zamanı BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili üzrə metodistləri “Məktəbdə psixoloji xidmətin təşkili” mövzusunda təqdimatlarla çıxış edirlər".

Afaq MİRAYİQ,
'“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR