İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhəmməd Hatəmi Tantəkin: “Bayılda Elçibəylə vuruşduq”

10057 17.11.2013 08:30 Müsahibə A A

 











“Bu gün də xalqa Hatəmi kimi lider lazımdır”



Onunla Milli Dirçəliş Günü ərəfəsində söhbət etməyimizi zəruri edən səbəb bəllidir. Hərəkat dövrünün canlı əfsanələrindən olan bir insanı xatırlamaq, onunla həmsöhbət olmaq həm də mənəvi borc anlamını daşıyır. Ömrünün 80-ni haqlayan vədəsində meydan hərəkatını birgə xatırlamaq, onun rəhbərlik etdiyi “Qızılbaşlar”dan, Elçibəydən, Xəlil Rzadan danışmaq, acılı-şirinli, amma şərəfli mücadilə dövrünə birgə ekskurs etmək istədik.


Ev ünvanını yerli-yataqlı desə də, bizi qarşılamaq üçün binanın qarşısına düşüb gözləyirdi hərəkat liderlərindən olan Məhəmməd Hatəmi Tantəkin. Böyük hərəkatçının, canlı tarixin sadə, kasıb mənzilinə daxil olub, söhbətə başlayırıq.

- Məhəmməd bəy, milli hərəkatın 25-ci ildönümündə düşüncələrinizi bilmək istədik...

- Yox, milli hərəkat 1988-ci ildən yox, 1987-ci ildən başlayıb. Bunu “KQB”-nin polkovniki də deyib ki, (masa üzərindəki “Yeni Müsavat”da sabiq MTN əməkdaşı Eldəniz Quliyevin müsahibəsini göstərir-E.P.) xalq hərəkatı “Çənlibel”dən başlayıb. Bu quruma mən rəhbərlik edirdim, işin içindəydim. Xalq Cəbhəsi isə 1988-ci ilin iyununda Əbülfəzin, Zərdüştün, digərlərinin rəhbərliyi ilə yaranıb. “Çənlibel” isə 87-nin fevralında yaranıb, mən bu barədə kitabımda yazmışam.

- Amma sizinlə cəbhəçilər arasında nifaq olub. Bunun səbəbi nə idi?

- Mən lap əvvəllər Əbülfəzlə (Elçibəy-red.) dost idim. 70-ci illərdə tutuldu, sonra azad edildi, baxdım ki, onun fikirlərində fərqlər yaranıb. Bizim mübahisəmiz də əsasən Heydər Əliyevlə bağlı olurdu. Dedim Əbülfəz, axı sən mənimlə eyni fikirdəydin, indi nə oldu o, milli qəhrəman oldu? “Çənlibel” yarananda da dedim Əbülfəz, gəl səni bu təşkilata rəhbər qoyum, işin yoxdur, mən səni böyüdəcəyəm. Əbülfəz dedi yox, mən o zaman ərizə yazmışam ki, bundan sonra siyasi işlərlə məşğul olmayacağam. Bununla da əlaqələrimiz zəiflədi. Elə-belə də, salaməleyk, əleykəsalam. Bəzən çayxanada yanaşı oturub çay içərdik. Amma buna baxmayaraq 1 illik prezident ki oldu, vəzifəsinin icrasına başlamasına bir gün qalmış televiziyada etdiyi çıxışında məni yaddan çıxartmadı, adımı dəfələrlə çəkdi, dedi ki, Hatəmi bu işləri görüb, biz onu yaddan çıxartmayacağıq.

- Cəbhə hökumətində vəzifə tutmaq təklifi almışdınız deyəsən. Sizsə “KQB”-ni istəmişdiniz...

- Elə olmayıb. Bir gün Tağı Xalisbəyli gəldi ki, sən həmişə məndən qaçırsan, sənə düşmənəm, ya dost. Əvvəllər yaxın münasibətlərimiz vardı axı. Ona dedim ki, iş başında olanda bu “KQB”-ni verəydiniz mənə, Əbülfəz ömrü boyu prezident olardı. Tağı dedi ki, Əbülfəz bəyin əlində nə var idi ki...(gülür)

- 17 noyabr Azadlıq meydanında izdihamlı mitinqlərin başladığı və Milli Dirçəliş Günü kimi tarixə düşən gündür. Həmin günü necə xatırlayırsınız?


“Dedim, mən alim olmaq istəyirəm, agent yox”


- Həmin gün qala qapılarının qarşısına mitinq təyin olunmuşdu. Təşkilatçılar Ənvər Əliyev və başqaları idi. Mən camaatı yığıb indiki Neftçilər prospekti ilə Azadlıq meydanında gətirdim. Daha sonra tribunaya çıxdım. Deyəsən, general Məmmədov idi, ha istəyirdi ki, məni aşağı salsın, bacarmırdı. Sonra hardansa bilmişdilər ki, Şirməmməd Hüseynov mənim müəllimim olub, onu göndərdilər məni aşağı salsın. Ancaq yenə də tribunadan aşağı düşmədim. Sonra Ənvərgil gəldi, o dedi mitinqi biz təşkil etmişik, biz də rəhbərlik edəcəyik. Dedim buyur. Onlar mitinqi iki gün idarə etdilər. Ancaq necə təpinmişdilərsə, iki gün sonra dedi yox, mən mitinqə rəhbərlikdən imtina edirəm. Daha sonra Nemət, Sabir, Əbülfəz, Tağı Xalisbəyli və Tarixpeyma İsmayıl (əslən güneyli, Universitetin hüquq müəllimi) meydanın dağılmasını istədilər. Ənvər kitabında yazıb ki, Hatəmi ilə Nemət meydanı dağıtmaq istəyirdilər, mən qoymadım. (gülür) Qətiyyən belə şey olmayıb, saxtakarlıqdır. Bir deputat yazıb ki, Heydər Əliyev Naxçıvandan gələndə mən onu qarşılamışam. Tamamilə yalandır, mən hara, Heydər Əliyev hara. Ömrüm boyu onun əleyhinə olmuşam. Əbülfəzlə də elə onun üstündə ayrılmışıq. Ənvər də yazıb ki, guya mən meydanı dağıtmaq istəmişəm, o qoymayıb. Əksinə, meydanı dağılmağa mən qoymamışam, mitinq dekabrın əvvəlinə qədər davam edib.

- Mitinqin sonrakı günlərini necə xatırlayırsınız?

- Axıra qədər orda oldum. Meydanı dağıtdılar, mənə də bir “dubinka” vurdular. Tutuldum və Bayıl türməsinə aparıldım. Həmin gün Əbülfəz də ordaydı, heç gecələr meydanda qalmazdı. Amma meydan dağıdılan gecə ordaydı və Əbülfəzi də tutdular. Özü də Bayılda bir kameraya düşdük. Nemət qaçmışdı, sonradan onu tutub Şüvəlana aparmışdılar.

- Elçibəylə nə danışırdınız?

- Vuruşduq.

- Hətta məhbəsdə də?

- Hə. Elə şeylər danışırdı ki. Dedim sənin danışdıqlarını Vəzirov da danışır. Demokratiyadan danışırdı. Hətta onun yaymaq istədiyi “bəy” sözü yayılmadı, sonra onu “Çənlibel”də mən yaydım. Əbülfəzlə Bayılda 5 gün qaldıq, sonra bizi “Qaraşəhər”ə köçürtdülər. Tutulanlar arasında Mənsur Əlisoy, başqaları da var idi. Musiqi məktəbinin uşaqları da çox idi. Bayılda olanda camaat bizim kameraya o qədər yemək daşıyırdı ki, tərpənməyə yer yox idi. Biz də çay, yemək, siqareti bütün türməyə paylayırdıq. Digər “zon”lara da xəbər yayılmışdı, deyirdilər bunlar demokrat adamlardır. (gülür)

- Məhəmməd bəy, sizcə, həmin o meydan günləri Azərbaycan xalqına nə qazandırdı?

- Çox böyük hadisə idi. Elə bir hadisə idi ki, bütün Azərbaycanı hərəkətə gətirmişdi. Nemət meydanda nə danışmışdısa, hamısını “Çənlibel”də məndən götürmüşdü. Mən “Çənlibel”ə Neməti, Bəxtiyar Tuncayı, Firidun Cəlilovu gətirmişdim. Sabir Rüstəmxanlını məruzə eləməyə gətirmişdim. O vaxt çox adamı cəlb eləmişdim. Meydan hərəkatı bütün Azərbaycanı ayağa qaldırdı. Azərbaycanın elə bir ucqar kəndi yox idi ki, ordan meydana ərzaq göndərilməsin. Proseslər tam milli hərəkat şəklini almışdı. Hətta Moskva dəhşətə gəlmişdi. Qorbaçov şoka düşmüşdü ki, bu hardan çıxdı?

- Bu gün də Qarabağ işğalda, növbəti işğal təhlükəsi yaranıb. Amma həmin kütləvi aksiyalardan əsər-əlamət yoxdur. Bunun resepti nədir?

- Mənim dövrümdə milli azadlıq hərəkatı tamam başqa cür idi, təmizlik var idi, sonrakı mərhələdə “KQB”-yə bağlı adamlar da gəldi və vəziyyət dəyişdi. 20 yanvara qədər hərəkatda milli məsələ yox idi, bunu Yusif Səmədoğlu da yazıb. Onlar həqiqətən də Qorbaçev kimi demokratiya söhbətini ortaya atmışdılar.

- Milli məsələni də qaldırana ekstremist damğası vururdular...

- Onu bizə deyirdilər, bununla bağlı o qədər material var ki. 20 yanvarda ruslar insanlarımızı qırandan sonra Əbülfəzgil bizim ideyaların tərəfinə keçdilər.

- Sizin adamlar niyə “Qızılbaşlar” adlanırdı?

- Onu mən eləmişdim. (məmnunluqla gülür) Qızılbaşlar Şah İsmayıl dövründən gəlir. Cənubi Azərbaycanda bir milli hərəkat olanda ən qabaqda gedən radikal qüvvə həmişə Qızılbaşlar olub. Biz də başımıza qırmızı lent bağlamışdıq ki, rusa qarşı ən radikal qüvvə bizik. Ancaq iddia etdilər ki, guya mən şiəliyi yayıram. Amma mən hara, şiəlik hara, din hara. Mən indi də belə şeyləri qəbul etmirəm.

- İctimai-siyasi proseslərdən qəfil çəkildiniz. Səbəb nə oldu?

- Bu seçkilərdə mənə dedilər gəl səni prezidentliyə namizəd verək. Öz aramızdır, mənim xalq içərisində hörmətim var. Çünki siyasi fırıldaqçı olmamışam, əlimə mal-mülk gətirmək üçün çalışmamışam. Ancaq mənə prezident təqaüdü vermədilər. 35 il Akademiyada işləmişəm, amma orda işlədiyimə görə mənə pensiya vermirlər. Odur ki, tamam kənara çəkilib öz içimdə yaşayıram. Milli hərəkat dövründə də mən tərəfdən xalqa qarşı heç bir nöqsan olmayıb.

- Prezidentliyə namizəd olmağa yaşınız mane oldu?

-  Yox. Cəmil Həsənlinin üstünə düşmüşdülər e, ağır ittihamlar yağdırırdılar. Bəy, mən istəmərəm ki, ünvanıma efirdən elə sözlər desinlər. Səsverməyə getmədim. Amma Cəmil Həsənlinin namizədliyini ilk dəfə mən vermişəm, mətbuatdan onu müdafiə etməyə çağırdım.

- “Yeni Müsavat” da daxil olmaqla müstəqil mətbuata qarşı təzyiqlər haqqında nə deyə bilərsiniz?

- Hökumət həmişə azad mətbuata təzyiq göstərib, onu sıxıb. İnciməyin, siz əvvəlki kimi kəskin yazmırsınız. Amma buna baxmayaraq təzyiqlərə məruz qalırsınız. Amma mən imkan dairəsində qəzetinizi oxuyuram, həmfikirlərimizi, dostlarımızı da qəzetə dəstək olmağa çağırıram.

- Rusiya yenə də Azərbaycanda hakimi-mütləq olmaq üçün açıq təzyiqlərə başlayıb. Bu vəziyyət haqda nə deyə bilərsiniz?

- Ruslar heç vaxt bu fikirdən geri durmayacaqlar.

- Hansısa şərtin müqabilində buna getmək olarmı?


“Arzu edirəm ki, Cənubi Azərbaycan heç olmasa Şimali Azərbaycan qədər azad olsun”



- (qətiyyətlə) Yox, bəy, xəyanətdir!!! Milli hərəkatın nə etdiyi barədə ki, sual verdin e. Milli hərəkat bu xalqa elə məktəb qoyub gedib ki, indiyə qədər kimsə cızığından çıxa bilmir. Hətta yuxarılar da bir iş görəndə hardasa çəkinirlər. Bu gün də xalqın başında Hatəmi kimi lider lazımdır. Mənim artıq 79 yaşım var, yaşım keçib. Müxalifət liderləri on illərdir proseslərin başındadırlar. Nə iş görüblər?

- İmkan vermirlər.

- Məgər mənə imkan verirdilər? Məni üç dəfə əmrlə Akademiyadan qovublar. Axırda da Xəlil Rza ilə bir yerdə tutub apardılar, 9 ay Lefortovada yatdıq. Etibar Məmmədov, Rəhim Qazi də ordaydı. Deyirdilər ki, guya onlar da mənimlə bir yerdədir. Dedim a bala, onlar məni, mən də onları tanımıram. Amma Xəlil mənimlə olub. Nöqsanlarına baxmayaraq mən həmişə onu milli adam hesab eləmişəm.

- 17 noyabr Milli Dirçəliş günü ərəfəsində Nemət Pənahlının həbsdə olması yəqin sizə təsir edir...

- Yox, eləmir. Nemət parlamentdə kimi tərifləyirdi? Heydər Əliyevi. İndi onu kim tutub? Özünün gördüyü işlərin cəzasını çəkir. Təriflədin, indi buyur, ailə-uşağı tökülüb qalıb, özünü də türmədə döyüblər. Ona sadəcə acıyıram. “Çənlibel”də mənimlə bir yerdəydi, amma sonra məndən ayrıldı.

- “KQB” arxivlərində sizin də haqqınızda nələrsə olmamış deyil.

- Orda məndən çox materialı olan var? Bir dəfə məni “KQB”-yə çağırdılar. Namiq Abbasovla həmin bu polkovnik Eldəniz Əliyev idi. Üstümə qışqırdı. Dedim məni yaxşı tanımırsınız, ona görə üstümə qışqırırsınız. Qışqırmaqla mənə neyləyəcəksən? Məni tutub divara mismarlayacaqsan, ya qıçımı sındıracaqsan? Mən bunlardan qorxanam? Bunlar istəyirdilər məni ələ alsınlar. Gördülər yox, məndən onlara adam çıxmaz. Namiq Abbasova dedim ki, mən səni çox yaxşı tanıyıram. Təəccübləndi. Dedim sən Səfər və Yalçınla birgə oxumamısan? Bunu deyən kimi sifəti dəyişdi. Dedim sənin bir dostun da var idi, səndən bir kurs aşağıda oxuyurdu, həmişə sənə milli fikirlər aşılamağa çalışırdı, o danışırdı, sən qulaq asırdın. (gülür) Soruşdu “o, kim idi”. Dedim Hatəmi. Bunu deyən kimi məni tanıdı. Nə qədər çalışdılar ki, mənə bir telefon nömrəsi versinlər, problemim olanda onlara zəng edim, götürmədim. Dedim başdan-ayağa problem içindəyəm. Birdən zəiflik eləyib zəng edərəm, bunlara da elə o lazımdır. Heyrətləndilər ki, “ayə, bizim telefonumuz üçün ölürlər, sən buna bax”. Bir dəfə də bir rus dalımca Akademiyaya gəlmişdi, çox çalışdı məni ələ alsın. Dedim mənə bax, mən alim olmaq istəyirəm, agent yox.

- 1976-dan Tantəkin təxəllüsünü daşıyırsınız. Niyə Tantəkin?

- Səhər işığı. Dan təkin. Türklər tan təkin deyir. Axı mən 16 il türk dilini, folklorunu araşdırmışam. Gözəl bir məqalə yazmışdım. Məmməd Rahim mənə “pantürkist” adı qoymaq istədi. Amma ərdəbilli Abbas Mirzə var idi, dedi ondan pantürkist çıxmaz, sadəcə bu adı götürüb: Tantəkin.

- Məhəmməd bəy, ən böyük arzunuz nədir?

- Bilirsinizmi, mən Şimali Azərbaycanın niyə azad olunmasını istəmişəm? Həmişə Cənubi Azərbaycandakı azadlıq hərəkatına zərbə burdan dəyib. İstəyirdim ki, bura azad olsun, Cənuba burdan zərbə vuran olmasın. Milli hərəkat başlayanda arzu eləmişəm ki, Pişəvəri hərəkatı kimi Cənubda bir hərəkat olsun, Cənubi Azərbaycanı azadlığa çıxartsın. Qəzetdə də müraciət etmişəm ki, İranı dağıdın, orda öz hökumətinizi yaradın! Düzdür, mən belə hökumət istəməmişəm. Başdan-ayağa korrupsiya hər yeri basıb. Amma arzu edirəm ki, Cənubi Azərbaycan heç olmasa Şimali Azərbaycan qədər azad olsun. Bundan da böyük arzum var: türk dünyasının birləşməsi. Bu gün türk dünyasını məhv ediblər. Hanı Türküstan, param-parçadır. Amma ümidsiz də deyiləm. Türküstan qurulacaq, ancaq bu, Rusiya imperiyasının dağılmasına bağlıdır...

Sonda dünyalar qədər sevdiyi nəvəsi - 1-ci sinif şagirdi Songül balanın masa üzərindəki şəklini göstərib gülür: “Bir də ən böyük arzularım Songül balamla bağlıdır, mənim var-dövlətimdir...”

Elşad PAŞASOY


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR